RU

Gürcüstan və Türkiyə parlamentlərinin deputatları regional təhlükəsizlik məsələlərini müzakirə ediblər

Tbilisi, 7 noyabr, AZƏRTAC

Gürcüstan Parlamentinin Müdafiə və təhlükəsizlik komitəsinin nümayəndə heyəti Türkiyə Böyük Millət Məclisinin Müdafiə və təhlükəsizlik komitəsinin sədri ilə görüşüb.

Bu AZƏRTAC-a Gürcüstan Parlamentinin mətbuat xidmətindən məlumat verilib.

Türkiyə Respublikasına rəsmi səfəri çərçivəsində Gürcüstan parlamentinin Müdafiə və təhlükəsizlik komitəsinin sədri Aleksandre Tabatadze nümayəndə heyətinin üzvləri ilə birlikdə Türkiyə Böyük Millət Məclisinin Müdafiə və təhlükəsizlik komitəsinin sədri Hulusi Akar və komitə üzvləri ilə görüşüb.

Görüşdə tərəflər Gürcüstan və Türkiyə Respublikası arasında müdafiə sahəsində ikitərəfli əməkdaşlığın əhəmiyyətini müzakirə ediblər. Türkiyə Silahlı Qüvvələrinin Gürcüstan Müdafiə Qüvvələrinə maddi-texniki dəstəyinə görə Aleksandre Tabatadze ev sahibi tərəfə təşəkkür edib.

Gürcüstan parlamentinin nümayəndə heyətinin üzvləri türkiyəli həmkarları ilə görüşdə iki ölkə arasında çoxtərəfli əməkdaşlığı müzakirə ediblər. Görüşdə təhlükəsizlik sektorundakı çağırışlar diqqət mərkəzində olub. Tərəflər region ölkələrinin uzunmüddətli inkişafı və firavanlığı üçün sülh və sabitliyin vacibliyini qeyd ediblər.

Görüşdə strateji tərəfdaşlığın daha da dərinləşdirilməsi və regional təhlükəsizliyin möhkəmləndirilməsi üçün iki ölkə arasında yüksək səviyyəli səfərlərin fəal şəkildə davam etdirilməsinin vacibliyi vurğulanıb.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Избранный
49
azertag.az

1Источники