
Stokholm, 22 dekabr, Nərgiz Cəfərli, AZƏRTAC
Azərbaycan Respublikasının İsveç Krallığındakı səfirliyində səfir Zaur Əhmədovla məşhur isveçli fotoqraf və rejissor Mikael Silkeberq arasında görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin doğulduğu Naxçıvana həsr olunmuş mədəni layihə barədə müzakirələr aparılıb. Bu xüsusda qarşıdakı dövrdə Azərbaycanın dilbər guşəsi qədim Naxçıvanın tarixi-mədəni abidələri və əsrarəngiz təbiətini tərənnüm edən filmin çəkilərək beynəlxalq aləmdə yayılması razılaşdırılıb. Bədii-sənədli film çərçivəsində Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi ilə əməkdaşlıq edilməsi və Naxçıvandan olan aktyorların layihəyə cəlb edilməsi nəzərdə tutulur. Xatırladaq ki, bu ilin noyabr ayında M.Silkeberqin Naxçıvana səfəri zamanı muxtar respublika nümayəndələri ilə bu mövzuda ilkin müzakirələr aparılıb.
Görüş zamanı, habelə M.Silkeberqin Naxçıvana səfəri zamanı çəkdiyi fotoşəkillərin səfirliyin yeni binasında sərgilənməsi və Azərbaycanın qədim tarixi və geniş turizm imkanlarını təşviq edəcək eksponatların sırasına daxil edilməsi razılaşdırılıb.