RU

“2020 də 44 gün” FOTO

Ayna portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

DABF Bakıda kitab təqdimatı təşkil edib

Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun (DABF) təşəbbüsü ilə Bakıdakı Ukrayna Mədəniyyət Mərkəzində hərbi-siyasi icmalçı Oleksandr Kovalenkonun qələmə aldığı, Ukrayna və rus dillərində nəşr olunan “2020-də 44 gün” adlı kitabın təqdimatı keçirilib. AYNA.AZ xəbər verir ki, tədbirdə millət vəkilləri Əlibala Məhərrəmzadə, Kamran Bayramov, ictimai-siyasi xadimlər, hərbi ekspertlər və media nümayəndələri iştirak ediblər.

Tədbiri açan DABF-in Baş katibi və Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun (UABD) sədri Hikmət Cavad deyib ki, “2020-də 44 gün” kitabı 2020-ci ildə Qarabağda baş verən hadisələrin xronoloji təsviridir və müəllif bu hadisələri 44 gün ərzində izləyərək Ukrayna ictimaiyyətinə obyektiv şəkildə çatdırıb.

Hikmət Cavad qeyd edib ki, diaspor təşkilatları informasiya müharibəsində mühüm rol oynayır və bu kimi nəşrlər Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasına xidmət edir: “Oleksandr Kovalenko Ukraynanın ən tanınmış hərbi icmalçılarındandır. O, 44 günlük Vətən müharibəsi zamanı Azərbaycanın ədalətli mövqeyini dəstəkləyib, hər gün həm Azərbaycan, həm də Ukrayna media resurslarında çıxışlar edirdi. Bu gün də Polşa və Avropa mediasında Ukrayna müharibəsi barədə danışır. Biz onunla birlikdə qərara gəldik ki, müharibənin bütün cəhətlərini, cəbhədə, informasiya meydanında və beynəlxalq arenada baş verənləri əks etdirən bir kitab nəşr edək. Kitabda Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın necə tarixi qələbə qazandığı faktlarla göstərilir”.

DABF Baş katibi əlavə edib ki, Azərbaycan diasporu Ukraynanın suverenliyini və xalqını hər zaman dəstəkləyir: “Bir çox azərbaycanlı Ukrayna vətəndaşları işğalçılara qarşı döyüşlərdə iştirak edib, yüzdən çox soydaşımız qəhrəmancasına şəhid olub. Kitab həmçinin bir daha bu həmrəyliyi və ortaq mübarizəni nümayiş etdirir”.

UABD sədri vurğulayıb ki, nəşrdə I və II Qarabağ müharibələri arasında aparılan müqayisələr, eləcə də Ukraynaya qarşı Kremlin təbliğatı ilə bağlı təhlillər yer alıb: “Kitab Ukrayna və rus dillərində işıq üzü görüb, Azərbaycan dilinə tərcüməsi artıq hazırdır və yaxın zamanda çap olunacaq. Gələcəkdə ingilis, polyak, isveç və digər dillərə də tərcümə planlaşdırılır”.

Hikmət Cavad bildirib ki, İsveçdə qeydiyyatdan keçmiş Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun əsas məqsədi Azərbaycan haqqında doğru məlumatı yaymaq, diaspor təşkilatlarını birləşdirmək və Azərbaycan dövlətinin siyasi xəttini dəstəkləməkdir.

Kitabın müəllifi, Ukraynanın “İnformasiya Müqaviməti” qrupunun hərbi-siyasi icmalçısı Oleksandr Kovalenko çıxışında qeyd edib ki, 44 günlük müharibə yalnız tarixi ədalətin bərpası deyil, həm də regional və qlobal geosiyasi nizamda mühüm dönüş nöqtəsi olub: “Bu hadisələr Cənubi Qafqazda və onun hüdudlarından kənarda prosesləri dəyişdi. O dövrdə mən müharibənin gedişini analiz edirdim və aydın oldu ki, bu, lokal toqquşma deyil, azadlıq müharibəsinin başlanğıcı idi. Ukrayna Qarabağın azad edilməsində öz gələcəyini - Donbas, Luqansk və Krımın azad edilməsini görürdü”.

Müəllif əlavə edib ki, kitabın strukturu 44 günün xronologiyası əsasında qurulub: “Hər fəsil müharibənin bir gününə həsr olunub. Burada həm Azərbaycan Ordusunun əməliyyatları, həm də informasiya müharibəsinin gedişi, Ermənistan və Rusiya təbliğatının metodları, saxta xəbərlər, manipulyasiyalar və hərbi cinayətlər barədə faktlar yer alır. 2014–2020-ci illər arasında Ukraynada baş verənlərlə Qarabağ müharibəsi arasında paralellər aparılıb”.

O.Kovalenko kitabın Ukrayna xalqı üçün də bir mesaj daşıdığını vurğulayıb: “Azərbaycan xalqı sübut etdi ki, ədalət gözləməyə dəyər. Azadlıq üçün 30 il gözləyən Azərbaycan sonda öz şərtləri ilə sülhə nail oldu. Bu, Ukrayna üçün də mühüm nümunədir. Ədalətli sülh yalnız güc mövqeyindən əldə edilə bilər”.

O, Prezident İlham Əliyevin Şuşa Media Forumunda səsləndirdiyi “İşğala razılaşmaq olmaz” fikrinin kitabda sitat kimi yer aldığını və Ukrayna üçün də önəmli mesaj olduğunu bildirib.

Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə İşçi Qrupun rəhbəri, millət vəkili Əlibala Məhərrəmzadə müəllifə təşəkkür edərək kitabın rəmzi məna daşıdığını vurğulayıb: “Bu il Qələbənin beş illiyini qeyd edirik və belə bir kitabın məhz bu vaxtda işıq üzü görməsi mühüm hadisədir. Müharibənin hər gününü ayrıca təsvir edən bu əsər hadisələri sistemli şəkildə əks etdirir. Xüsusilə də müəllifin Ukraynadan olan dostumuz olması simvolikdir”.

Millət vəkili əlavə edib ki, Azərbaycan və Ukrayna oxşar mübarizələr aparır və hər iki xalqın məqsədi ədalətli sülhə nail olmaqdır.

Tədbirdə professor Şəlalə Həsənova, Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü Azər Həsrət, hərbi ekspert Üzeyir Cəfərov və digər çıxış edənlər kitabın başqa dillərə tərcüməsinin vacibliyini qeyd ediblər.

Təqdimatın sonunda müəllifin iştirakı ilə imza mərasimi keçirilib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
30
7
ayna.az

8Источники