RU

Azərbaycan-Serbiya biznes-forumu keçirildi - FOTO

Serbiyanın paytaxtı Belqrad şəhərində Azərbaycan ilə Serbiya arasında Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın IX iclası və Azərbaycan-Serbiya biznes-forumu keçirilib.

Maliyyə Nazirliyindən Bizim.Media-ya bildirilib ki, iclasdan əvvəl Azərbaycan nümayəndə heyəti Belqradın Taşmaydan parkında Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyub, Ulu Öndərin xatirəsini ehtiramla yad edib.
 

Komissiyanın həmsədrləri – Azərbaycanın maliyyə naziri Sahil Babayev və Serbiyanın mədəniyyət naziri Nikola Selakoviç arasında iclasdan əvvəl keçirilən təkbətək görüşdə iki ölkə arasında iqtisadi, ticarət, enerji, nəqliyyat və informasiya texnologiyaları, gömrük, kənd təsərrüfatı, turizm, sosial müdafiə, səhiyyə, təhsil, mədəniyyət, gənclər və idman, eləcə də qida təhlükəsizliyi sahələrində əməkdaşlığın mövcud vəziyyəti və yeni imkanlar ətraflı müzakirə olunub, Komissiyanın IX iclasının gündəliyinə dair fikir mübadiləsi aparılıb.


Nümayəndə heyətlərinin iştirakı ilə keçirilən komissiyanın iclasında çıxış edən S.Babayev iki ölkə arasında strateji tərəfdaşlığın qarşılıqlı etimada, dostluğa və hörmətə əsaslandığını vurğulayıb.

Enerji əməkdaşlığı iki ölkə münasibətlərinin əsas istiqamətlərindən biri kimi komissiyanın iclasında diqqət mərkəzində olub.
 

İclas başa çatdıqdan sonra S.Babayev və N.Selakoviç tərəfindən Azərbaycan ilə Serbiya arasında Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın IX iclasının nəticələrinə dair protokol, həmçinin Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov və Serbiya İnkişaf Agentliyinin Beynəlxalq əməkdaşlıq sektorunun direktoru Nikola Yankoviç tərəfindən Anlaşma Memorandumu çərçivəsində fəaliyyətlərin icrası üzrə Yol Xəritəsi imzalanıb.


Daha sonra həmsədrlər mətbuat nümayəndələrinin suallarını cavablandırıb.

Mətbuat konfransı bitdikdən sonra dövlət və özəl sektor nümayəndələrinin iştirakı ilə Azərbaycan-Serbiya biznes-forumu keçirilib. Forumda Sahil Babayev və Nikola Selakoviç çıxış ediblər.

Forum çərçivəsində iş adamları arasında ikitərəfli görüşlər keçirilib, qarşılıqlı maraq doğuran sahələr üzrə əməkdaşlıq imkanları və birgə layihələrin həyata keçirilməsi perspektivləri müzakirə olunub.

AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev biznes-forumda çıxış edib.

Biznes-forumda ümumilikdə 50-dən artıq şirkət, o cümlədən Azərbaycandan 16 şirkət iştirak edib.







Избранный
97
3
paralel.az

10Источники