RU

Rusiya XİN NATO-nu ittiham etdi – Kalininqrad vilayətini blokadaya hazırlayır

“NATO Baltikyanı ölkələrdə hərbi mövcudluğunu gücləndirir və Kalininqrad regionu üçün blokada ssenarilərini tətbiq edir”.

NOCOMMENT.az xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko “İzvestiya” nəşrinə müsahibəsində bildirib.

“Alyansın təlimləri zamanı Kalininqrad vilayətinin blokadası kimi ssenarilər tətbiq olunur. [Baltikyanı] regionun aktiv şəkildə hərbiləşdirilməsi, koalisiya qüvvələri və vasitələri ilə onun şişirdilməsi gedir”, – deyə Qruşko vurğulayıb.

Onun sözlərinə görə, belə vəziyyətdə gərginliyi azaltmaq üçün dialoq imkanları son dərəcə məhduddur. Ona görə də Rusiya bütün mövcud beynəlxalq hüquqi və digər mexanizmlərdən istifadə edərək öz maraqlarını və təhlükəsizliyini müdafiə etməyə hazırlaşır.

“The Moscow Times” xatırladıb ki, iyul ayında ABŞ Ordusunun Avropa və Afrika qüvvələrinin komandanı və NATO quru qüvvələrinin komandanı general Kristofer Donahyu alyansın Kalininqrad vilayətində Rusiya qüvvələrinin müdafiə potensialını boğmağı planlaşdırdığını bildirmişdi. NATO-nun Avropadakı qoşunlarının keçmiş komandanı Ben Hoces də qeyd etmişdi ki, alyans qüvvələri Rusiyanın blok ölkələrindən birinə hücumunun “ilk saatlarında” Kalininqradda rus qoşunlarını və hərbi infrastrukturu məhv etməyə qadirdir.

Oktyabrın sonunda Litva prezidenti Gitanas Nauseda təhlükəsizlik baxımından Kalininqrad vilayətinə tranzitin məhdudlaşdırılmasını təklif edib.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bu addımı “təxribat” adlandırıb. Kreml isə öz növbəsində istənilən halda regionla əlaqəni təmin edəcəyinə söz verib.

Xatirə SADİQ

Избранный
27
nocomment.az

1Источники