RU

“Qarabağ” tarix yazdı: “Çelsi” ilə rekordlarla yadda qalan oyun

“Qarabağ” UEFA Çempionlar Liqasının (ÇL) əsas mərhələsində İngiltərənin “Çelsi” komandası ilə 2:2 hesablı heç-heçə edərək tarixi nəticəyə imza atıb. Ağdam klubu İngiltərə təmsilçilərinə qarşı keçirdiyi oyunlarda ilk dəfə xal əldə edib.

Matçda hesabı qonaqlar açıblar. 16-cı dəqiqədə Estevao yaxın küncü dəqiq nişan alıb. Buraxılan qoldan sonra hücuma çıxan Ağdam klubu 29-cu dəqiqədə hesabı bərabərləşdirib. Leandro Andrade topu tora qovuşdurub. “Qarabağ” 39-cu dəqiqədə ikinci topu rəqibin qapısından keçirib. Təyin olunan penalti zərbəsini Marko Yankoviç dəqiq yerinə yetirib. İlk hissə bu hesabla başa çatıb. İkinci hissə də qarşılıqlı hücumlar şəraitində keçib. Fasilədən sonra meydana daxil olan Alexandro Qarnaço 53-cü dəqiqədə hesabı bərabərləşdirib. Bu, eyni zamanda, matçda vurulmuş sonuncu qol olub.

Bu nəticədən sonra xallarını 7-yə çatdıran “Qarabağ” 12-ci pilləyə yüksəlib. Eyni xala malik “Çelsi” isə 10-cu sırada qərarlaşıb.

Qeyd edək ki, “Qarabağ” Liqa mərhələsində 5-ci oyununu noyabrın 26-da İtaliyada “Napoli”yə qarşı keçirəcək.

Buna qədər Qurban Qurbanovun yetirmələri ingilis komandaları ilə keçirdikləri 6 matçın hamısında məğlub olub və həmin görüşlərdə cəmi 1 qol vurublar.

Matç həm də bir sıra statistik göstəricilərlə yadda qalıb. “Çelsi” bu qarşılaşmada ÇL tarixində səfərdə ən gənc heyətlərdən birini meydana buraxıb. London təmsilçisinin start “11-liy”inin orta yaşı 23 yaş 97 gün olub. Bu göstərici ilə londonlular yalnız 2009-cu ilin dekabrında “Arsenal”ın “Olimpiakos”la səfər oyunundakı rekordundan (21 yaş 215 gün) geri qalıb.

Eyni zamanda, “Çelsi”nin gənc hücumçusu Estevao da tarixi nəticəyə imza atıb. O, 18 yaş və ya daha gənc oyunçular arasında ardıcıl iki ÇL oyununda qol vuran ilk cənubi amerikalı futbolçu olub.

Избранный
23
yeniazerbaycan.com

1Источники