RU

“Yeni nəsil qəzetin nə olduğunu belə bilmir, bağlanmaq qaçılmazdır” - Mətbuat Şurasının sədri ilə MÜSAHİBƏ

Son illər çap mətbuatı ciddi tənəzzül dövrünə qədəm qoyub. Qəzet köşklərinin boş qaldığı, oxucu marağının azaldığı bir vaxtda artıq “kağız media”nın sonunun gəlib-gəlmədiyi sualı daha çox səslənir. Azərbaycan Mətbuat Şurasının sədri, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid bildirib ki, yazılı mətbuatın gələcəyi yoxdur və qəzetlərin yaşaması artıq mümkünsüz görünür. Onun fikirləri sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub, bir çox jurnalist Mətbuat Şurasının sədri ilə razılaşmır. Onlar hesab edirlər ki, problem texnologiyada deyil, yanaşmadadır.

Rəşad Məcid məsələ ilə bağlı “Yeni Sabah”ın suallarını cavablandırıb. 

- Qəzetlərin bağlanma məsələsinin indi gündəmə gəlməyi nəylə bağlıdır? Yaxın vaxtlarda bağlana bilərmi? Pepperoni pizza

- Mənim fikirlərimdə hər hansı rəsmi mövqe yox idi, sadəcə olaraq, səmimi fikirlərimi bölüşmüşdüm. Müşahidələrimə əsasən deyə bilərəm ki, son vaxtlar qəzet oxuyanlar çox azalıb. Bu, həqiqətdir və yəqin ki, çox adam razılaşar. Qəzet oxuyanlar ancaq yaşlı nəsildir, gənc nəsil demək olar ki, qəzetlərdən xəbərsizdir. Hətta mən qəzetin nə olduğunu belə bilməyən gənclər tanıyıram. Mən özüm də məqalələri çox vaxt saytlardan telefon vasitəsilə oxuyuram. Yazılı mətbuat bu gün ağır dövrünü yaşayır. Bu günlərdə yazılı mətbuatın mövcud olması ancaq Azərbaycan dövlətinin dəstəyi hesabına mümkün olub. Artıq uzun illərdir ki, dövlət yazılı mətbuata maddi dəstək verməklə onları məhv olmaqdan qoruyub. Bu dəstək indi də var, çox güman ki, hələ yaxın illərdə də davam edəcək. Mən, ümumilikdə yazılı mətbuat barədə fikirlərimi demişəm, amma dövlətin dəstəyi hesabına yazılı mətbuat hələ ki, ayaqdadır və yaşayacaq.

- Siz “yazılı mətbuatın yaşaması mümkünsüzdür” deyirsiniz. Bəs “525-ci qəzet” bu reallıqda nə qədər davam edə biləcək? Bağlanmaq ehtimalı varmı?

- Mən “525-ci qəzet”in baş redaktoru kimi son 15 ildə ən müxtəlif vasitələrlə yazılı mətbuatın hansı formada gündəmdə qala biləcəyi barədə baş sındırmışam. “525-ci qəzet” əsasən, ziyalıların qəzetidir, mədəniyyət, maarifçilik, tariximizlə bağlı məqalələrlə müəyyən stabil oxucu kütləsi qazanıb. “525-ci qəzet”i oxuyurlar, onların bir çoxu yaşlı nəslin nümayəndələridir, onlar qəzeti onlayn yox, məhz ənənəvi formada oxumağa üstünlük verirlər.

Amma şübhəsiz ki, zaman dəyişib, bu gün bir çox müəlliflərin belə qəzet almadığını, yazısını onlayn versiyada oxumaq üçün gözlədiyinin şahidi oluram. Bu, acı reallıqdır. Ömrünü qəzetçiliyə sərf edən adam kimi, mən və mənim jurnalist dostlarım əlbəttə, təəəssüflənirik, bu, bizim üçün acı gerçəklikdir, lakin reallıqdır. Dünya sürətlə dəyişir, biz də bu reallıqla ayaqlaşmalıyıq, mən dəfələrlə qəzetin əməkdaşlarına, redaktorlara demişəm ki, fikirləşmək lazımdır, artıq onlayn versiyanı daha təkmil etməliyik.

- Xarici ölkələrdə də texnologiya inkişaf edib, amma orada qəzetlər yenə oxunur deyirlər. Sizcə, bizdə fərqi yaradan nədir, oxucu, yoxsa mətbuatın özü?

- Məncə, bir çox ölkələrdə hələ də qəzet oxunur demək bir az reallığı əks etdirmir. Mən bir çox xarici ölkədə olmuşam. Bu gün ən çox tirajlı qəzetlərin belə tirajı hədsiz azalıb. Türkiyədə də, digər ölkələrdə küçələrdə qəzet oxuyan adam görmək nadir hallarda olur.  “Xarici ölkələrdə qəzet oxuyan qalıb” demək bizim təskinliyimizdir. Bu proses bütün dünyada baş verir.

- Rəşad bəy, yeni nəsli qəzetə qaytarmaq üçün nələrsə etmək olar?

- Yeni nəsil, ümumiyyətlə, qəzet oxumur. Mən bir neçə dəfə gənclər arasında qəzetə münasibəti görmüşəm. Bəziləri heç ömrü boyunca əlinə qəzet almayıb. Bəziləri heç qəzetin nə olduğunu bilmir. Onlar xəbərləri onlayn mətbuatdan, sosial şəbəkələrdənoxuyurlar. Çox təəssüf ki, bu xəbərlərin də bir çoxu qeyri-dəqiq olur. Sosial media bu gün meydan sulayır. Bu isə bizim üçün – peşəkarlar üçün nə qədər acı olsa da, reallıqdır. Amma düşünürəm ki, bu xaotik dövr keçib gedəcək.

- Həmkarlarınızda belə bir fikir var ki, çap yoxa çıxsa, peşəkar jurnalistika da onunla gedəcək. Bununla razısınız?

- Peşəkar medianın məhz qəzetçilikdə formalaşması fikrinin tərəfdarıyam. Çox təəssüf ki, yeni media peşəkarlığı xeyli dərəcədə azaldır. Azərbaycan klassik mətbuatında olan araşdırma, müsahibə, reportaj kimi janrlar sıradan çıxır. Yeni media xırda və yüngül xəbərlərə üstünlük verir. Bu isə əlbəttə ki, ömrünü jurnalistikaya həsr edən insanlar üçün məyusedicidir. Amma mən yenə də ümidliyəm ki, bu mərhələ keçici xarakter daşıyır. Zamanla oxucular yenidən peşəkar və məsuliyyətli mediaya maraq göstərəcəklər. Düşünürəm ki, Azərbaycan mediası formasını dəyişəcək, lakin peşəkarlığı qorumaqla oxucunu saxlamağı bacaracaq.

Əsmətxanım Rzazadə 


Telegram kanalımız
Избранный
32
yenisabah.az

1Источники