RU

“Rheinmetall” şirkəti silahlı qüvvələrə müstəqil şəkildə e-yanacaq istehsalına imkan verəcək yeni layihə təqdim edib

Berlin, 3 noyabr, AZƏRTAC

Almaniyanın “Rheinmetall” şirkəti silahlı qüvvələrə qlobal fosil enerji daşıyıcılarının təchizat zəncirlərindən asılı olmayaraq, ehtiyac duyduqları yanacağı yerli və müstəqil şəkildə istehsal etməyə imkan verən yeni konsepsiya təqdim edib.

AZƏRTAC şirkətin saytına istinadla xəbər verir ki, “Rheinmetall”da hazırlanan “Giga PtX” adlı layihə tərəfdaş şirkətlərlə birlikdə Avropa miqyasında bir neçə yüz modul tipli e-yanacaq istehsal müəssisəsinin yaradılmasını nəzərdə tutur. Avropa ordularının elektron yanacaqları özlərinin sintez etməsinə imkan verəcək layihəyə əsasən, zavodların hər biri ildə 5-7 min ton dizel, gəmi dizeli və ya kerosin istehsal edə biləcək.

Layihənin əsas məqsədi Avropa ölkələrinin silahlı qüvvələrinin əməliyyat hazırlığını gücləndirmək, enerji müstəqilliyini və dayanıqlılığını artırmaq, eyni zamanda, kritik enerji infrastrukturunun sabitliyinə töhfə verməkdir. “Rheinmetall” bu istiqamətdə baş podratçı rolunu öz üzərinə götürərək zavodların layihələndirilməsi, tikintisi və istismarı üçün tam həcmli texnoloji həllər təqdim edəcək.

Lazımi texnologiyanın tezliklə istifadəyə verilməsi üçün şirkət Almaniyanın aparıcı sənaye və “Cleantch” müəssisələri ilə güclü ittifaq formalaşdırıb. Konsorsiuma e-yanacaq zavodları üçün elektrolizatorlar istehsal edən “Sunfire”, atmosfer havasından karbon qazı ayıran “Greenlyte” və zavodların əsas texnoloji proseslərinə cavabdeh “INERATEC” şirkətləri də daxildir.

“Rheinmetall”ın hidrogen satış üzrə vitse-prezidenti Birgit Görtler bildirib ki, layihə dərhal həyata keçirilə bilər. Məqsəd Almaniya və Avropada yanacaq dayanıqlılığını uzunmüddətli şəkildə gücləndirməkdir.

Şirkətin idarə heyətinin sədri Armin Papperqer qeyd edib ki, müasir hərbi hazırlıq dayanıqlı enerji infrastrukturuna əsaslanmalıdır və bu layihə Avropanın sənaye transformasiyası, iqlim mühafizəsi və təhlükəsizlik baxımından strateji əhəmiyyət daşıyır. İlk zavodlar siyasi və normativ çərçivələr müəyyən edildikdən dərhal sonra reallaşdırıla bilər.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Избранный
36
azertag.az

1Источники