RU

Mal dabağından vaxtında müalicə olunmaq lazımdır - bilirsiz nə ola bilər?


Son günlər iri və xırdabuynuzlu heyvanlar arasında dabaq xəstəliyinin sürətlə yayılması cəmiyyətdə ciddi narahatlıq yaradıb. Qeyd edək ki, dabaq xəstəliyi əsasən iri və xırdabuynuzlu heyvanlarda (məsələn, inək, qoyun, keçi kimi) yayılan yoluxucu virus infeksiyasıdır.

Bu xəstəlik heyvanların ayaqlarında, ağız və dodaq ətrafında yaralar, qabıqlar əmələ gətirir, heyvanın hərəkətini çətinləşdirir, qidalanmasını əngəlləyir. Nəticədə heyvan zəifləyir və məhsuldarlıqda azalma olur.

Maraqlıdır, dabaq xəstəliyinin insanlara keçmək ehtimalı varmı? Dabaq xəstəliyi hansı hallarda insana keçə bilər? İnsan sağlığına nə kimi ziyanı ola bilər?

Səhiyyə Nazirliyinin yaydığı məlumatda bildirilir ki, Aərbaycanda son 30 il ərzində insanlar arasında dabaq xəstəliyinə yoluxma halları qeydə alınmayıb: "Dabaq xəstəliyi zoonoz (yəni heyvandan insana keçə bilən) xəstəlikdir və insanlara əsasən xəstə cütdırnaqlı heyvanlarla birbaşa təmas zamanı, eləcə də heyvan mənşəli çiy qida məhsullarının istehlakı nəticəsində keçə bilər. Dabaq xəstəliyinin spesifik müalicəsi yoxdur. Xəstəliyin ictimai sağlamlığa potensial təsirini nəzərə alaraq, təsərrüfatlarda baytarlıq-sanitariya qaydalarına ciddi əməl edilməli, həmçinin insanlar çiy və ya tam bişməmiş heyvandarlıq məhsullarının istehlakından çəkinilməlidirlər".

Asim Vəliyev: “Çiy və ya yarıbişmiş ət yeyərkən, pasterizə olunmamış süd və süd məhsullarını qəbul edərkən, xəstə heyvanla birbaşa təmasda olarkən dabaq xəstəliyinin keçmə ehtimalı çoxdur”

Qida mütəxəssisi Asim Vəliyev “Bakı-Xəbər”ə şərhində bildirdi ki, dabaq xəstəliyi mal-qara, qoyun, keçi, donuz və digər heyvanlarda rast gəlinən yoluxucu və təhlükəli bir xəstəlikdir: "Xəstəliyin əsas əlamətləri yüksək hərarət, ağız və dırnaq nahiyəsində yaralar, heyvanlarda tüpürcək axması kimi əlamətlərdir. Ən təhlükəli məqam isə yoluxmuş heyvandan əldə olunan məhsullardır. Ət və süd insan sağlamlığı üçün risq yarada bilər. Çiy və ya yarıbişmiş ət yeyərkən, pasterizə olunmamış süd və süd məhsullarını qəbul edərkən, xəstə heyvanla birbaşa təmasda olarkən dabaq xəstəliyinin keçmə ehtimalı çoxdur. Bundan qorunmaq üçün əti yalnız baytarlıq nəzarətindən keçmiş mənbələrdən almalıyıq. Küçə kənarında satılan ətlər təhlükəlidir. Həmçinin ət bişirilərkən içərisi tam bişməlidir. Yarıbişmiş və ya çiy ət yeyilməməlidir. Yüksək temperatur dabaq virusunu məhv edir. Süd və süd məhsulları yalnız pasterizə olunmuş və ya yaxşı qaynadılmış formada qəbul edilsə risqi minimuma endirə bilərik. Çiy süd və ondan hazırlanan məhsullar ciddi risq yaradır. Daha sonra xəstə heyvanla təmasdan uzaq durmalıyıq”.

Eyyub Hüseynov: “Dabaq xəstəliyinə tutulmuş heyvanın ətindən bişirilən kababla insana xəstəlik keçə bilər”

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, heyvanlar arasında dabaq xəstəliyi çox geniş yayılıb: “İnsanlar gördükləri yerdən ət alırlar və istisna olunmur ki, dabaq xəstəliyinə tutulmuş heyvanların əti qarışıq şəkildə restoranlarda və ya başqa yerlərdə işlənə bilər. Ona görə də insanlar birinci baxmalıdır, əgər ətin üstü suludursa, kiçik damarlar varsa, bu, dabaq xəstəliyinin əlamətidir. Bundan başqa, ət yaxşı bişirilməlidir, çünki ola bilər ki, dabaq xəstəliyi olan heyvanın əti olsun. Dabaq xəstəliyinə tutulmuş heyvanın ətindən bişirilən kababla insana xəstəlik keçə bilər. Ona görə də bu mövsümdə insanlar yaxşı bişirilmiş ətdən istifadə etməlidirlər. İnsanlar təsadüfi yerlərdən alınan xüsusən süd və qatıq məhsullarından, pendirdən ehtiyatlı olsunlar. Bu məhsullardan da xəstəlik keçə bilər. Ümumiyyətlə, belə bir məsələ var ki, həkimlər insanları, baytarlar isə bütün bəşəriyyəti müalicə edir. Bu doğrudan da belədir. Tarix boyu insanlara keçən xəstəliklərin 75 faizi heyvanlardan keçir. Ona görə də insanlar bu məsələyə çox ciddi yanaşmalıdırlar. Heyvan bazarlarının bağlanması çox vacib məsələdir. İnsanlarımız isə indiki vaxtda bu məsələlərə ciddi fikir verməlidirlər”.

Pərvanə Mustafayeva: “Bu xəstəlik insana keçibsə, adətən fəsadsız ötüşür, ancaq…”

Həkim Pərvanə Mustafayeva “Bakı-Xəbər”ə şərhində bildirdi ki, ət və süd yalnız çiy halda qəbul edildikdə xəstəlik insana yoluxa bilər: “Ət və süd normal qaydada, tam bişirilibsə, dabaq xəstəliyi insana heç bir halda yoluxa bilməz. Bu xəstəlik insana keçibsə, onda da, adətən fəsadsız ötüşür. Pasterizə edilmiş, qablaşdırmada satılanlardan istifadə etmək lazımdır”.

Günel CƏLİLOVA

Избранный
69
baki-xeber.com

1Источники