RU

"Azərbaycanda həkim çatışmazlığının əsas səbəbi yaş məhdudiyyəti və aşağı əməkhaqlarıdır" - İlqar Hüseynli/ VİDEO

Kanal S-də yayımlanan “Canlı Yayım” verilişində Sosial-strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin sədri, ekspert İlqar Hüseynli ölkədə həkim çatışmazlığı ilə bağlı aktual problemlərdən danışıb.

QHT.az xəbər verir ki, İlqar Hüseynlinin sözlərinə görə, Azərbaycanda 65 yaşına çatan həkimlərin əksəriyyəti işdən azad edilir və əmək müqavilələrinə xitam verilir:

“Demək olar ki, bütün həkimlər 65 yaşına çatdıqda işlərindən azad olunurlar. İstisna hallarda onların əmək müqavilələri bir ildən bir uzadılır. Lakin bu, həkim kadrların çatışmazlığı problemini aradan qaldırmağa kifayət etmir. Bununla bağlı xüsusi qanun qüvvədədir. Ölkədə gənc həkimlərin sayının artması ilə yanaşı, onların Azərbaycanda qalması üçün də stimul yaradılmalıdır. Gənc həkimlər ya Bakıda, ya da ölkə hüdudlarından kənarda yüksək maaşla işləyir, sonra isə geri qayıtmaq istəmirlər. 400 manat maaş alan həkim ailəsinin, kommunal və gündəlik xərclərinin öhdəsindən necə gələ bilər? Bu şəraitdə onların xaricə üz tutması təəccüblü deyil”.

İlqar Hüseynli həmçinin qeyd edib ki, ölkədəki sosial-iqtisadi vəziyyətlə müqayisədə həkimlərin aldığı əməkhaqqı kifayət qədər aşağıdır:

“Kommunal xərclər və gündəlik yaşayış bahalığı baxımından Azərbaycan, məsələn, Almaniya ilə müqayisədə xeyli geri qalır. Amma əməkhaqqı baxımından fərq dəfələrlə çoxdur. Nəticədə, bizim təcrübəli həkimlər Türkiyəyə, ABŞ-a və digər ölkələrə gedərək orada qalmağa üstünlük verirlər. Bu tendensiyanın qarşısını almaq üçün dövlət tərəfindən həm təcrübəli, həm də gənc həkimlərin sosial təminatının və maaş səviyyəsinin artırılması zəruridir".

 

Pərvanə Fərhadqızı

Избранный
88
qht.az

1Источники