RU

Samir Hümbətov: Təxirə salınma gərginlik deyil, əksinə dəstək əlamətidir –ÖZƏL

Noyabrın 3-dən 6-na qədər Bakıda Avropa, İsrail, ABŞ və digər ölkələrdən təxminən 600 ravvinin iştirakı ilə planlaşdırılan Avropa Əsas Pravoslav Ravvinlər İttifaqının yığıncağı qeyri-müəyyən müddətə təxirə salınıb.
Tədbirin qəfil təxirə salınmasının rəsmi səbəbləri və yeni tarixi açıqlanmayıb.
Forumun əsas gündəliyində "İbrahim Sazişi"nin (İsrail və ərəb ölkələri arasında sülh müqavilələri) genişləndirilməsi, xüsusən də Azərbaycanın sazişə qoşulma ehtimalı mühüm yer tuturdu. Eyni zamanda, dini etiqad azadlığının təşviqi və Avropada artan antisemitizmə qarşı mübarizə kimi aktual məsələlər müzakirə olunacaqdı. 

"Həmin toplantı başqa yerə və başqa tarixə keçirilib. Hətta burada müəyyən təhlükəsizlik məsələləri də nəzərə alınacaq. Çünki son vaxtlar bəzi ölkələr tərəfindən bu məsələyə qarşı müəyyən təpkilər müşahidə olunurdu. Düşünürəm ki, bu toplantının təxirə salınması heç də gərginlik və ya diplomatik münasibətlərdə soyuma kimi deyil, əksinə, ciddi bir dəstək kimi qiymətləndirilə bilər".

Bu fikirləri mövzunu şərh edərkən Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin rəhbəri, siyasi şərhçi Samir Hümbətov Olaylar.az-a açıqlamasında deyib. Siyasi şərhçi bildirib ki, əgər təhlükəsizlik məsələsi ön plana çıxırsa və əvvəlcədən bu aspekt nəzərdən keçirilərək belə qərar qəbul olunursa, bu, əslində, tərəflər arasında etimadın mövcudluğunu göstərir. 

"Məlumdur ki, İran tərəfindən müəyyən reaksiya olmuşdu, həmçinin bəzi müsəlman dövlətlərdən, o cümlədən Türkiyədə müəyyən dairələrdən də bu mövzuya münasibət bildirilmişdi. Amma məncə, əsas təhdidlər bu ölkələrdən deyil, tamam başqa istiqamətlərdən gələ bilərdi. Belə olan halda, bu məsələ həqiqətən ciddi təhlükəsizlik risklərini gündəmə gətirirdi və toplantının təxirə salınması, məncə, doğru addım idi. Bu qərarla həm də yarana biləcək neqativ reaksiyaların və gərginliklərin qarşısı müəyyən qədər alındı", - deyə ekspert əlavə edib.

Siyasi şərhçinin fikrincə, gələcəkdə bu qərarın Azərbaycanla İsrail arasında imzalanması nəzərdə tutulan "İbrahim sazişi"nə hər hansı bir mənfi təsiri olmayacaq. Bu saziş, təbii ki, tərəflərin qarşılıqlı razılığı və etimadı əsasında imzalanacaq. Onun hansı vaxtda müzakirə olunacağı isə diplomatik proseslər çərçivəsində müəyyənləşəcək. Dövlətlərarası münasibətlərdə razılıqlar əldə olunduqdan sonra həmin saziş imzalanır. Amma qeyd etmək lazımdır ki, "İbrahim sazişi" ilə ravinlərin görüşü eyni məna daşımır, bunlar tamam fərqli məsələlərdir.

Sevda Dəniz

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
30
olaylar.az

1Источники