RU

Ümumdünya Türk Dili Ailəsi Günü...

UNESCO-nun qərarı ilə hər il 15 dekabrda bu gün qeyd ediləcək

Özbəkistanın Səmərqənd şəhərində  keçirilən BMT-nin Təhsil, Elm və Mədəniyyət üzrə Təşkilatının (UNESCO) 43-cü Baş Konfransında 15 dekabr tarixi Ümumdünya Türk Dili Ailəsi Günü elan edilib. Baş Konfransda 194 ölkədən 5000-dən çox nümayəndə iştirak edib. Onlar Prezident Rəcəb Tayyib Ərdoğanın 15 dekabrı Ümumdünya Türk Dili Ailəsi Günü elan etmək təklifi ilə bağlı qətnamə layihəsini nəzərdən keçirib və təsdiqləyiblər.

200 milyonluq türk ailəsi üçün...

Türkiyənin UNESCO-dakı daimi nümayəndəsi Gülnur Aybet iclasda çıxış edərək bütün türk dövlətləri tərəfindən UNESCO-nun himayəsi altında türk dil ailəsini qorumaq və təşviq etmək üçün hazırlanmış təklifin həmmüəllif ölkələrinə təşəkkür edib. Aybet dillərin yalnız ünsiyyət vasitəsi deyil, həm də nəsillər boyu kollektiv yaddaş, müdriklik və kimlik daşıyan sivilizasiyaların ruhu olduğunu vurğulayıb. Geniş bir ərazidə 200 milyondan çox insanın danışdığı türk dil ailəsi əsrlər boyu ortaq tarix və dəyərlərdən gələn zəngin bir mədəni irsi təmsil edir.

Vurğulanıb ki, 15 dekabr əlamətdar bir tarixdir, çünki bu, VIII əsrə aid olan türk dilində ən qədim yazılı sənədlər hesab edilən Orxon kitabələrinin ilk dəfə deşifrə edilməsini qeyd edir. Həmin əlamətdar gün türk sivilizasiyalarının ortaq mədəni və bədii sərvətinin rəmzidir, habelə bu xalqlar arasında mədəni yaxınlaşmaya və dialoqa töhfə verir. Aybet bildirib ki, UNESCO Ümumdünya Türk Dili Ailəsi Gününü təsis etməklə bir daha çoxdilliyə, mədəni müxtəlifliyə və xalqlar arasında dialoqa sarsılmaz sadiqliyini təsdiqləyir.

Azərbaycan UNESCO-nun qeyri-maddi mədəni irs siyahısında üstün yerdədir

Yeri gəlmişkən, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov da Səmərqənddə UNESCO-nun sözügedən tədbirində iştirak edib. Tədbirdə C.Bayramovun çıxışı zamanı   Azərbaycanın UNESCO ilə tərəfdaşlığın mədəni irs və müxtəliflik, inklüziv təhsil, elmi tərəqqi və beynəlxalq həmrəyliyə dair ortaq öhdəliklərə əsaslandığı və donor ölkə olaraq mədəniyyət, elm, gənclərin imkanlarının genişləndirilməsi və mədəniyyətlərarası dialoq kimi sahələrdə irəli sürülən təşəbbüsləri dəstəklədiyi qeyd olunub. Eləcə də, ölkəmizin mədəniyyətlərarası və dinlərarası dialoqun təşviqinə xüsusi önəm verdiyi, 2008-ci ildə Bakıda irəli sürülən və UNESCO tərəfindən dəstəklənən “Bakı Prosesi”nin bu istiqamətdə uğurlu nümunə kimi beynəlxalq səviyyədə tanındığı diqqətə çatdırılıb.

Nazir Azərbaycanın UNESCO-nun qeyri-maddi mədəni irs siyahısında 24 elementlə dünyada ön sıralarda yer aldığı bildirib. C.Bayramov çıxışında Azərbaycanın işğaldan azad edilmiş ərazilərində dağıdılmış mədəni irsinin bərpasının hökumətin prioritet istiqamətlərindən biri olduğunu vurğulayıb, bu prosesdə minalanmış ərazilərin böyük maneə yaratdığını da söyləyib.

Niyə məhz 15 dekabr?

Qeyd edək ki, Türkiyənin Xarici İşlər Nazirliyi UNESCO-nun məlum qərarı ilə açıqlama yayıb və 15 dekabrın Dünya Türk Dili Ailəsi Günü elan edilməsini məmnuniyyətlə qarşılayıb. Açıqlamada bildirilib ki, ölkəmiz və qardaş türk dövlətləri tərəfindən hazırlanmış bu qərar türk dünyasının ortaq irsi olan türk dilini qorumaq və onu gələcək nəsillərə ötürmək məqsədi daşıyan birgə səyləri daha da gücləndirəcək. Dünya Türk Dili Ailəsi Gününün türk dünyasının qədim şəhərlərindən olan Səmərqənddə elan edilməsinin xüsusi məna daşıdığını qeyd edən Türkiyə XİN açıqlamasında vurğulayıb: “Məlum olduğu kimi, məşhur türkoloq Vilhelm Tomsen 1889-cu ildə tapılmış və türk dilinin məlum olan ilk yazılı abidələri sayılan “Orxon” kitabələrinin türk dilində yazıldığını 1893-cü il dekabrın 15-də beynəlxalq elmi ictimaiyyətə təqdim etmişdi. Dünya Türk Dili Ailəsi Gününün türk dünyası və türkcə bilən, türkcə öyrənən dostlarımız üçün indidən xeyirli olmasını diləyirik”.

Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy isə sosial media hesabında belə bir günün təsis olunmasının Türkiyənin qardaş türk dövlətləri ilə birlikdə hazırladığı və 26 ölkənin birgə təqdim etdiyi ortaq təşəbbüs olduğunu bildirib: “Türk dillərinin tanıdılmasını artıran bu tarixi addım ortaq yaddaşımız olan türk dilinin qorunması və gələcək nəsillərə ötürülməsi istiqamətində beynəlxalq əməkdaşlığı daha da gücləndirəcək. Əməyi keçən hər kəsi təbrik edirəm. 15 dekabr -Dünya Türk Dili Ailəsi Günü bütün bəşəriyyətə ərməğan olsun”.

Ortaq Türk Əlifbası razılaşdırıldıqdan sonra...

XXI əsrdə yeni dünya düzəninin formalaşdığı bir vaxtda Türk Dövlətləri Təşkilatı öz gücünü daha da artırır. Malik olduğu resurslar, əhali sayı, coğrafi mövqeyi baxımından Türk dünyası artıq qlobal miqyasda əsas geosiyasi, geoiqtisadi güc mərkəzlərindən birinə çevrilir. Türk dünyası ortaq tarix, dil və mədəniyyətə malik 7 müstəqil dövlət, bir neçə muxtar ərazidən ibarət böyük coğrafi məkandır. 2009-cu ildə Naxçıvanda təsis edilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (indiki Türk Dövlətləri Təşkilatı) bu əməkdaşlığın daha da inkişaf etməsi və birliyin möhkəmlənməsi üçün mühüm platforma rolunu oynayır. 2021-ci ildə təşkilatın statusu və nüfuzu daha da yüksəldilərək Türk Dövlətləri Təşkilatı adlandırıldı və bu addım Türk dünyasının beynəlxalq arenada söz sahibi kimi çıxış etməsinə imkan yaradır.

Türk Dövlətləri Təşkilatının təsis edilməsində əsas məqsəd oxşar tarixi-mədəni irsə, ortaq milli-mənəvi dəyərlərə, məişət tərzinə malik olan xalqların birliyini gücləndirmək, siyasi, ticarət və iqtisadi əlaqələrin möhkəmləndirilməsi üçün yeni regional ümumtürk platformasının yaradılması olub. Qurumun fəaliyyət istiqamətləri  siyasi dialoq, turizm, iqtisadiyyat, ticarət, gömrük, nəqliyyat,gənclər və idman, kənd təsərrüfatı, ədliyyə, miqrasiya, informasiya və s. sahələri əhatə edir.

Təbii ki, ən mühüm vəzifələrdən biri türk dövlətləri və xalqları arasında mədəni inteqrasiyanın dərinləşdirilməsidir. Ortaq əlifbanın razılaşdırılması bu istiqamətdə atılan çox mühüm addımdır. Xatırladaq ki, 2024-cü ilin sentyabr ayında Ortaq Türk Əlifbası razılaşdırılıb. Belə bir razılaşma Bakıda Beynəlxalq Türk Akademiyası və Türk Dil Qurumu tərəfindən təşkil olunan Türk Dünyası Ortaq Əlifba Komissiyasının üçüncü iclasında əldə olunub. Belə bir şəraitdə UNESCO-nun 15 dekabrı Ümumdünya Türk Dili Ailəsi Günü elan etməsi isə türk xalqları arasında inteqrasiyanı daha da gücləndirəcək.

Nardar BAYRAMLI

Избранный
12
1
yeniazerbaycan.com

7Источники