RU

“İsrail Azərbaycan əsgərinin beynəlxalq qüvvələrin tərkibində yer almasını istəyir” POLİTOLOQ

Avtosfer saytına istinadən ain.az xəbər verir.

Türkiyənin xarici işlər nazirinin müavini Ayşe Berris Ekincinin Bakıya səfəri təsadüfi deyil. Politoloq Elxan Şahinoğlunun fikrincə, bu səfər “Şuşa Bəyannaməsi”ndən irəli gələn bir çox strateji məsələlərin müzakirəsi baxımından mühüm əhəmiyyət daşıyır.

Avtosfer.az xəbər verir ki, özünün sosial şəbəkə hesabında paylaşım edən Elxan Şahinoğlu hazırda Azərbaycanla Ermənistan arasında dialoq prosesi genişlənməkdə olduğunu və regionda yeni nəqliyyat marşrutları formalaşdığnı bildirib:

“Artıq tranzit yüklərin Azərbaycandan keçməklə Ermənistana çatdırılması planlaşdırılır. Ermənistanın Baş naziri Nikol Paşinyan da öz növbəsində Azərbaycan və Türkiyəyə Ermənistan ərazisindən yüklərin daşınmasını təklif edib. Bu isə o deməkdir ki, mövzu Bakı ilə Ankara arasında koordinasiyalı şəkildə müzakirə olunmalı və birgə addımlar atılmalıdır.”

Elxan Şahinoğlunun sözlərinə görə, müzakirə ediləcək əsas məsələlərdən biri də Ermənistanın “Avropa Siyasi Birliyi” sammitinə dəvəti ilə bağlıdır:

“Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı gələn ilin yazında İrəvanda keçiriləcək sammitə dəvət etdiyini açıqlayıb. Bu dəvətə necə cavab veriləcəyi məsələsində Bakı və Ankara ortaq mövqe müəyyənləşdirməlidirlər.”

Politoloq hesab edir ki, bütün bu proseslərin fonunda Türkiyənin Ermənistanla sərhədi açıb-açmayacağı, diplomatik münasibətləri bərpa edib-etməyəcəyi sualı aktuallaşır:

“Bu, yalnız Azərbaycan-Ermənistan sülh müqaviləsinin imzalanmasından sonra mümkün ola bilər. Bakı da bu məsələdə Ankaranın mövqeyini dəqiqləşdirmək istəyir.”

Şahinoğlu əlavə edib ki, səfər zamanı Qəzza mövzusu da müzakirə edilə bilər:

“İsrail hökuməti Türkiyə hərbçilərinin Qəzzada beynəlxalq qüvvələrin tərkibində yer almasının əleyhinədir, lakin Azərbaycan hərbçilərinə yaşıl işıq yandırmağa hazırdır. Bu vəziyyət Türkiyə üçün nə dərəcədə məqbuldur – bu sual ətrafında da Ankara ilə Bakı arasında fikir mübadiləsi aparıla bilər.”

Politoloq xatırladıb ki, Prezident İlham Əliyev bir vaxtlar beynəlxalq konfransların birində Ermənistanın sabiq prezidenti Serj Sərkisyana belə demişdi:

“Türkiyə burada yoxdur, ona görə belə danışırsınız, amma mən burdayam və Sizin cavabınızı verəcəyəm.

Əgər Qəzzada Türkiyə hərbçilərinin iştirakı mümkün olmasa, Azərbaycan sülhməramlıları bu missiyada sabitliyin qorunması üçün mühüm rol oynaya bilər. Ankara həmçinin Bakı ilə Moskva arasındakı münasibətlərin normallaşma prosesinin gedişatı ilə də maraqlanır. Bir sözlə, Türkiyə xarici işlər nazirinin müavininin Bakıya səfərində müzakirə ediləcək kifayət qədər strateji mövzu var. Müavin geri dönəndən sonra Bakıda aparılan danışıqlar barədə Hakan Fidana geniş hesabat təqdim edəcək,” – deyə Elxan Şahinoğlu bildirib.

Eltac Zülfüqaroğlu

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
64
avtosfer.az

1Источники