RU

İcra başçısının sabiq müavini və tanışına hökm oxundu

Gədəbəy Rayon İcra Hakimiyyəti başçısının sabiq müavini Vəfa Allahverdiyeva və tanışı Təranə Bağırovanın cinayət işi üzrə yekun məhkəmə prosesi keçirilib.

 

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aygün Qurbanovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Hökmə əsasən, iş üzrə dəymiş zərər tam ödənildiyindən Vəfa Allahverdiyeva barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə, cinayət işinə xitam verilib.

 

Digər təqsirləndirilən Təranə Bağırova isə 5 il 6 ay azadlıqdan məhrum edilib.

 

Xatırladaq ki, dövlət ittihamçısı V.Allahverdiyevanın 2 il müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında vəzifə tutma hüququndan məhrum edilməklə 7 il 6 ay müddətinə, T.Bağırovanın isə əvvəlki cəzası da qismən toplanılmaq yolu ilə 3 il vəzifə tutmaq hüququndan məhrum edilməklə 9 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.

 

Qeyd edək ki, bir müddət əvvəl tutduğu vəzifədən uzaqlaşdırılan Vəfa Allahverdiyeva Təranə Bağırova ilə əlbir olaraq dələduzluq etməkdə ittiham olunur. Cinayət işi üzrə zərərçəkən kimi Gədəbəy rayon sakini Cavanşir Məmmədəliyev tanınıb.

 

İttihama görə, təqsirləndirilən şəxslər Cavanşir Məmmədəliyevi Gədəbəy Rayon Təhsil Şöbəsinin müdiri vəzifəsinə təyin ediləcəyi ilə aldadaraq 51 min manat pulunu alıblar.

 

Təranə Bağırova bir müddət əvvəl başqa dələduzluq əməlinə görə məhkum edilib.

 

Vəfa Allahverdiyeva barəsində istintaq dövründə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

 

Onların hər ikisinə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Tarix: 31 Oktyabr 2025, 18:33   
Избранный
19
17
pravda.az

10Источники