RU

Şuşa Şəhəri Günü: “Qürurvericidir”

Cebheinfo portalından alınan məlumata görə, ain.az xəbər verir.

Noyabrın 8-i Azərbaycanda həm Zəfər Günü, həm də Şuşa Şəhəri Günü qeyd olunacaq.

Məhz 8 noyabr 2020-ci ildə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan Ordusu tərəfindən Şuşa şəhəri işğaldan azad olundu. Həmin gün tarixə əbədi həkk olundu.

Hətta Prezident İlham Əliyevin 2023-cü il 31 iyul tarixli Sərəncamına əsasən, hər il 8 noyabr tarixi Şuşa Şəhəri Günü kimi təntənəli şəkildə qeyd olunur. Ümumiyyətlə, işğaldan azad edilmiş şəhər günlərinin təsis olunması Vətən müharibəsində qazanılmış tarixi qələbəni əbədiləşdirmək məqsədi daşıyır.

Şuşa şəhəri tarixən Azərbaycanın mədəni, ictimai, siyasi həyatının mühüm mərkəzlərindən biri olub. Lakin işğal nəticəsində Şuşadakı bir sıra tarixi-mədəniyyət abidələrini düşmən talan edib, şəhərin memarlığına və milli-mədəni irsimizə misli görünməmiş ziyan vurub.

Şuşanın işğaldan azad edilməsindən dərhal sonra şəhərdə infrastrukturun qurulması ilə yanaşı, tarix və mədəniyyət abidələrinin bərpasına başlanılıb. Şuşa - Qarabağın tacı, bütün Qafqazın incisi, Azərbaycanın ictimai-siyasi, mədəni həyatında mühüm xidmətləri olan görkəmli xadimlərin vətəni, tarixi-mədəni abidələrlə zəngin şəhər, hərbi-strateji əhəmiyyətli qaladır. 

Burada bütün bərpa-quruculuq işləri planlı şəkildə aparılır, Şuşanın tarixi siması saxlanılır. Artıq bir çox abidələr bərpa olunub, Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəylinin, Bülbülün Şuşadakı güllələnmiş büstləri Şuşada yenidən əvvəlki yerlərinə qoyulub.

“Xarıbülbül”, “Qarabağ” və “Yasəmən” hotelləri yenidənqurmadan sonra istifadəyə verilib, modul tipli xəstəxana fəaliyyətə başlayıb. 

Zəfər yolunun üzərindəki Şuşa Hotel-Konqres Mərkəzi Kompleksi fəaliyyətə başlayıb, Şuşada yaşayış kompleksləri, turizm obyektləri tikilir. Bərpa işlərinin sürəti deməyə əsas verir ki, çox keçmədən Şuşa nəinki Azərbaycanın, eləcə də dünyanın ən gözəl şəhərlərindən biri olacaq.

Milli Məclisin deputatı Vüqar İskəndərov “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, Şuşa Azərbaycanın mədəniyyət beşiyidir:

“Şuşa öz gözəlliyi ilə dağların qoynunda bir muzey şəhəri olması ilə bərabər, həm də özündə bir çox mənəvi məsələləri də daşıyır. Azərbayсan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev 44 günlük Vətən müharibəsi dövründə Şuşasız işimizin yarımçıq qalmış olacağını söyləmişdi. 

Yəni bu məsələ Şuşa ilə bitməli idi. Şuşanın düşmən tapdağında olması həm də bizdə mənəvi bir boşluq yaradırdı. Ümumiyyətlə, bu məsələ Qarabağla və Şərqi Zəngəzurla bağlı idi. Lakin bütün bu məsələlərdə Şuşa öz nöqtəsini qoymuş oldu”.

Millət vəkili vurğulayıb ki, 8 noyabr tarixinin Şuşa Şəhəri Günü kimi qeyd olunması da çox əhəmiyyətlidir:

“Noyabrın 8-i Azərbaycanda həm Zəfər, həm də Şuşa Şəhəri Gününün qeyd olunması çox qürurvericidir. Biz elə qələbə qazanmışıq ki, 21-ci əsrdə buna nail olan başqa ölkə və xalq yoxdur.

Ali Baş Komandanın qətiyyəti, siyasi dünya görüşü, uzaqgörənliyi və şanlı Ordumuzun qəhrəmanlığı ilə bu möhtəşəm zəfəri əldə etmişik. Vaxt ötdükcə qızıl kimi bu qələbənin qiymətini daha çox hiss edəcəyik. Zamanla nələr əldə etdiyimizi və 21-ci əsrdə Azərbaycanın qazandığı bu nailiyyətlərin necə unikal olduğunu daha yaxşı görəcəyik”.

Vüqar İskəndərov qeyd edib ki, dünya birliyi də ölkəmizin bu möhtəşəm inkişafını, qələbəmizi və postmüharibə dövründə həmin bölgələrdə tikinti-quruculuq, bərpa prosesimizi izləyir:

“Bu sürətlə gedən tikinti və quruculuq işləri həm də bizim dinc dövrdə qurub-yaratmaq mədəniyyətimizi üzə çıxarır və bunu bütün dünya heyrətlə izləyir. Xalqımızı, dünya azərbaycanlılarını bu böyük Zəfər münasibətilə ürəkdən təbrik edirik və “Eşq olsun Azərbaycanımıza, eşq olsun Ordumuza! deyirik”.

Elmir Mustafa

“Cebheinfo.az”

Açar sözlər:

Şuşa Şəhəri Günü Vüqar İskəndərov

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
44
1
cebheinfo.az

2Источники