RU

Moris Leblanın ikonik personajı Arsen Lüpen kim idi?

ain.az, Kulis.az saytına istinadən bildirir.

Bu gün tanınmış fransız yazıçı Moris Leblanın anım günüdür.

Kulis.az bu münasibətlə Artun Qacarın "İkonik qəhrəman- alicənab oğru Arsen Lüpen haqqında bilinməyənlər" yazısını təqdim edir.

Detektiv romanlar oxucunu cəlb etmək üçün mükəmməl qurulmuş obrazlara və düşünülmüş hadisə xəttinə malik olmalıdır. Elə buna görə də, bu janrda saysız-hesabsız əsərlər yazılsa da, yalnız bir neçəsi yaddaşlarda qalaraq öz müəlliflərini belə kölgədə qoymuşdur. Bu unudulmaz obrazlardan biri də “Alicənab oğru” ləqəbli Arsen Lüpendir. Onun şöhrəti elə bir səviyyəyə çatmışdır ki, bəzən hətta öz yaradıcısı Moris Leblanı belə arxa planda buraxmışdır. Bu əfsanəvi obraz haqqında maraqlı faktları topladıq.

Yazıçı haqqında

Əfsanəvi Arsen Lüpen obrazını yaratmış fransız yazıçı Moris Leblan 1864-cü ildə Fransada dünyaya gəlmişdir. O, bir çox ölkədə müxtəlif sahələr üzrə təhsil alsa da, hüquq fakültəsində oxuduğu illərdə ədəbiyyata olan marağı üstün gəlmiş və təhsilini yarımçıq qoyaraq yazıçılığa başlamışdır. Diplom əldə etməsə də, aldığı çoxşaxəli biliklər sayəsində bir çox mövzuda yazmaq üçün zəngin təcrübəyə sahib olmuşdur. 1905-ci ildə yaratdığı Arsen Lüpen obrazı ona dünya şöhrəti gətirmişdir. Leblan sonralar digər personajlar yaratsa da, “Alicənab oğru” onun ən qiymətli qəhrəmanı olaraq qalmış və 1930-cu ilə qədər onun haqqında yazmağa davam etmişdir. 1941-ci ildə vəfat edən yazıçı Fransa dövlətinin ali mülki ordenlərindən biri olan "Legion d’honneur" ilə təltif edilmişdir.

“Alicənab oğru” kimdir?

Arsen Lüpen - Moris Leblanın qələmindən çıxmış, oğruların ustası, eyni zamanda centlmenliyin simvolu sayılan bir personajdır. Onun macəraları 25 kitabda toplanmışdır. Lüpen, 19-cu əsrin sonlarında Avropa və Amerikada böyük populyarlıq qazanan Şerlok Holms fenomeninə bir növ cavab olaraq yaradılmışdır.

Arsen Lüpenin keçmişi

Arsen Lüpen 1874-cü ildə doğulmuşdur. Atası idman müəllimi olmuş, ona boks və qılıncoynatma dərsləri vermişdir. Beləcə, Lüpenin döyüş sənətlərinə marağı erkən yaşlarında formalaşmışdır. Onu Viktoriya adlı dayə böyütmüş və bu münasibət roman boyunca davam etmişdir. Daha sonra valideynləri ayrılmış, anası zadəgan qohumlarının evində qulluqçu kimi işləməyə məcbur olmuşdur. Ailəsinə qarşı olan haqsızlığa etiraz olaraq Lüpen həmin evdən qiymətli bir boyunbağı oğurlamışdır. O, 18 yaşına qədər hüquq, tibb, aktyorluq və döyüş sənətləri üzrə təhsil almış, bu sahələrdə mükəmməl nəticələrə nail olmuşdur.

Xarakter xüsusiyyətləri

Arsen Lüpenin ən seçilən cəhəti onun centlmenliyi və nikbinliyidir. O, daim gülərüz, zarafatcıl və pozitivdir. Oğurluğu sadəcə bir cinayət deyil, ağıllı bir oyun kimi qəbul edir. Heç vaxt kasıblara toxunmaz, hədəfini hər zaman təkəbbürlü və acgöz varlılardan seçər. Qadınlara qarşı isə hər zaman hörmətlidir və cazibəsi ilə istədiyini əldə etməyi bacarır. Silahdan istifadə etməyi xoşlamasa da, nişançılığı mükəmməldir. Qan görməkdən nifrət edir. Jiu-jitsu biliyinə sahibdir. Ən diqqətçəkən xüsusiyyətlərindən biri isə hər oğurluqdan sonra hadisə yerində öz vizit kartını qoymasıdır.

Görünüşü

Arsen Lüpenin dəqiq görünüşünü təsvir etmək demək olar ki, mümkünsüzdür – çünki o, ustalıqla dəyişir. O, səsindən mimikasına qədər hər detalı təqlid edə bilən əsl aktyordur. Romanlarda hadisələrin şahidi olan köməkçi personaj Moris belə etiraf edir:

“Onu iyirmi dəfə gördüm, hər dəfə fərqli bir insan idi. Bir dəfə özü demişdi: "Artıq kim olduğumu bilmirəm. Aynada özümü tanıya bilmirəm."

“Alicənab oğru”nun yaranması

Arsen Lüpen obrazı Şerlok Holmsun dünya miqyasında qazandığı şöhrətin ardından meydana gəlmişdir. 1905-ci ildə “Je sais tout” adlı jurnalı təsis edən jurnalist Pyer Lafitt, oxucuların diqqətini cəlb edəcək Holms tipli bir qəhrəman yaratmaq istəyir və bu məqsədlə dostu Moris Leblana müraciət edir. Leblan həmin ilin iyulunda zərif, çevik, maskalanma ustası olan Arsen Lüpeni yaradır. Qəhrəman qısa müddətdə oxucuların sevgisini qazanır və Fransa ədəbiyyatının əfsanəsinə çevrilir.

İlham mənbələri

Leblanın Arsen Lüpeni yaradarkən ilham aldığı iki əsas mənbə olmuşdur: Şerlok Holms və dövrün məşhur fransız oğrusu Marius Jakob. Yazıçı dövrün qəzetlərindəki hadisələri izləyərək real xarakterlərdən bəzi xüsusiyyətləri obrazına əlavə etmişdir. Holmsun intellektual oyunları ilə Jakobun cəsarətli və yumorlu oğurluqları birləşərək “Alicənab oğru”nu formalaşdırmışdır.

Real həyatda Lüpen

Marius Jakob – gülməcəyə meylli fransız anarxisti – Lüpen obrazının əsas ilham qaynağı sayılır. O, gənclik illərində mətbəədə işləyib, daha sonra siyasi fəaliyyətlərinə görə həbs olunmuşdur. Azadlığa çıxdıqdan sonra yalnız varlı təbəqəni hədəf alan oğurluqlara başlamış, hadisə yerlərində yumor dolu qeyd və ya kartvizitlər buraxmışdır. Bu vərdiş sonradan Arsen Lüpen obrazında da öz əksini tapmışdır. Jakob bir dəfə tutulsa da, özünü dəliliyə vuraraq ruhi xəstəxanaya göndərilmiş, sonra oradan qaçaraq fəaliyyətinə davam etmişdir.

Arsen Lüpen kitabları

Fransız ədəbiyyatında mühüm yer tutan Arsen Lüpenin 25 kitabı mövcuddur. Bunların sırasına “Arsen Lüpen Herlok Şolmsa qarşı”, “Boş iynənin sirləri”, “813”, “Kristal tıxac”, “Arsen Lüpenin etirafları”, “Qızıl üçbucaq”, “Pələng”, “Doktor Kaqlastro”, “Müfəttiş Barnett və Ortakları”, “Sirli ev” və “İkiüzlü qadın” kimi nəşrlər daxildir.

Müasir dövrdə uyğunlaşdırmalar

1908-ci ildən bəri Arsen Lüpen obrazı bir çox ölkədə səhnələşdirilmiş və tamaşaçılar tərəfindən böyük maraqla qarşılanmışdır. İncə bığlı, silindr papaqlı, qara fraklı və ağ əlcəkli “Alicənab oğru” imici bu tamaşalar sayəsində simvola çevrilmişdir. Lüpenin həmçinin özünəməxsus komiks seriyası, 1971–1974-cü illər arası yayımlanan televiziya serialı və 2004-cü ildə Jan-Pol Salomenin rejissorluğu ilə çəkilmiş filmi mövcuddur.

Müasir dövrdə isə bu əfsanəvi obrazdan ilhamlanaraq serial çəkilərək "Netflix"də yayımlanmış və keçmiş "Alicənab oğru”nun ruhunu müasir dünyaya daşıyır. Arsen Lüpen yalnız bir oğru deyil, zəkası, zarafatı və etik prinsipləri ilə ədəbiyyatın ən unikal qəhrəmanlarından biridir. O, bir əsr öncə yaradılmış olsa da, bu gün də oxucuların və tamaşaçıların sevimlisidir — çünki o, həm azadlıq, həm də zəkanın simvoludur.

Sənət dünyasını silkələyən məşhur muzey soyğunları

"Yazıçı aradan çəkilərsə... " - Mixail Baxtinin forma və ideologiyaya baxışı necə idi?

Əkbər Nəcəf: "Biz tarixə coğrafiya üzərindən, İran isə milli kimlik üzərindən baxır" - Açıqlama

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
15
kulis.az

1Источники