“Konstitusiya və Suverenlik İli” çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) Xəzər rayon təşkilatının və Xəzər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 18 Oktyabr – Müstəqilliyin Bərpası Gününə həsr olunmuş tədbir keçirilib.
"Unikal" xəbər verir ki, YAP Xəzər rayon təşkilatının inzibati binasında keçirilən tədbirdə öncə Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olunub, abidə önünə gül dəstələri düzülüb, Ümummilli Liderin əziz xatirəsi dərin ehtiramla yad edilib.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, Xəzər Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Elşən Qurbanov, Ziyalılar Cəmiyyətinin sədri Təvəkkül Səlimov və 156 nömrəli tam orta məktəbin tarix müəllimi Mənzər Ağabəyova 18 Oktyabr – Müstəqilliyin Bərpası Gününün əhəmiyyətindən danışıblar. Bildirilib ki, 2021-ci il oktyabrın 15-də Milli Məclis Prezident İlham Əliyevin təşəbbüsü ilə “Müstəqillik Günü haqqında” yeni Qanunu qəbul edib. Həmin Qanuna əsasən, 28 May – Müstəqillik Günü, 18 Oktyabr isə Müstəqilliyin Bərpası Günü kimi təsdiq olunub.
Son 34 ildə Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, iqtisadi, siyasi və hərbi gücünün artırılması, beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınmağı üçün əvəzsiz işlər görülüb. Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasəti və onun yolunu layiqincə davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bu gün lider dövlətə və etibarlı tərəfdaşa çevrilib.