RU

"Şabran rayon icra başçısı 3 ildir pulumuzu vermir" – kənd sakini

BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.

Şabran rayon Uzunboyad kənd sakini Vüsal Muradov Şabran rayon İcra Hakimiyyətinin rəhbəri Asif Hüseynovun onlara olan borcu ödəməməsindən şikayətçidir.

Şabran rayon icra hakimiyyətindən BBC-yə vətəndaşın şikayəti ilə bağlı müraciətin daxil olduğunu və baxılması üçün başçının müavinlərinə yönləndirildiyini bildiriblər.

Lakin məsələ ilə bağlı başçının birinci müavini Hüseyn İlyasovla əlaqə yaratmaq mümkün olmayıb.

Kənd sakini iddia edir ki, anası Səbirə Vəliyeva 2022-ci ildə ümumi dəyəri 10 min 500 manat olan 15 ton toxumluq arpa taxılını icra başçısına nisyə satsa da, hələ də pulunu ala bilmir.

Paylaşımını ötürün YouTube
Google YouTube məzmununa icazə varmı?

Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

Video açılmırsa, YouTube kanalımızda baxın.

Müsahibim iddia edir ki, icra başçısı özü qapıya gəldiyi üçün, ona inanıblar və alış-verişlə bağlı hər hansı sənəd imzalamayıblar.

"Yox, sənəd yox. Elə-belə inandıq da. Dedik daha bu boyda rayonun başçısıdır. Mən onunla sənəd imzalayım, notariusa aparım, qol çəkdirim ki, nisyə verirəm? Elə olmur axı, ay müəllim, ayıbdır. Dedi, verdim. Mən də inandım ki, daha bu boyda rayonun başçısıdır da, yalan danışmaz", - Vüsal Muradov deyib.

1995-ci ildən toxumluq arpa əkməklə məşğul olan Vüsal Muradov ailəsinin bu kiçik təsərrüfatla dolandığını deyir.

Onun sözlərinə görə 3 ildir icra başçısı pulu vermədiyi üçün, artıq sahəsini normal əkib-becərə də bilmirlər.

"İşlərin qızğın vaxtıdır. Texnikalar düzəlməlidir, işlər görülməlidir. Pulumuzu vermir ki, işimizi görək", - kənd sakini bildirib.

Kənd sakini deyir ki, pulu almaq üçün anası Səbirə Vəliyeva Prezident İlham Əliyevə, Baş Prokurorluğa və Dövlət Təhlükəsizlik Xidmətinə yazılı şikayət göndərsə də, ona cavab verən olmayıb.

Baş Prokurorluq vətəndaşın şikayəti ilə bağlı BBC-nin sorğusuna cavab verməyib.

Prezident Administrasiyasının əməkdaşı Habil Əzməmmədov oktyabrın 20-də BBC-yə bildirib ki, icra başçısının vətəndaşı qəbul etməməsi ilə bağlı məsələyə aydınlıq gətiriləcək və gün ərzində kənd sakininin icra başçısı ilə görüşü təmin ediləcək.

Şikayətlə bağlı isə qurumun əməkdaşı deyib ki, vətəndaş problemin həlli ilə bağlı məhkəməyə müraciət etməlidir.

"Burada arbitr məhkəmədir. Hərə öz sübutunu ortaya qoymalıdır. Məhkəmə artıq araşdırmalı və qərar qəbul etməlidir ki, kim burada dələduzluq edib, etibar və inamdan sui-istifadə edib aldadıbdır. Orada şahidlər olacaq da, deyəcək gözümüzün qabağında yığmışıq, aparıbdır. Bir nəfərin işi deyil axı 15 ton taxılı yığmaq. Ona görə vətəndaşa məhkəməyə müraciət etməsi tövsiyə olunur", - Habil Əzməmmədov deyib.

Oktyabrın 20-də ailə deyib ki, BBC-yə şikayətdən sonra onlara Şabran rayon İcra Hakimiyyətinin rəhbəri Asif Hüseynovun Səbirə Vəliyeva və oğlu Vüsal Muradovla görüşmək istədiyi bildirilib.

Избранный
103
bbc.com

1Источники