RU

Əsgərlik müddəti azaldıla bilər - Ermənistandan sonra...

Ramil Məmmədli: “Bu məsələdə Türkiyə və NATO təcrübəsindən də istifadə edə bilərik”

Ermənistan hökumətinin son iclasında müzakirə olunan layihələr arasında “Hərbi vəzifə və hərbi qulluqçuların statusu haqqında” qanuna dəyişiklik edilməsi barədə qərar da var.

Teleqraf xəbər verir ki, burada 24 aylıq məcburi hərbi xidmət müddətinin 2025-ci ilin qış çağırışından başlayaraq 6 ay azaldılması, 18 aylıq müddətli həqiqi hərbi xidmət müddətinin müəyyən edilməsi nəzərdə tutulur.

Qanun layihəsinin qəbulu 2025-ci ilin qış çağırışı çərçivəsində 2026-cı ilin yanvar ayından başlanan 18 aylıq xidmət müddəti 2027-ci ilin iyulunda başa çatdığından, 2027-ci ilin ikinci yarısından başlayaraq məcburi hərbi xidmətin təşkili xərclərinin azalacağını proqnozlaşdırır.

Azərbaycanla Ermənistan sülh anlaşması əldə edib. Yekun sülh müqaviləsindən sonra böyük nəhəng bir konflikt səhifəsi bağlanacaq. Bunun ardınca hər iki ölkə yeni dövrə qədəm qoyacaq ki, iqtisadi əməkdaşlığı, nəqliyyat kommunikasiyalarının işlək olmasını nəzərdə tutur. Əgər bölgədə logistikalar işləyəcəksə, iqtisadi dinamika olacaqsa, hərbi eskalasiya riskləri sıfırlanacaq. Bu mənada tərəflərin hərbi xərclərini də azaltması, əsgərlik müddətini də aşağı endirməsi mümkündür.

Artıq Ermənistan bu yöndə müzakirələrə başlayıb. Azərbaycanda da əsgərlik müddətinin azaldılması təklifləri səslənir. Hazırda ali təhsil alan şəxslər 1 il, orta təhsilli şəxslər isə 1, 6 ay həqiqi hərbi xidmət keçir. Son dəyişikliklərə əsasən hərbi çağırış yaşının yuxarı həddi 30-a endirildi, əvvəl 36 idi. Bunun davamı olaraq, ali təhsilli şəxslərin 6 ay, orta təhsilli şəxslərin 1 il əsgərlik keçməsi təklifləri səslənir.

Regionun sülhə qədəm qoymasından sonra belə bir dəyişikliklər mümkündürmü və ehtiyac varmı?

Ramil

 Ramil Məmmədli

Mövzu ilə bağlı hərbi ekspert Ramil Məmmədli “Yeni Müsavat”a danışıb. Ekspert qeyd edib ki, dünyanın güclü ordularında çağırış prosedurları daha sadədir:

“Ümumiyyətlə, həqiqi hərbi xidmətə çağırış və ona bağlı proseslər regionda hərbi əməliyyatların, yəni regiondakı gərginliyin  olub-olmaması ilə bağlı deyil. Həqiqi hərbi xidmət müddətinin uzadılması və ya çox saxlanılması ümumi ordunun döyüş hazırlığına müsbət təsir göstərəcək bir amil kimi hesab oluna bilməz. Dünyanın güclü ordularında çağırış prosedurları daha sadədir. Əgər bir çox sahələrdə Türkiyə və NATO təcrübəsindən bəhrələniriksə, hesab edirəm ki, məhz bu sahədə də onların təcrübəsindən istifadə etmək məqsədəuyğundur”.

Ramil Məmmədli hesab edir ki, bu məsələdə ali təhsil almış və ali təhsili olmayan vətəndaşlar arasında fərqlər qoymaq düzgün deyil:

“Əvvəlcə qeyd etmək lazımdır ki, həqiqi hərbi xidmət müddəti ilə bağlı ayrı-seçkilik aradan qaldırılmalıdır. Mənim fikrimcə, ali təhsil almış və ali təhsili olmayan vətəndaşlar arasında hərbi xidmət məsələsində xüsusi və ya uzunmüddətli fərqlər qoymaq düzgün deyil. Məsələn, ali təhsilli vətəndaşlar 6 ay, digər vətəndaşlar isə 8 ay xidmət edə bilərlər, yəni fərqləndirmə çox böyük olmamalıdır.

Digər tərəfdən, həqiqi hərbi xidmət peşəkar, müqavilə ilə xidmətə keçid mərhələsi kimi nəzərdən keçirilməli və baza rolunu oynamalıdır. Çünki bildiyimiz kimi, qısa müddət ərzində, məsələn, bir il və ya bir il yarım ərzində hərbi qulluqçunun xidmət etdiyi qoşun növünün bütün texniki-taktiki biliklərinə tam yiyələnə bilməsi mümkün deyil. Bu baxımdan hesab edirəm ki, 6 aylıq çağırış müddətindən sonra hər bir çağırışçı vətəndaş üçün peşəkar orduya keçidə stimul yaradan mexanizmlər tətbiq edilməlidir.

Mən düşünürəm ki, çağırış yaşının azaldılmasından sonra məhz bu addımların atılması doğru olar, yəni həqiqi hərbi xidmətə çağırış həm baza rolu oynayacaq, həm də peşəkar ordu formalaşdırılmasına zəmin yaradacaq. Ümid edirəm ki, qarşıdan gələn dövrdə - 2026-cı ildə Azərbaycan qanunvericiliyi məhz bu məqamlar nəzərə alınmaqla müvafiq dəyişiklikləri həyata keçirəcək".

Xalidə GƏRAY,
“Yeni Müsavat”

Избранный
5
5
musavat.com

10Источники