"Mən buna cavab verməsəm olmaz, çünki Siyavuş müəllim (Siyavuş Novruzov - red.) mənə saxtakar dedi".
Redaktor.az xəbər verir ki, bu sözləri deputat Tənzilə Rüstəmxanlı Milli Məclisin bugünkü iclasında həmkarı Siyavuş Novruzova cavabında bildirdi.
"7 mart tarixi 91-ci ildə SSRİ-nin bərpa olunması ilə bağlı referendumun keçirilməsi ilə bağlı idi. Deputatların cəmi 43-ü, içində Heydər Əliyev də olmaqla Azərbaycanın SSRİ-də təmsil olunmasının əleyhinə səs vermişdilər. Bu da müstəqilliyimizə xidmət etdi. Mən bunu demək istəyirəm, məni yanlış anladı. Mən o zaman bu proseslərin canlı şahidi idim və müstəqilliyimizi qazanan o insanların içində ən çox qadınlarımız ön sıralardaydı. O zaman bax tarixi elə yazırdıq biz, müstəqilliyimizə gedən yolda mübarizə apararaq. Mən çox istəyərdim ki, o bu gün dövlət çevrilişində əli olan, Azərbaycan dövlətinin ən yüksək məqamlarını işğal etmiş Ramiz Mehdiyevin əleyhinə on il bundan qabaq Siyavuş Novruzov bir cümlə deyib, tarix yazaydı", - deyə Rüstəmxanlı həmkarına etiraz etdi.
Aminə ŞAHSUVARQIZI