RU

18 trilyon dollarlıq strateji addım – ABŞ-Çin görüşü nə vəd edir?

ABŞ və Çin arasında münasibətlər qlobal iqtisadi və siyasi sabitliyin əsas dayaqlarından biri hesab olunur. ABŞ Prezidenti Donald Trampın Cənubi Koreyada Çin lideri Si Cinpinlə keçirəcəyi gözlənilən görüş beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir. Bu görüş təkcə iki nəhəng dövlətin maraqlarını deyil, həm də qlobal ticarət, enerji təhlükəsizliyi və geosiyasi balans kimi mühüm məsələləri əhatə edəcək. Politoloq Oqtay Qasımov Editor.az-a açıqlamasında bildirib ki, bu danışıqlar həm ABŞ-Çin münasibətlərində yeni mərhələnin əsasını qoya, həm də regional gərginliyin azalmasına töhfə verə bilər.

Politoloq Oqtay Qasımov Editor.az-a açıqlamasında bildirib ki, ABŞ Prezidenti Donald Trampın Çin lideri Si Cinpinlə Cənubi Koreyada baş tutacaq görüşü ikitərəfli münasibətlər baxımından mühüm əhəmiyyət kəsb edir:

 

“Trampın hər iki prezidentlik dövründə Çinlə münasibətlərdə gərginliklər yaşanıb, ticarət müharibəsi aparılıb. Tərəflər qarşılıqlı şəkildə tariflər tətbiq ediblər. Tramp bu addımı ədalətli ticarət balansı yaratmaq və iqtisadi bərabərliyi təmin etmək məqsədilə atdığını bəyan edib”.

Politoloqun sözlərinə görə, ABŞ-ın Çinlə aparacağı danışıqlar Yaponya və Cənubi Koreya ilə münasibətlərdən fərqlənəcək:

“Bu iki ölkə ABŞ-ın təhlükəsizlik himayəsi altındadır, Çin isə artıq qlobal ikinci güc statusuna iddialıdır və Vaşinqtonun təzyiqlərinə adekvat cavab verməyə çalışır. Buna görə də tərəflərin mövqeləri fərqlidir, lakin ortaq maraqlar da kifayət qədərdir”.

Ekspert hesab edir ki, görüşdə ortaq məqamların tapılması və qlobal gərginliyin azaldılması əsas məqsəd olacaq:

“Tramp və Si Cinpin hər iki tərəf üçün iqtisadi və siyasi sabitliyin önəmini anlayırlar. Hər iki lider gərginliyin artmasında deyil, azalmasında maraqlıdır. Bu baxımdan, danışıqların konstruktiv məcrada keçəcəyi gözlənilir”.

Oqtay Qasımov həmçinin vurğulayıb ki, iqtisadi və tarif siyasəti Trampın əlində siyasi təzyiq mexanizmi rolunu oynayır və o, bu alətdən istifadə edərək müəyyən güzəştlər qazana bilib:

“Trampın açıqlamasına əsasən, tarif siyasəti nəticəsində ABŞ iqtisadiyyatına təxminən 18 trilyon dollarlıq investisiya cəlb olunub. Çinlə ticarət balansının bərabərləşdirilməsi ABŞ üçün prioritet məsələdir. Hazırda tərəflər arasında mənfi saldo ABŞ-ın zərəfinədir – yəni ABŞ Çindən aldığı məhsuldan daha az ixrac edir”.

Politoloq qeyd edib ki, Trampın əsas məqsədlərindən biri ABŞ-ı yenidən dünyanın istehsal mərkəzinə çevirmək və ticarət balansını bərpa etməkdir:

“Çinlə keçiriləcək görüşdə tərəflərin qarşılıqlı maraqları nəzərə alınmaqla ortaq qərarların qəbul olunacağı ehtimalı böyükdür. Əgər bu baş verərsə, danışıqlar həm ABŞ-Çin münasibətlərində, həm də qlobal iqtisadi sabitlikdə yeni mərhələnin başlanğıcı ola bilər”.

//Gülnarə Abasova, Editor.az

Избранный
86
editor.az

1Источники