RU

NATO-nun Azərbaycanda döyüş hazırlığı

Bakı alyansın 33-cü üzvü olarmı, yoxsa prioritet “Turan ordusu”dur? - hərbi analitikin rəyi

Bakıda NATO-nun Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) proqramı çərçivəsində “Quru qoşunları qərargahı, hissə və bölmələrinin döyüşə hazır olmasının qiymətləndirilməsi (CREVAL)” kursu keçirilir.

Milli Müdafiə Universitetinin Hərb Oyunları Mərkəzində keçirilən tədbirdə NATO və tərəfdaş ölkələrin bu sahə üzrə hərbi qulluqçuları iştirak edirlər.

Kursun məqsədi Alyansın Ortaq Qüvvələr Birliyinə bəyan edilən hissə və bölmələrinin qiymətləndirilməsi üçün hərbi qulluqçuları sertifikatlaşdırmaqdır.

Qeyd edək ki, tədbirdə NATO-ya üzv və tərəfdaş ölkələrdən ümumilikdə 39-dək nümayəndə iştirak edir. 

Bakı-Moskva münasibətləri gərgin olan vaxt Rusiya Azərbaycanın NATO ilə əlaqələrinə dair xəbərlərinə qıcıqlı reaksiyası ilə də diqqət çəkirdi. Kremlə yaxınlığı ilə tanınan media Azərbaycanın Qarabağda əldə etdiyi qələbədən sonra Qərbə yönəldiyini və NATO ilə daha dərin əməkdaşlıqlar barədə düşündüyünü iddia edirdi. 

Sirr deyil ki, zəngin enerji resurslarından tutmuş müasir, döyüş qabiliyyətli orduya, eləcədə çoxvektorlu xarici siyasətə qadir Azərbaycan NATO-nun “cənub cinahında” mərkəzi aktora çevrilib. Azərbaycan NATO-nun “Sülh naminə tərəfdaşlıq” kimi proqramları çərçivəsində dialoqu davam etdirir. Amma yeni reallıqlar fonunda bu tərəfdaşlığın daha genişləndirilmiş və modernləşdirilmiş versiyasının yaradılması mümkündür. Belə bir format Azərbaycanın mövcud strateji çəkisini və qarşılıqlı maraqların səviyyəsini daha adekvat əks etdirməlidir.

Avropa ilə Azərbaycan NATO-nun “Sülh naminə tərəfdaşlıq” kimi proqramları çərçivəsində dialoqu davam etdirir. Amma yeni reallıqlar fonunda bu tərəfdaşlığın daha genişləndirilmiş və modernləşdirilmiş versiyasının yaradılması müzakirə olunur. Belə bir format Azərbaycanın mövcud strateji çəkisini və qarşılıqlı maraqların səviyyəsini daha adekvat əks etdirməlidir.

Ekspertlərə görə, NATO Ukrayna müharibəsi səbəbindən daxili dartışmalara başa vurub Cənubi Qafqaz ölkələrinə yeni, dəqiq və vahid gündəlik təklif etməyə hazır olduqda, Azərbaycan danışıqlara güc mövqeyindən çıxış edəcək. 

Üstəlik, bu ilin yayında, yəni Azərbaycan-Rusiya əlaqələrinin gərgin dönəmində Kremlə yaxın “Svobodnaya pressa” Cənubi Qafqazdakı prosesləri Qərbin təsirləri prizmasından təhlil etmişdi. “Rusiya ilə Azərbaycan arasındakı gərginlik bizi Bakıya təkcə siyasi deyil, həm də hərbi baxımdan daha yaxından baxmağa məcbur edir. Bu, Azərbaycanın NATO-ya daxil olma ehtimalı və bu Qafqaz respublikasının ərazisində türk hərbi bazasının qurulması müzakirələridir”, - deyə, sayt öz məqaləsində yazmışdı. 

Həmin “təhlil”də hətta belə nəticə çıxılmışdı: “Azərbaycan öz seçimini edib. Bakı Qarabağdakı qələbədən sonra NATO ilə daha böyük əməkdaşlıq haqda düşünməyə başlayıb. Azərbaycanda NATO-nun ən böyük bazasının tikilməsi ehtimalı ilə bağlı yayılan məlumatlar bu ölkənin İran və Rusiyaya təzyiq alətinə çevrildiyini təsdiqləyir”.

Yada salaq ki, NATO hərbi təşkilat olaraq “soyuq müharibə” dövründə 1949-cu il aprelin 4-də yaradılıb. Yaradılarkən 12 dövlətdən ibarət olan NATO, indi sıralarında keçmiş postsovet ölkələrindən 3-ü daxil olmaqla 32 dövləti birləşdirir. 

Bəs Azərbaycan 33-cü üzv olarmı, yoxsa əsas prioritet Türk Dövlətlər Təşkilatı -"Turan ordusu"durmu?

Hərbi ekspert Ramil Məmmədli yada saldı ki, Azərbaycan Qoşulmama Hərəkatının üzvüdür: “Bu da bizi bloklararası toqquşmalardan yayındırır. Azərbaycan hərbi alyansa qoşulmaq niyyətini ortaya qoymayıb. Çünki belə bir seçim ciddi problemlərə və təhdidlərə səbəb ola bilər. Rusiyanın Ukraynada işğalçı hərəkətləri məhz NATO-nun şərqə doğru genişlənməsi planından irəli gəlir. Həmçinin Azərbaycan KTMT-yə də üzv olmayıb. Buna da ehtiyac yoxdur. Nə NATO, nə KTMT üzvü olmaq lazımdır. Bu gün onsuz da müxtəlif formatlarda hərbi təlimlər keçirilir. Azərbaycan Türkiyə və Pakistanla, sonra Mərkəzi Asiya və ərəb ölkələri ilə birgə təlimlərdə iştirak edir, təcrübə toplayır. İkincisi, NATO üzvü olmaq bizi açıq şəkildə Rusiya ilə üz-üzə qoya bilər. Nəzərə alaq ki, bu ölkə ilə həm quru, həm su sərhədimiz var. Belə bir sərhədi olan Azərbaycanı NATO-ya üzv etməklə ciddi təhdidlə üzləşdirə bilərlər”.

Bununla belə, hərbi təhlilçi qeyd etdi ki, Azərbaycan-NATO əməkdaşlığı genişlənir, münasibətlərin 30 ili qeyd olundu, artıq 31-ci ili tamamlanır: “Bu dövr ərzində müxtəlif proqramlar, kurslar olub, təcrübə mübadiləsi aparılıb, əməkdaşlıq getdikcə genişlənməkdədir. Amma bizim NATO dövləti olan Türkiyə kimi müttəfiqimiz var. Ən əsası NATO-ya üzvlük qədər təhlükəsizliyə təminat verən Şuşa Bəyannaməsi var. Bunun özü elə alyansa qoşulmaq qədər böyük əhəmiyyəti olan sənəddir. Eyni zamanda Azərbaycan nüvə dövləti Pakistanla müttəfiqdir. Bu mənada Şimali Atlantika Alyansına üzvlük müsbət tərəfləri ilə yanaşı ciddi problemlər də gətirə bilər. Əksinə, Türkiyə və Pakistanla hərbi müttəfiqliyi daha da möhkəmləndirməli, bir ittifaqa çevirməliyik”.

R.Məmmədli TDT-nin hərbi təlimlərinə gəlincə, bunu mümkün sayır: “Prezidentin Qəbələdə belə bir təklifi oldu. Məncə, reallaşması üçün addımlar atılacaq. Türkdilli dövlətlərin öz "NATO"su niyə də qurulmasın?! Hazırda bunun üçün ciddi imkanlar yaranıb. Odur ki, bu təşkilatın güclənməsinə üstünlük verilməsinin tərəfdarıyam, nəinki NATO üzvlüyü haqda düşünməyin. Amma dediyim kimi, bu hərbi alyansla əməkdaşlıq da inkişaf etməlidir. Nəzərə alaq ki, Azərbaycan İraq, Əfqanıstan və Kosovoda NATO tərkibində sülhməramlı missiyası ilə təmsil olunub. Yeri gəlmişkən, son həftələr bizim sülhməramlıların Qəzzada xidmət keçəcəyi xəbərləri də var. Bunun BMT müstəvisində olacağı gözlənilir. Yəni biz bu şəkildə faydalı ola bilərik. Bilirsiniz ki, Gürcüstan və Moldova da NATO üzvlüyü həvəsinə düşmüşdü. Ancaq bu gün Rusiya ilə problemləri var. Biz belə bir qarşıdurmanın mərkəzinə çevrilmək istəmirik. Hər şey göz qabağındadır, Moskva gizlətmir və açıq şəkildə bəyan edir ki, onun çevrəsinə NATO-nun yaxınlaşması gərginliyə səbəb olacaq. Bunun da ən ağır fəsadları Ukrayna şəhərlərinin dağıdılmasıdır. Azərbaycan Qoşulmama Hərəkatında uğurlu fəaliyyət göstərir, müttəfiqləri ilə hərbi əməkdaşlığını inkişaf etdirir, müdafiə qabiliyyətini və ordusunun peşəkarlığını artırır. Bunu NATO ilə müxtəlif kurslar çərçivəsində də, müttəfiq və tərəfdaş ölkələrlə hərbi təlimlərlə də davam etdirir".

Emil SALAMOĞLU,
“Yeni Müsavat” 

Избранный
33
musavat.com

1Источники