Cüdo üzrə Azərbaycan milli komandası Meksikanın Qvadalaxara şəhərində keçirilmiş qran-pri turnirində parlaq çıxışı ilə yadda qalıb.
Arena.az xəbər verir ki, bu yarışda Azərbaycan ümumilikdə 7 çəki dərəcəsində 11 idmançı ilə təmsil olunub. Cüdoçularımızdan 9-cu qran-prini medalla başa vurub.
İlk gündə tatamiyə çıxan 4 təmsilçimizdən üçü fəxri kürsüdə yer almağı bacarıb.
Balabəy Ağayev (-60 kq) və Ruslan Paşayev (-66 kq) bütün görüşlərdə qalib gələrək Dövlət Himnimizi səsləndiriblər. Cüdoçularımız final görüşlərində müvafiq olaraq Miçel Auqustu (Braziliya) və Lukas Sahanı (Finlandiya) məğlub edərək qızıl medal qazanıblar.
-60 kq çəki dərəcəsində yarışan digər idmançımız Əhməd Yusifov üçüncü yer yer uğrunda görüşdə fransalı Enzo Jandan üstün olaraq bürünc medala yiyələnib.
Turnirin ikinci günündə millimiz aktivinə daha 3 medal yazdırıb. Olimpiya çempionumuz Hidayət Heydərov (-73 kq) və -81 kq çəki dərəcəsində mübarizə aparan Vüsal Qələndərzadə bütün görüşlərdə qələbə qazanaraq Dünya Cüdo Turu Seriyasına daxil olan yarışda çempionluq sevinci yaşayıblar. Heydərov həlledici görüşdə çexiyalı Husniddin Karimovu, Qələndərzadə finlandiyalı Eetu İhanamakini məğlub edib. Rəşid Məmmədəliyev (-73 kq) isə beynəlxalq turnirin bürünc medalını boynundan asıb.
Sonuncu yarış günündə millimiz daha 3 medal – 2 qızıl və 1 bürünc medal qazanıb.
-100 kq çəki dərəcəsində çıxış edən Olimpiya çempionu Zelim Kotsoyev və ən ağır çəki dərəcəsində mübarizə aparan Uşanqi Kokauri (+100 kq) bütün görüşlərində qələbə qazanaraq çempion olublar. Kotsoyev finalda italiyalı Cennaro Pirelli, Kokauri isə ikiqat Olimpiya çempionu Lukaş Krpaleki (Çexiya) məğlub edib.
Bununla da, cüdoçularımız kişilərin yarışdığı 7 çəki dərəcəsinin 6-da qızıl medal qazanmaqla tarixi nəticəyə imza atıblar.
Ümumilikdə, Azərbaycan millisi qran-prini 6 qızıl və 3 bürünc medalla başa vuraraq 33 ölkə arasında ümumi komanda hesabında birinci yeri tutub.

