Bakı, 6 noyabr, AZƏRTAC
İntellektual, etik, hüquqi və idarəetmə mədəniyyəti hər bir cəmiyyətin inkişafında əsas dayaqlardan biridir. Bu dəyərlər bir-birini tamamlayaraq dövlətin və xalqın tərəqqisinə xidmət edir. İntellektual mədəniyyət bilik və yaradıcılıq potensialını artırır, etik mədəniyyət insanlarda məsuliyyət və düzgün davranış prinsiplərini formalaşdırır, hüquqi mədəniyyət qanuna hörməti möhkəmləndirir, idarəetmə mədəniyyəti isə səmərəli qərarların qəbuluna və şəffaflığın təmininə şərait yaradır.
AZƏRTAC xəbər verir ki, bu sözləri "Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının sədri, professor Fuad Məmmədov “Qərbi Azərbaycana qayıdış” mövzusunda keçirilən ictimai müzakirədə söyləyib.
O bildirib ki, elm inkişaf etməsə və etik prinsiplər formalaşmasa, texnoloji imkanlarımız geri qala bilər. Buna görə də biz zamanın çağırışlarına operativ cavab verməli, elmi tədqiqatları, etik normativləri və idarəetmə prinsiplərini gücləndirməliyik.