Azərbaycan Ağsaqqallar Şurası Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) “Konstitusiya və Suverenlik İli” çərçivəsində Müstəqilliyin Bərpası Gününə həsr olunan “Azərbaycanın müstəqillik salnaməsi: Suverenliyə aparan yol” mövzusunda regional konfrans keçirib.
"Unikal" xəbər verir ki, ağsaqqalların, ziyalıların, müəllim və tələbələrin iştiakı ilə ADAU-nun İnzibati binasında baş tutan regional konfransda Dövlət Himni səsləndirildikdən sonra Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı, suverenliyimizin bərpası uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxış edən Dövlət Aqrar Universitetinin rektoru Zəfər Qurbanov konfrans iştirakçılarını salamlayaraq Prezident cənab İlham Əliyev tərəfindən 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi bağlı fikirlərini bölüşüb. Qarşıdan gələn 18 Oktyabr - Müstəqilliyin Bərpası Gününü tariximizin böyük dönüş nöqtəsi kimi dəyərləndirib. O, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edilməsi və suverenliyimizin tam bərpa olunması uğrunda misilsiz qəhrəmanlıqlar göstərmiş Vətən övladlarından söz açıb. Bütün şəhidlərimizi, eləcə də Azərbaycan Dövlət Aqrar Universitetinin məzunu olmuş 30-dan çox şəhidini ehtiramla xatırlayıb. Ölkəmizdə ağsaqqallarla gənclərin vəhdətini yüksək dəyərləndirən Zəfər Qurbanov bu birliyin növbəti təzahürü olan regional konfransın işinə uğurlar arzulayıb.
Sonra Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, təşkilatın Qərb regionu üzrə kuratoru Bayram Yusifov çıxış edərək hər kəsi qarşıdan gələn Müstəqilliyin Bərpası Günü münasibətilə hər kəsi təbrik edib. 1991-ci ildə Azərbaycan xalqının müstəqillik istəyinin həyata keçdiyini bildirən natiq vurğulayıb ki, biz bu müstəqilliyi Ümummilli Lider Heydər Əliyevin sayəsində qoruyub saxlaya bildik. Ulu Öndər dövlətimizi məhv olmaqdan xilas etdi və bu gün Heydər Əliyevin layiqli davamçısı, Prezident cənab İlham Əliyevin qətiyyətli və uzaqgörən siyasəti nəticəsində müstəqil və suveren Azərbaycan dünya səviyyəsində güclü və qüdrətli ölkəyə çevrilib.
Regional konfransda çıxış edən Türkiyənin Gəncə şəhərindəki Baş Konsulunun müavini Yiğit Yalın Soyal, Gəncə Şəhər İcra Hakimiyyətinin nümayəndəsi və digər natiqlər də bu tarixi məkanda – Azərbaycan Xalq Cümhuriyyətinin Gəncədə fəaliyyət göstərdiyi binada Müstəqilliyin Bərpası Gününə həsr olunmuş regional konfransın keçirilməsinin böyük əhəmiyyətə malik olduğunu vurğulayıblar. Ötən əsrin sonunda Azərbaycanın müstəqilliyinin bərpası, Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə Azərbaycanda hakimiyyətə qayıdışından sonra dövlət müstəqilliyimizin qorunub saxlanması uğrunda apardığı qətiyyətli mübarizədən və ölkəmizin əldə etdiyi nailiyyətlərdən, eləcə də ölkə başçısı cənab İlham Əliyevin bu sahədəki uğurlu siyasətindən ətraflı bəhs ediblər.
Tədbirdə Gəncə Şəhər Ağsaqqallar Şurasının sədri, 88 yaşlı professor Nurəddin Məmmədov uzunmüddətli səmərəli fəaliyyətinə və xidmətlərinə görə Azərbaycan Ağsaqqallar Şurasının “Fəxri Ağsaqqal” döş nişanı ilə təltif olunub.
Konfransdan sonra tədbir iştirakçıları Gəncə Memorial Kompleksini ziyarət ediblər. Kompleksdə şəhidlərin xatirəsinə ehtiram əlaməti olaraq abidənin önünə gül dəstələri qoyaraq, Gəncə terroru zamanı həlak olanların ruhuna dualar oxuyublar.