RU

İstanbul görüşü: Atəşkəsdən sabitliyə keçidin başlanğıcı

ain.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.

Noyabrın 3-də İstanbulda Türkiyənin xarici işlər naziri Hakan Fidanın ev sahibliyi ilə, Səudiyyə Ərəbistanı, Pakistan, İndoneziya, İordaniya, Birləşmiş Ərəb Əmirlikləri və Qətər nümayəndələrinin iştirakı ilə keçirilən görüş formal olaraq atəşkəs gündəminin davamı kimi görünsə də, verilən mesajlar prosesin ağırlıq mərkəzinin artıq növbəti mərhələyə keçdiyini göstərir. Yəni, tərəflər atəşkəsin uzanacağını ehtimal edir, diqqəti isə atəşkəsdən sonrakı idarəetmə və təhlükəsizlik dizaynına yönəldirlər.

Bu kontekstdə iki istiqamət formalaşır: birincisi, qısamüddətli perspektivdə Qəzzanın özbaşına hücumlardan qorunması üçün mandatlı beynəlxalq gücün yaradılması, ikincisi isə orta və uzunmüddətli mərhələdə Fələstin daxilində institutlaşmış təmsilçilik və 1967 sərhədləri əsasında iki dövlətli həllin müzakirəsidir.

Hakan Fidanın vurğuları iştirakçı dövlətlərin atəşkəsin davamı və İsrailin qətliam siyasətinin yenidən başlamaması məsələsində həmfikir olduqlarını göstərir. Lakin bəyanatların dili və ardıcıllığı göstərir ki, əsas məqsəd atəşkəsin gündəlik idarəsi deyil, onun sonrakı mərhələsini, yəni, legitim təhlükəsizlik mexanizmini və idarəetmə mandatını formalaşdırmaqdır. Bu baxımdan planın 15-ci maddəsində nəzərdə tutulan beynəlxalq sabitlik qüvvəsi həlledici əhəmiyyət daşıyır. Bu qüvvənin hüquqi mandatının BMT Təhlükəsizlik Şurası tərəfindən təsdiqlənməsi onun legitimliyini təmin edəcək, eyni zamanda Qəzzada təhlükəsizlik boşluğunu dolduracaq və idarəetmənin fələstinlilərdən ibarət struktura ötürülməsi üçün keçid körpüsü yaradacaq.

Bu qüvvənin tərkibi və fəaliyyət prinsipləri regional balans baxımından xüsusi önəm kəsb edir. İndoneziya kimi neytral mövqedə olan ölkələrin yüksək kontingent öhdəliyi missiyanın qəbulunu asanlaşdıra bilər. Bununla belə, İsrailin Türkiyənin iştirakı ilə bağlı narazılığı və ABŞ-ın fərqli mövqeyi prosesin gedişinə təsir edən amillərdəndir. Əgər Türkiyənin birbaşa hərbi iştirakı məhdudlaşarsa, Ankara komanda-nəzarət, logistika, təlim və humanitar koordinasiya istiqamətlərində daha aktiv rol oynaya bilər.

Fələstin daxilində uzlaşma isə bu prosesin ən mürəkkəb hissəsidir. Hamasın Qəzzanın idarəsini fələstinlilərdən ibarət komitəyə təhvil verməyə hazır olduğunu bəyan etməsi real perspektiv yaradır, lakin bu strukturun təmsil, legitimlik və mandat məsələlərində konsensus tapması vaxt aparacaq. Qəzza ilə Qərb Sahilinin əlaqələndirilmədiyi şəraitdə isə sabitlik mümkün deyil. Bu səbəbdən həm təhlükəsizlik, həm də siyasi uzlaşma eyni anda və qarşılıqlı şəkildə irəliləməlidir.

Hazırkı mərhələdə ən real hədəf Qəzzanın İsrailin özbaşına hücumlarından hüquqi mandatla qorunmasıdır. BMT vasitəsilə yaradılacaq hərbi qüvvə bu məqsədi təmin edə bilər. Bu qüvvənin effektivliyi prosesə cəlb olunan dövlətlərin sayından, nüfuzundan və siyasi iradəsindən asılı olacaq. Onlar həmçinin Fələstin tərəfləri ilə dialoq apararaq Qəzza zolağında idarəetməni üzərinə götürəcək aktoru müəyyənləşdirməkdə həlledici rol oynayacaqlar. Bu konkret addımlar atıldıqdan sonra orta və uzunmüddətli perspektivdə daimi sülhdən danışmaq daha məntiqli olacaq.

Prosesin istiqamətini tərsinə işlətmək, yəni əvvəlcə sülhdən danışıb sonra onun mexanizmini qurmaq artıq dəfələrlə nəticəsiz qalıb. Buna görə də, ən məqsədəuyğun yanaşma əvvəlcə qoruma və idarəetmə sütunlarını möhkəmləndirmək, daha sonra status məsələsini danışıqlar vasitəsilə həll etməkdir. İstanbul görüşü məhz bu məntiqi dəyişimin təzahürüdür, “atəşkəsi necə uzadaq?” sualından “sabitliyi necə institutlaşdıraq?” mərhələsinə keçidin başlanğıcıdır. Bu ardıcıllıq həm sahədə humanitar sabitliyi təmin edər, həm də siyasi həll üçün zəruri etimad kapitalını formalaşdırar.

Ruslan Zəngəzur

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
26
1
bakivaxti.az

2Источники