Yeniazerbaycan saytına istinadən ain.az xəbər verir.
Payızın qızılı yarpaqları torpağa səpələnəndə, sanki təbiət də bu torpağın qələbəsini bayram edirdi. 8 Noyabr Azərbaycanın azadlıq, birlik və qürur günüdür. Bu tarix təkcə hərbi zəfərin deyil, həm də milli oyanışın, ruhun yenidən doğuluşunun təntənəsidir. O gün hər bir azərbaycanlının qəlbində eyni səs, eyni sevinc vardı “Qarabağ azaddır!” nidası sanki minillərin susqunluğunu dağıtdı.
İllərlə Vətən həsrəti ilə yanan ürəklər 2020-ci ilin noyabrında sevinclə doldu. Hər evdə, hər küçədə, hər qəlbdə bir bayram ab-havası hökm sürdü. Uşaqların gözlərində qürur, anaların baxışlarında minnətdarlıq, qazilərin baxışlarında isə qələbənin qətiyyətli işığı vardı. O an təkcə torpaqlarımız deyil, millətimizin ruhu da azad oldu. Bu zəfərin arxasında illərin səbr, inam və birliyi dayanırdı.
Azərbaycan xalqı öz liderinə, dövlətinə və ordusuna inandı. O inam bizi zəfərə apardı. Qəhrəman əsgərlərimiz, şəhidlərimiz bu torpağın adını bir daha tarixə qızıl hərflərlə yazdılar. Nizami Gəncəvinin “Vətən üçün ölən insan ölməz” misrası həmin günlərdə gerçək bir mənaya çevrildi. Çünki şəhidlərimizin qanı ilə suvarılan torpaq bu gün azadlığın, qeyrətin və milli birliyin rəmzidir.
8 Noyabr günü səmanın rəngi daha parlaq idi, bayrağımız sanki göylərdə daha yüksək dalğalanırdı. Şəhidlərin ruhu o gün küləklə, yağışla, günəşlə birlikdə bayrağın rənglərinə qarışdı. Qırmızısı şəhid qanından, yaşıl rəngi inamdan, mavi rəngi isə sarsılmaz türk kimliyindən güc aldı. Hər bir Azərbaycan vətəndaşı o gün özünü böyük bir ailənin parçası kimi hiss etdi. Şuşanın azadlığı təkcə bir şəhərin xilası deyildi bu, bir xalqın qəlbində yanan ümid çırağının yenidən alovlanması idi.
Şuşa azad olduqca, Azərbaycanın qəlbi bir ritmdə döyündü. Dağlar, çaylar, meşələr xalqın sevincinə sanki qoşuldu. Hər bir evdə qələbə mahnıları səsləndi, hər bir baxışda sabaha olan inam parladı. O an bütün dünya bir daha gördü ki, Azərbaycan xalqının birliyi, iradəsi və vətən sevgisi qarşısında heç bir güc dayana bilməz. Bu zəfər təkcə bir müharibənin qalibiyyəti deyil, həm də tarixi ədalətin bərpası idi.
Qarabağ qədim Azərbaycan torpağı əsrlərlə xalqımızın mədəniyyət beşiyi olub. Bu gün isə həmin torpaqlarda yenidən həyat canlanır. Azad Şuşada səslənən muğam, bərpa olunan məscidlər, ucalan məktəblər və gülən uşaqlar bu torpağın yenidən doğuluşunu göstərir. Hər bir azərbaycanlı üçün bu, təkcə fəxr deyil, həm də məsuliyyətdir şəhidlərin əmanətini qorumaq, Qarabağı dirçəltmək, onu gələcəyə daha güclü ötürmək məsuliyyəti.
Qarabağ zəfəri bizə bir daha göstərdi ki, xalq bir olarsa, Vətən sevgisi ilə yoğrularsa, heç bir qüvvə onu sındıra bilməz. Bu qələbə gənc nəsil üçün bir örnək, gələcək üçün isə ilham mənbəyidir. Məktəblərdə bu tarix qürurla öyrədilir, uşaqlar “Qarabağ Azərbaycandır!” nidasi ilə böyüyürlər. Onların gözlərində Şuşanın azadlığı, Kəlbəcərin ucalığı, Zəngilanın baharı yaşayır.
Bu gün 8 Noyabr təkcə bir tarix deyil o, bir millətin yaddaşında əbədi yanan məşəldir. O məşəl bizə daim xatırladır ki, Vətənə sevgi, inam və birlik varsa, heç bir qüvvə bizi məğlub edə bilməz. Bu qürur hissi min illər boyu yaşayacaq, çünki o, xalqın ruhuna, torpağın yaddaşına yazılıb. Hər dəfə səmanın mavi dərinliyinə baxanda, dalğalanan üçrəngli bayrağımıza nəzər salanda, biz bir həqiqəti unutmamalıyıq: bu azadlıq minlərlə qəhrəmanın qanı, xalqın birliyi və liderin uzaqgörənliyi sayəsində qazanılıb. Ona görə də hər birimiz bu müqəddəs zəfərin daşıyıcısıyıq. Və hər il 8 Noyabrda Azərbaycan səmasının hər guşəsində eyni nida səslənir “Qarabağ Azərbaycandır!” Bu nida bizim qürurumuzun, inamımızın və əbədiyyətə yazılmış milli ruhumuzun səsi olacaq. Qarabağdan yüksələn o əbədi qürur daim xalqımızın qəlbində yaşayacaq, gələcək nəsillərə yol göstərəcək!
Məhərrəmova Leyla
YAP Ağcabədi rayon təşkilatının gənc fəalı
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.
 
                        