RU

Dabaq xəstəliyinə görə ət yeməyə qorxursuzsa... Mütəxəssis əti əvəz edəcək qidaları AÇIQLADI

Redaktor.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Son günlər dabaq xəstəliyinin yayılması ilə əlaqədar olaraq bir çox insan ehtiyat məqsədilə ət və ət məhsullarının istehlakını azaldıb. Lakin mütəxəssislər bildirirlər ki, ətin rasiondan tam çıxarılması orqanizmdə bir sıra vacib qida maddələrinin, xüsusilə B12 vitamini, dəmir və zülalın çatışmazlığına səbəb ola bilər.

Bəs orqanizmin bu vacib maddələrə olan tələbatını ətsiz şəkildə necə ödəmək mümkündür?

Mövzu ilə bağlı Redaktor.az-a danışan qida eksperti Asim Vəliyev bildirdi ki, bir müddətdir ki, dabaq xəstəliyinin yayılması ilə bağlı xəbərlər səngimək bilmir və əksəriyyətimizdə təbii narahatlıq yaradır:

"Nəticə olaraq da ət yeməkdən çəkinirik. Əvvəla onu deyə bilərəm ki, etibarlı mənbələrdən, baytarlıq nəzarətindən keçmiş ətlər alaraq, düzgün emal edərək istifadə edə bilərsiniz. Dabaq xəstəliyinin yayılması aidiyyəti üzrə qarşısı alınır və mümkün önləm tədbirləri görülür. Ət insan orqanizmi üçün əsas zülal, dəmir, sink, fosfor və B12 vitamini mənbəyidir. Bu maddələr əzələlərin qurulması, immun sisteminin güclənməsi və qırmızı qan hüceyrələrinin yaranması üçün vacibdir. Hər bir halda istər dabaq xəstəliyi yayılan dövrdə, istər digər dövrlərdə bişirilmə şəraitinə və mənşəyə əmin olunmayan ətin istifadəsi risklidir. Əgər bütün bu qeyd etdiklərimiz fonunda yenə də qorxu və narahatlığınız keçmirsə, o zaman müəyyən müddət ət qəbulunu azaltmaq, onu sağlam bitki və süd mənşəli alternativlərlə əvəz etmək məqsədəuyğun olar".

Mütəxəssisin sözlərinə görə, lobya, noxud, mərci və soya zülal baxımından ətə ən yaxın qidalar sayılır:

"100 qram bişmiş mərci təxminən 9 qram zülal verir. Soya məhsulları tam zülal tərkibinə malikdir və amin turşuları baxımından ətə bərabərdir. Bu qidalar həm də liflə zəngindir, bu isə həzmi yaxşılaşdırır və xolesterini azaldır. Həmçinin bir ədəd yumurtada təxminən 6-7 qram yüksək keyfiyyətli zülal olur. Həmçinin B12, D vitamini və dəmir baxımından da faydalıdır. Əgər ətin mənşəyinə şübhə varsa, gündə 1-2 yumurta orqanizmin zülal ehtiyacının bir hissəsini qarşılaya bilər. Qatıq, kefir, pendir və süd həm zülal, həm də kalsium mənbəyidir. Pendir xüsusilə B12 vitamini və fosforla zəngindir. Bu qidalar sümükləri və əzələləri möhkəmləndirir, immuniteti artırır. Laktaza çatışmazlığı olan şəxslər üçün laktozsuz variantlar da mövcuddur. Balıq və dəniz məhsulları təhlükəsiz və çox faydalı alternativdir. Balıq omega-3 yağ turşuları, D vitamini və yüngül mənimsənilən zülalla zəngindir".

Asim Vəliyevin sözlərinə görə, qoz, badam, fındıq, kətan toxumu bitki mənşəli zülal və sağlam yağlarla zəngindir.

"Bunlarda E vitamini, maqnezium və antioksidantlar çoxdur. Gündə bir ovuc bu məhsullardan qəbul etmək həm enerji verir, həm də orqanizmin zülal balansını qoruyur. Yulaf, qəhvəyi düyü, qarabaşaq və tam buğda çörəyi də orqanizmi enerji ilə təmin edir. Eyni zamanda B qrupu vitaminlərinin təbii mənbəyidir. Bu məhsullar paxlalılarla birlikdə qəbul edildikdə amin turşularının balansı tamamlanır və ət qədər effektiv zülal mənbəyinə çevrilir. Nəzərə almalıyıq ki, ət əvəzinə seçilən qidalar təbii, təzə və gigiyenik şəkildə hazırlanmalıdır", - deyə mütəxəssis vurğuladı.

Nuriyyə NATİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
5
1
redaktor.az

2Источники