RU

Astarada ilk dəfə çiyələk əkilib təcrübə uğurlu alınıb

ain.az bildirir, Azertag portalına istinadən.

Astara, 3 noyabr, İlkin Adıyev, AZƏRTAC

Astarada ilk dəfə çiyələk əkini həyata keçirilib. Bu təşəbbüs rayon sakini, fermer Polad Rzayev tərəfindən reallaşdırılıb. O, əvvəlcə Astaranın iqlim şəraitinə uyğunluğunu yoxlamaq məqsədilə çiyələyi az miqdarda əkib və bitkiyə düzgün qulluq göstərildikdən sonra yüksək məhsuldarlıq əldə edib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, məhsulun keyfiyyətli və bol olması fermeri bu sahədə fəaliyyətini genişləndirməyə ruhlandırıb. Hazırda Polad Rzayev əkin sahəsini iki dəfə artıraraq işlərini davam etdirir. Fermer çiyələyin əsasən “Murano A plus” sortuna üstünlük verir. Bu sortun həm dad keyfiyyəti, həm də iqlimə uyğunlaşması yüksək olduğu üçün gələcəkdə istehsalın daha da artırılması planlaşdırılır.

“Astaranın iqlimi adətən çiyələk üçün uyğun sayılmır. Amma mən yenilik etmək istədim. Əvvəlcə az miqdarda əkdim ki, iqlimə necə uyğunlaşacağını yoxlayım. İlk vaxtlar bir az tərəddüd edirdim, amma düzgün qulluq və səbir nəticəsində gözlədiyimdən də yaxşı məhsul aldım. Yəni, Astaranın iqlimi çiyələk üçün uyğun olmasa da, zəhmət nəticə verdi” , – deyə astaralı fermer bildirib.

Hazırda sahədə əkin və aqrotexniki qulluq işləri aparılır. Fermerin sözlərinə görə, gələcək illərdə çiyələyin satışını genişləndirərək yerli bazarlarla yanaşı, xaricə məhsul göndərmək niyyətindədir.

Fermer əlavə edib ki, çiyələk yetişdirmək çox diqqət və qayğı tələb edən işdir, lakin nəticəsi zəhmətə dəyir: “Əgər torpağa sevgi və qayğı ilə yanaşsan, o da səni qarşılıqsız qoymur. Çiyələk yetişdirmək mənim üçün qazancla yanaşı, həm də maraqlı bir təcrübə oldu”.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
17
1
azertag.az

2Источники