RU

Azərbaycan dili və yad təsirlər- Prezidentin çağırışından sonra nə etməliyik?

Prezidenti İlham Əliyev AMEA-nın 80 illik yubileyinə həsr edilmiş konfransda çıxışı zamanı Azərbaycan dilinə dair bir neçə mühüm məqamlara toxunub, tapşırıqlar verib. Onun “…əgər orijinal Azərbaycan sözü varsa, onu xarici sözü ilə əvəz etmək ya səhvdir, ya da təxribatdır” fikri geniş material verir və əsaslı tezislər müəyyələnləşdirir.
Ən vacib sual isə budur – Ölkəmizdə istifadə olunan hansı əcnəbi sözlər Azərbaycan dili üçün böyük təhlükə yaradır? Bu suala cavab tapmaq üçün əsasən 3 istiqamətə diqqət etməliyik:
BİRİNCİSİ türk dili yox, Türkiyə türkcəsi! Türkiyə türkcəsi – bu, daha çox normativ təhdidlər yaradır, Azərbaycan dilinin fonetika və sintaksisini məhv edir. Daha çox Türkiyə seriallarının təsiri altında və qismən isə mədəni əlaqələrin genişlənməsi fonunda ortaya çıxan real və acı mənzərə “türk dünyasına inteqrasiya”, “mədəni yaxınlıq” adı altında ört-basdır edilsə də, Azərbaycan dilinin mental yaddaşına və mədəni-ideoloji dayaqlarına sarsıdıcı zərbələr vurur. Türkiyə türkcəsinə aid sözlər Azərbaycana süni şəkildə daxil olub, daha çox gənc qızlar və serialların təsiri altında bihuş olan savadsız insanlar tərəfindən istifadə edilməkdədir. Türkçülük yox, “türkiyəçilik”dən doğan elastik təəssübkeşlik hətta ölkəmizdə kifayət qədər tanınan qələm adamlarının da bu sözlərdən geniş istifadəsinə rəvac verib. Bu dildə “abi” sözündən başqa heç bir söz Azərbaycan xalqının genetik ruhuna yapışmayıb. “Abi” sözü doğmalıq ifadə etsə də, Türkiyədə öz səmimi tərəflərini çoxdan itirib. Azərbaycan uşaqları Türkiyə multfilmlərinin ağır zərbələri altında travmalar alır, bu multfilmlər böyüklər üçün nəzərdə tutulan sevgi seriallarının “körpə” formasıdır. Qayə, mahiyyət eynidir. “Aşkım, “kayınpederim”, “kocam” və s. kimi kifli serial sözləri multfilmləri də bəzəməklə yanaşı, uşaqların dilində bitib. Uşaqların Türkiyə türkcəsinin orbitinə düşməsi genefondumuzu da melodik təzyiqlərə məruz qoyur. Kuryoz xəstəliyimiz də var – Türkiyə türkcəsində – multfilmlərlə böyüyən uşaqlar təhsil almağa başlayanda birbaşa rus bölməsinə göndərilir.
İKİNCİSİ, ingilis dili (plaza dili) – insanların düşüncə müxanizminə lokal hücumlar etməklə, “texniki düşüncə” forması yaradır. Daha çox müasir, Avropa təhsilli, yenilikçi görünməyən istəyən gənc və orta yaşlı insanlar istifadə edir. Cəmi 3 ay Avropada kurs keçərək Vətənə dönür, hesab edir ki, ingilis sözlərindən istifadə etməklə daha cəlbedici görünə biləcək. Açığı desək, alınır da, kadr məsələlərində belələri daha çox önə çəkilir. “Mənə call gəldi”, “Meeting var”, “save etdim”, “bir az go edək”, “beynimi reflesh edirəm” və s. kimi yersiz ifadələr gənc kadrların gündəlik danışıq menyusuna daxil olan əsas ifadələrdir. Bu, daha çox mental müstəqllik təhlükəsi yaradır. Hazırda ingilis dilində danışmaq “intellekt göstəricisi” hesab olunur.
ÜÇÜNCÜSÜ, rus dili – müstəmləkə tarixinin ideoloji yaddaşı kimi xarakterizə etmək olar. Azərbaycan dilinin mühafizəsi ilə məşğul olduğunu iddia edən türkçü alimlərin, professorların, şair-yazıçıların əksəriyyətinin nəvə-nəticələri rus bölmələrində təhsil alırlar. Bununla yanaşı, rus dili Azərbaycana təbii şəkildə daxil olub: elm, texnika, mədəniyyət vasitəsilə rus dili ictimai münasibətlərin də əsas kodlardan birinə çevrilib. Azərbaycan dilinin kimliyini təhdid altına almır. Azərbaycan dilinin nəhəng alimləri sovet dövründə yetişib, dilin fundamental elmi bazası məhz bu dövrdə formalaşıb. İndiyə qədər rus dilində heç bir söz Azərbaycan dili üçün təhlükə yaratmayıb. Elə bir nümunə yoxdur. Rus dilinin geniş istifadəsi institusional risk – düşüncəni və iqtisadi təfəkkürü yönləndirən təhdid hesab oluna bilər, amma Azərbaycan dilinin əhəmiyyəti artmadıqca, bu, belə də davam edəcək.
Dəhşətlisi budur ki, Azərbaycanda elm adamları ev, medal, vəzifə davası aparır və dilin mühafizə sisteminin qurulması istiqamətində heç bir addım atmırlar.
Halbuki, Prezident İlham Əliyev növbəti dəfə dilin mühafizəsi məsələsini önə çəkməklə mühüm çağırış edir. Əminəm ki, dilimizin mühafizəsinin qurulması prosesi ilə bağlı əsaslı təkliflər Prezident tərəfindən xüsusi diqqətlə qəbul edilə bilər. Amma alimlər işləmir, heç bir sahədə dilin qorunması məsələsi prioritet deyil.
Qısası, Azərbaycan dlinin əhəmiyyəti artmaqdıqca, ölkəmizdə digər dillərin əhəmiyyəti kosmik sürətlə artmış olacaq. Ölkədə təhsilin, elmin səviyyəsi o qədər aşağıdır və milli dəyərlər o qədər zərbələnib ki, Azərbaycan dilinin əhəmiyyətini artırmaq müşkülə çevrilib. Əgər bu baş verərsə, digər dillər Azərbaycan dili üçün ideoloji təhdidə çevrilməyəcək. Başqa dilləri qadağan etmək yox, öz dilimizi təmizləməliyik. Ölkədə əksər ictimai-iaşə obyektlərinin adı əcnəbi dilindədir.
Samir Feyruzov
Избранный
39
1
tribunainfo.az

2Источники