RU

Hökumət istənilən vaxt məzənnə ilə bağlı inzibati qərar verə bilər - NATİQ CƏFƏRLİ

Mərkəzi Bankın və hökumətin əlində manatın məzənnəsini dəyişmək üçün bütün alətlər var


Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsinin zərfi”nin müzakirəsi zamanı iqtisadiyyat naziri Mikayıl Cabbarov, maliyyə naziri Sahil Babayev bir sıra məsələlərlə bağlı açıqlama veriblər. İqtisadiyyat naziri ilə maliyyə nazirinin dili bir az “qəliz” olduğundan anlaşılmayan məsələlərə iqtisadçı Natiq Cəfərli aydınlıq gətirib. N.Cəfərli bildirib ki, iqtisadiyyatla hüquqşünasların məşğul olduğu səslənən bütün bəyanatlardan hiss olunur: 

- Məsələlərə “legalist", formal, hüquqi pəncərədən baxmağa çalışmaları iqtisadiyyatı boğur. İqtisadiyyata baxış bucağı çox önəmlidir, əslində iqtisadiyyat dəqiq elm deyil, eyni məqsədə müxtəlif yolla getmək, “sağdan”, “soldan” yanaşmaq mümkündür. Amma sırf hüquqi, “legalist” yanaşma iqtisadiyyata ziyan vurur, məqsədə çatmağın özünün yox, onun “kağız üzərində” doğru olmasını önə çəkir. İqtisadiyyat və Maliyyə nazirləri çox savadlı hüquqşünaslardırlar, həm elmi, həm praktik hüquqi bazaları var – buna şübhəm yoxdur. Amma, iqtisadiyyata baxışları kökündən yanlışdır, iqtisadi problemlərə fəlsəfi yanaşmaları yoxdur.  Gəlin bu gün səsləndirilən fikirlərə baxaq. Mikayıl Cabbarov: "2029-cu ildə "Abşeron" yatağının tammiqyaslı işlənməsi ÜDM-yə müsbət təsir göstərəcək".  Yəni, izahı budur ki, qeyri-neft sektorundan pafoslu danışmağımıza baxmayın, ümid yenə neft-qaz sektorunadır, bir az dözün, 2029-da əlavə neft-qaz hasil olunacaq, vəziyyət düzələcək. Bu bəyanat, əslində, hüquqşünas nazirin real iqtisadiyyata inanmadığını sübut edir. Nazirin digər bəyanatı - Mikayıl Cabbarov: “Bildiyiniz kimi, 1 yanvar 2026-cı ildən etibarən verilən güzəştin vaxtı bitir. Güzəştin sosial-iqtisadi məqsədlərinə əsasən nail olunduğunu, habelə əmək bazarının rəsmiləşdirilməsi sahəsində əldə edilmiş nailiyyətləri qorumaq və daha da artırmaq üçün vergi inzibatçılığının kifayət qədər gücləndirilməsini nəzərə alaraq, eyni zamanda leqallaşma prosesinin davam etməsinə münbit şərait yaradıb qorunması üçün, o cümlədən daha aşağı gəlirlilərə aşağı vergi yükünü müəyyən etməklə qeyri-neft qaz və özəl sektorda da əməkhaqlarının tədricən mərhələli şəkildə vergiyə cəlb edilməsi barədə təkliflər təqdim edilib”. Ancaq hüquqşünas iqtisadi məsələ haqqında bu qədər uzun və hüquq ağırlıqlı cümlə qura bilərdi. Vergi güzəştləri ləğv edilir – yəni, vətəndaşın vergi yükü artır. İqtisadiyyat naziri bu məsələyə iqtisadi baxmalı idi – deməli idi ki, vergi yükü artanda vətəndaşın istehlak xərcləri azalır, xərclər azalanda istehlak artmır, bu isə iqtisadi aktivliyə ziyan vuracaq. Yəni, İqtisadiyyat Naziri vergilərin azalmasına çalışmalıdır ki, iqtisadi aktivliyin artması mümkün olsun. Bundan başqa, vergi artımı əmək bazarının leqallaşmasına necə müsbət təsir edə bilər axı?! 
Gələk, Sahil Babayevə - sitat: "2026-cı ilin büdcə paketi makro-iqtisadi, fiskal və monitor sabitliyi təmin edir". Hörmətli hüquqşünas nazir elə hüquq-mühafizə orqanlarının dilində danışır, SABİTLİYİ dəyər, məqsəd kimi təqdim edir, halbuki, maliyyə nazirinin işi sabitliyin təminatı deyil, iqtisadiyyatın sabit olmamasıdır, iqtisadiyyatda sabitlik çox pisdir, sonda stoqnasiya ilə bitir. Bizə sabitlik yox, dinamik inkişaf lazımdır, amma, nazir hüquşünas olanda, məsələyə fəlsəfi baxış da hüquq pəncərəsindən olur. Sahil Babayev: sitat: “2026-cı ildə Azərbaycanda dövlət büdcəsinə qeyri-neft-qaz sektorundan daxilolmaların cari xərclərin 88,1 %-ni qarşılaması gözlənir. Əgər növbəti ildə bu nisbət 88 %-ə çatırsa, 2029-cu ildə hədəfimiz 100 %-dir". Yenə iqtisadi təməlləri kənara qoyub sırf hüquqi, “legalist" yanaşmanı görürük – məsələn, Efiopiyanın büdcə gəlirlərinin 100%-i qeyri-neft sektorundadır, o cümlədən Mərakeşin də, yaxşı, bu özü-özlüyündə nəsə ifadə edirmi?! Büdcə gəlirlərinin qeyri-neftdən formalaşması keyfiyyət olaraq nə dəyişir ki?! İkincisi, bu qeyri-neft sektoru “fetişizmi” nədən yaranıb, təsnifatı nədir?! Məsələn, SOCAR-ın törəmə şirkətlərindən biri qeyri-neft ixcarı üzrə illərdir ki, ölkə lideridir. Bu makroiqtisadi olaraq nəyi ifadə edir?!  Hər iki nazirə onlarla sual, anti-tezis yaza bilərdim, amma, düşünürəm ki, məğzi aydın oldu. İqtisadiyyata hüquqi və formal baxış ölkəyə ciddi ziyan verir, hüquqşünas-iqtisadçılar isə bunu hiss etmirlər, hiss etmək istəmirlər. 
N.Cəfərli növbəti il manatın devalvasiyaya uğraması ehtimalı barədə bunları deyib: 

- Ölkədə üzən məzənnə rejimi tətbiq olunmadığından, manatın dəyəri inzibati qaydada müəyyən edilir. Azərbaycan manatı dollara münasibətdə inzibati qaydada tənzimlənir. Bizdə bazar mexanizminə əsaslanan, iqtisadi kateqoriyaya aid üzən məzənnə rejimi yoxdur. Buna görə də manatın məzənnəsində dəyişiklikləri iqtisadi nöqteyi-nəzərdən əvvəlcədən proqnozlaşdırmaq çox çətindir. Mərkəzi Bank və hökumət istənilən vaxt məzənnə ilə bağlı inzibati qərar verə bilər. Mərkəzi Bankın və hökumətin əlində manatın məzənnəsini dəyişmək üçün bütün alətlər var. Necə ki, biz bunu 2015-ci ildə gördük. Əgər neftin qiyməti ucuzlaşacaqsa və Azərbaycanın valyuta gəlirləri azalmağa davam edəcəksə, o zaman 2026-cı ildə və ya 2027-ci ilin əvvəlində manatın məzənnəsi ilə bağlı inzibati qərar vermək məcburiyyəti yarana bilər. Bu nöqteyi-nəzərdən yanaşıldıqda nəticə budur ki, 2026-cı ildə manatın məzənnəsindəki mümkün dəyişikliklər əsasən neftin qiymətindən və ölkənin valyuta ehtiyatlarının səviyyəsindən asılı olacaq.

Məlahət Rzayeva


Избранный
49
sherg.az

1Источники