RU

Yusuf Özhan: Türk xəbər agentliklərinin birliyi xüsusi əhəmiyyətə malikdir

Astana, 6 noyabr, AZƏRTAC

Türk xəbər agentliklərinin birliyi xüsusi əhəmiyyətə malikdir.

Bu barədə AZƏRTAC-a Türkiyənin “Anadolu” agentliyinin sədr müavini və baş redaktoru Yusuf Özhan Qazaxıstan paytaxtında keçirilən Türk Xəbər Agentlikləri Alyansının (ATNA) II Baş Assambleyası zamanı bildirib.

O vurğulayıb: “Biz burada Türk dünyasının aparıcı agentlikləri olaraq toplaşdıq, Alyansın gələcəyi ilə bağlı mühüm qərarlar qəbul etdik və daha sıx əməkdaşlıq imkanlarını müzakirə etdik. Əsas məqsədimiz bu əlaqələri inkişaf etdirmək və yeni ideyalar yaratmaqdır”.

Baş redaktorun sözlərinə görə, Alyansın üzvü olan xəbər agentlikləri həm öz ölkələrində, həm də dünyanın hər yerində oxucular üçün gündəlik fəaliyyət göstərir və birliyin liderləri bir-biri ilə sıx əlaqə saxlayırlar. “Biz, həmçinin bu birlik daxilində gələcək birgə layihələrin təməlini qoymağa çalışırıq”, - deyə Y. Özhan bildirib.

O, “Anadolu” agentliyinin Alyansa ilk iki ildə rəhbərlik etdiyini və bu müddət ərzində bir sıra əhəmiyyətli layihələr həyata keçirdiyini diqqətə çatdırıb.

Türkiyə agentliyinin rəhbərinin müavini əlavə edib: “Bu gün Alyans üzvlərinə gördüyümüz işlər barədə məlumat verdik, əldə edilən nəticələri xatırlatdıq və əməkdaşlığı gücləndirdik. Eyni zamanda, sədrliyi “Qazcontent” SC-yə təhvil verdik”.

O, 2023-cü il noyabrın 6-da təsis edilmiş Alyansın ildönümünü bu günün diqqətəlayiq xüsusiyyətlərindən biri kimi qeyd edib.

Y. Özhan açıqlamasının sonunda bildirib ki, “Anadolu” agentliyi Alyansın fəaliyyətinə fəal töhfə verməyə davam edəcək.

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

Избранный
34
1
azertag.az

2Источники