RU

“Dəyişikliklər paketi 2026-cı ildən etibarən büdcə-fiskal çərçivə ilə uzlaşdırılıb” - Orxan Nəzərli

“Hazırlanmış dəyişikliklər paketi 2026-cı ildən tətbiq olunacaq büdcə-fiskal çərçivə ilə tam uyğunlaşdırılıb. Təkliflər sosial-iqtisadi inkişaf strategiyasına uyğun olaraq dövlət büdcəsinin dayanıqlığının təmin olunması, strateji sahələrin inkişafının stimullaşdırılması, investisiya mühitinin və kapital qoyuluşlarının artırılması hədəfləri nəzərə alınmaqla hazırlanıb”. SİA xəbər verir ki, bunu Milli Məclisdə keçirilən komitə iclasında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli deyib.

Orxan Nəzərli bildirib ki, layihədə Prezidentin müvafiq fərman və sərəncamlarından irəli gələrək Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişaf proqramı çərçivəsində vergi və sosial sığorta güzəştləri, balıqçılıq və kənd təsərrüfatı sektoruna dövlət dəstəyinin genişləndirilməsi nəzərə alınıb. Eyni zamanda muzdlu iş üzrə vergi güzəştlərinin tənzimlənməsi, aksiz siyasətinin beynəlxalq tələblərə uyğunlaşdırılması, yerli avtomobil istehsalının təşviqi, daxili bazarın qorunması, vergi nəzarətinin və şəffaflığın artırılması, qanunsuz sahibkarlıqla mübarizənin gücləndirilməsi layihədə əsas istiqamətlərdədir.

Layihə 3 əsas blokdan ibarət olmaqla, ümumilikdə 45 maddə üzrə 145 dəyişiklik təklifini əhatə edir. Orxan Nəzərli qeyd edib ki, dəyişikliklər sahibkarlıq fəaliyyətinin stimullaşdırılmasına, vergi yükünün azaldılmasına, vergi daxilolmalarının səmərəli tənzimlənməsinə və kölgə iqtisadiyyatı ilə mübarizəyə yönəlib.

Dövlət Vergi Xidmətinin rəisi əlavə edib ki, dəyişikliklər iqtisadiyyatın strateji sektorlarını – yerli avtomobil istehsalı, gəmiqayırma, neft-qaz sənayesi, dövlət-özəl tərəfdaşlığı, balıqçılıq, kənd təsərrüfatı, ictimai iaşə və əmək bazarını əhatə edir və vergi güzəştləri bu sahələrdə əlavə dəyər yaratmağa xidmət edəcək.

O həmçinin işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən iri vergi ödəyicilərinin həmin ərazilərin rezidenti kimi tanınması və güzəştlərdən yararlanmasının investisiya cəlbediciliyini artıracağını vurğulayıb.

Orxan Nəzərli layihədə nəzərdə tutulan sosial sığorta dəyişikliklərini də qeyd edib: “Təklif olunan dəyişikliklər sosial sığorta sistemini daha ədalətli və şəffaf edir, fərdi sahibkarların və müxtəlif fəaliyyət sahələri üzrə sığorta öhdəliklərini optimallaşdırır, dövlətin sosial müdafiə mexanizmlərini gücləndirir. Yeni model dövriyyədən hesablanan sosial sığorta haqqı ilə minimum və maksimum hədləri müəyyən edir, həm yığım risklərini azaldır, həm də gələcək maliyyə öhdəliklərinin balanslaşdırılmasına imkan yaradır”.

Избранный
29
1
sia.az

2Источники