Mərkəzi Bank maliyyə bazarında informasiya təhlükəsizliyinin və kibertəhlükəsizliyin gücləndirilməsi istiqamətində həyata keçirdiyi kompleks tədbirləri davam etdirir. Bu tədbirlər çərçivəsində Mərkəzi Bank tərəfindən bank sektorunu əhatə edən rəqəmsal fırıldaqçılıq statistikası ictimaiyyətə açıqlanıb.
Qeyd edilib ki, rəqəmsal fırıldaqçılıq statistikasının açıqlanmasının əsas məqsədi ictimaiyyətin kibertəhlükəsizlik sahəsində maarifləndirmə və məlumatlılıq səviyyəsinin artırılmasıdır.
2025-ci ilin birinci yarımilini əhatə edən statistik hesabatda ölkədə fəaliyyət göstərən bütün banklarda baş vermiş fırıldaqçılıq əməliyyatlarına dair məlumatlar təqdim olunub. Statistik məlumatlar banklar tərəfindən Mərkəzi Banka təqdim edilən hesabatlar əsasında formalaşdırılır. Həmin hesabatlarda fırıldaqçılığın əsas və alt növləri, əməliyyatların tipi, zərər məbləği və digər analitik göstəricilər əks olunur.
Hesabatda beynəlxalq təcrübə nəzərə alınmaqla rəqəmsal ödənişlərdən istifadə zamanı fırıldaqçılıq əməliyyatların monitorinqi üçün müəyyən edilmiş müvafiq metrik göstəricilər əsasında dövri ölçmələr aparılıb. Belə ki, hesabatda ölkədaxili və ölkəxarici fırıldaqçılıq əməliyyatları üzrə dövrlər üzrə müqayisəli göstəricilər, o cümlədən əməliyyatların dinamikası və strukturunda müşahidə olunan dəyişikliklər təhlil olunub.
Qeyd edək ki, Mərkəzi Bankın təşəbbüsü ilə 16 may 2025-ci il tarixində rəqəmsal ödənişlər üzrə dələduzluq halları ilə mübarizə tədbirləri çərçivəsində Daxili İşlər Nazirliyinin və bankların nümayəndələrindən ibarət işçi qrupu yaradılıb. Bu qrupun fəaliyyəti rəqəmsal maliyyə ekosistemində informasiya təhlükəsizliyinin və kibertəhlükəsizliyin gücləndirilməsi, qabaqlayıcı tədbirlərin təkmilləşdirilməsi və beynəlxalq təcrübəyə əsaslanan koordinasiyalı fəaliyyətin təmin edilməsinə yönəlib.
Rəqəmsal fırıldaqçılıq statistikasının bundan sonra rüblük əsasda ictimaiyyətlə paylaşılması planlaşdırılır. Statistik hesabata dair daha ətraflı məlumatla bu link vasitəsilə tanış ola bilərsiniz: https://uploads.cbar.az/assets/6c136fad575d5457f608cba34.pdf
XXX
Ödəniş kartları ilə baş vermiş fırıldaqçılıq halları, 2025-ci il, 1-ci rüb,
Ölkədaxili əməliyyatlar:
Kartlarla fırıldaqçılıq əməliyyatlarının sayı: 992
Ümumi məbləği: 430 944 AZN
• Ən yüksək paya malik fırıldaqçılıq kateqoriyası: Hesab/kart məlumatlarının ələ keçirilməsi (68,8%)
Ən yüksək paya malik avadanlıq növü: Elektron ticarət və mobil tətbiq (96,9%)
Ölkəxarici əməliyyatlar:
Kartlarla fırıldaqçılıq əməliyyatlarının sayı: 3628
Ümumi məbləği: 185 910 AZN
Ən yüksək paya malik fırıldaqçılıq kateqoriyası: Kartın fiziki iştirakı olmadan (80,3%)
Ən yüksək paya malik avadanlıq növü: Elektron ticarət və mobil tətbiq (89,7%)
Ödəniş kartları ilə baş vermiş fırıldaqçılıq halları, 2025-ci il, 2-ci rüb
Ölkədaxili əməliyyatlar:
Kartlarla fırıldaqçılıq əməliyyatlarının sayı: 570
Ümumi məbləği: 344 083 AZN
Ən yüksək paya malik fırıldaqçılıq kateqoriyası: Hesab/kart məlumatlarının ələ keçirilməsi (44,47%)
Ən yüksək paya malik avadanlıq növü: Elektron ticarət və mobil tətbiq (99,7%
Ölkəxarici əməliyyatlar:
Kartlarla fırıldaqçılıq əməliyyatlarının sayı: 4798
Ümumi məbləği: 430 104 AZN
Ən yüksək paya malik fırıldaqçılıq kateqoriyası: Kartın fiziki iştirakı olmadan (81,2%)
Ən yüksək paya malik avadanlıq növü: Elektron ticarət və mobil tətbiq (87,3%)