RU

59 yaşlı ana: “Körpə evliliyi xilas etməyəcək”

Respublika Klinik Xəstəxanasında 59 yaşlı qadın 23 illik gözləntidən sonra ana olub. Qadının yüksək qan təzyiqi ucbatından doğuş erkən baş tutub və körpə 31-32-ci həftədə dünyaya gəlib.

Hadisə sosial şəbəkələrdə geniş müzakirə olunub: bir qrup bunu “möcüzə” kimi dəyərləndirərək sevinib, digərləri isə bu yaşda doğuşun risklərini vurğulayıb.

Mövzu ilə bağlı klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov "Yeni Sabah"a bildirib ki, cəmiyyətin formalaşdırdığı “hər kəs valideyn olmalıdır” düşüncəsi bir çox insanı təzyiq altında saxlayır:

“Bu düşüncə ilə böyüyən insan sonradan özü də eyni modeli davam etdirmək istəyir. Əks halda özünü natamam hiss edə bilər. Lakin müəyyən yaşdan sonra ana olmaq həm tibbi, həm də psixoloji baxımdan riskləri artırır. Bu yaşda qadının enerjisi və həyat ritmi daha fərqli olur. Uşağın ehtiyaclarına tam uyğunlaşmaq çətinləşir, davamlı narahatlıq və təşviş hissi yaranır.

Uzun illər övlad həsrəti yaşamış qadın üçün uşağın dünyaya gəlməsi böyük sevincdir. Amma sevincin yanında real təhlükələr də var”.

Rövşən Nəcəfov əlavə edib ki, övlad sahibi olmaq qərarı emosiyalarla deyil, düşünülmüş şəkildə verilməlidir:

“Uşaq yalnız “uşaq sahibi olmaq” düşüncəsi ilə dünyaya gətirilə bilməz. Əsas məsuliyyət onun sağlam və xoşbəxt böyüməsidir. Əgər cütlük öz daxilində xoşbəxt deyilsə, uşaq bu xoşbəxtliyi yaratmayacaq. Əksinə, həyatları məcburiyyət və gərginlik üzərində qurulacaq. Uşaq evliliyin davam etməsi üçün bir vasitə deyil. Stereotiplərdən və “hamı kimi olmaq” təzyiqindən azad olmaq lazımdır. Övlad sahibi olmaq istəyən cütlüklərin həm tibbi, həm də psixoloji müayinədən keçməsi məqsədəuyğundur. Təcrübə göstərir ki, yaş artdıqca genetik risklər də artır”.

Psixoloq qeyd edib: “Bununla yanaşı, gec yaşda valideyn olan uşaqlar üçün zaman itkisi problemi mövcuddur. Valideynini erkən yaşda itirən uşaqlarda depressiv düşüncə tərzi və tərk edilmə qorxusu daha çox görünür”.

Əsmətxanım Rzazadə


Telegram kanalımız
Избранный
31
yenisabah.az

1Источники