RU

Bədəni susdurmaq, psixoloji yardımın gecikdirilməsidir

İnsan bədəni çox vaxt zehindən daha sadiq bir yaddaşa malikdir. Hər duyğu, hər qorxu, hər sıxışdırılmış fikir bədəndə iz buraxır — gərginlik, yuxusuzluq, nəfəs darlığı, mədə ağrısı, baş gərginliyi...

Biz adətən bu siqnalları “yorğunluq” və ya “stress” adlandırırıq, amma əslində bədən danışır.

Stres dediyimiz hal, beynin təhlükəyə verdiyi avtomatik reaksiyadır.

Bu zaman ilk aktivləşən struktur amigdaladır — beyində təhlükəni tanıyan və bədəni müdafiəyə hazırlayan hissə. Amigdala siqnal göndərir, hipotalamus isə bu məlumatı bədənə ötürür. Bir neçə saniyə içində kortizol və adrenalin hormonları ifraz olunur: ürək döyüntüsü artır, nəfəs dərinləşir, əzələlər gərginləşir.

Bu reaksiyanın kökləri min illərin bioloji yaddaşında yatır.

Bizim ulu əcdadlarımız — xüsusilə ov və sağ qalma instinkti ilə yaşayan kişilər — təhlükəni hər an hiss edirdilər. Meşədə ov zamanı ya yırtıcını öldürmək, ya da ondan qaçmaq zərurəti beyin və bədən arasında bu “təcili siqnal sistemini” formalaşdırıb.

Beyin təhlükəni görən kimi amigdalaya xəbər verirdi, amigdala isə kortizol və adrenalini işə salırdı. Bu hormonlar sayəsində bədən anidən güc qazanır, sürət artır, diqqət kəskinləşirdi — ya döyüş, ya qaç mexanizmi yaranırdı.

Nəticədə, yalnız qaçmağı bacaran və çevik reaksiya verənlər sağ qalırdı.

Beləcə, əsrlər boyu bu davranış modeli genetik və neyrobioloji yaddaşımıza yazıldı.

Bu gün biz artıq ovda və ya yırtıcının qarşısında deyilik, amma beynimiz eyni siqnal sistemindən istifadə edir.

Artıq təhlükə fiziki deyil — emosional, sosial və psixoloji formadadır.

Əcdadlarımızın döyüş instinkti indi “qaçmaq” meylinə çevrilib: problemi həll etmək əvəzinə uzaqlaşmaq, münasibətdən çıxmaq, mövzuya toxunmamaq, hissləri boğmaq…
Bu, bizim bioloji mirasımızın psixoloji versiyasıdır.

Amigdalanın yüz min illər əvvəl bizi xilas edən bu refleksi indi müasir dövrdə bizi zehni olaraq tükəndirir. Çünki o, hələ də “təhlükə var” siqnalını verir, amma döyüşəcəyimiz yırtıcı artıq yoxdur — onun yerini stres, məsuliyyət və daxili qorxular tutub.

Əgər bu vəziyyət uzun sürərsə, bədən artıq “təhlükə keçdi” siqnalını ala bilmir.
Xroniki gərginlik formalaşır — sanki orqanizm daim “hazır vəziyyətdə qal” əmrinə tabe olur.

Nəticə: yuxusuzluq, diqqət pozğunluğu, həzm problemləri, baş ağrıları, əsəbilik, motivasiya itkisi.
Bütün bunlar bədənin bircə cümləlik mesajıdır: “Məni dinlə.”

Elmi baxımdan, sükunət və nəfəs tənzimi bu dövrəni qırmaq üçün ən təsirli vasitələrdir.
Bu anlarda parasempatik sinir sistemi – bədənin bərpa mexanizmi – aktivləşir və beyinə “artıq təhlükə yoxdur” mesajını göndərir. Məhz bu mərhələdə zehin və bədən balans tapır.

Ancaq çox insan bu siqnalı dərhal susturmağa çalışır: “məni yormasanız, keçəcək”, “sadəcə stresdir”, “yuxusuzam, keçəcək”... Halbuki, bədəni susdurmaq psixoloji yardımın gecikdirilməsidir. Bədən danışanda onu dinləməmək, zehni daha dərin bir səssizliyə məhkum edir.

Psixoloji yardım – zəiflik deyil, özünü dinləməyin professional formasıdır.
Bir psixoloqla işləmək, beynin göndərdiyi bu siqnalları anlamağa, onları düzgün yönləndirməyə kömək edir. Yardım almaq, “mən tükənmişəm” demək deyil — “mən özümü daha yaxşı anlamaq istəyirəm” deməkdir.
Çünki , hər gecikdirilmiş yardım, bədəndə dərinləşən gərginliyə, zehində isə susdurulmuş bir səsə çevrilir. Stres səni öldürməz, amma onu görməzdən gəlmək səni tükəndirər.

Unutmayaq, hər sükutun altında bir kömək çağırışı yatır. Əcdadlarımız həyatda qalmaq üçün qaçırdılar, çünki fiziki təhlükə onlardan çeviklik və instinkt tələb edirdi. Biz isə müasir dövrdə artıq bədənlə deyil, zehinlə sağ qalırıq — buna görə də qaçmaq yox, istənilən problemlə üzləşmək lazımdır. Bu gün insanın sağ qalma mexanizmi davranışda deyil, şüurda baş verir: problemi inkar etmədən, onu anlamaq, ifadə etmək və psixoloji dəstək almaq-bu müasir dövrün “döyüş” formasıdır.

Psixoloq Lalə Natiq

Избранный
43
hit.az

1Источники