RU

Azərbaycan efirində mənəvi tənəzzül: cavabdeh kimdir?

Ölkəmizin ictimai-siyasi və mədəni həyatında ən önəmli hadisələrdən biri də ötən əsrdə Azərbaycan radiosunun və televiziyasının fəaliyyətə başlaması ilə əlaqədardır.

1926-cı il 6 noyabr tarixində Azərbaycan radiosu, 1956-cı il 14 fevral tarixində isə Bakı televiziya studiyası (indiki AzTV) ilk dəfə efirə çıxıb.

Bu nəhəng media qurumlarının yaranması qərarı, əlbəttə ki, respublikanın hökumət nümayəndələri tərəfindən verilirdi. Amma Azərbaycan radiosunun və televiziyasının təşəkkülündə və inkişafında, eləcə də milli ictimai şüurun, təfəkkürün möhkəmləndirilməsində teleradio əməkdaşları ilə yanaşı görkəmli və müqtədir sənətkarlarımız misilsiz rol oynayırdılar.

Gözləmək olardı ki, müstəqillik illərində özəl radioların və televiziyaların sayının artması bu sahədə sağlam rəqabəti daha da gücləndirəcək, peşəkar televiziya və radio əməkdaşlarının sayını daha da artıracaq. Nəticədə efir rəngarəng veriliş və proqramlarla zənginləşəcək, tamaşaçıların seçimi çoxalacaq.

Prosesin əvvəlində belə də oldu. ANS xəbər siyasəti, ABA novator yanaşması, “Space” telekanalı sanballı, incə zövqlü veriliş və proqramları ilə seyrçiləri öz efirləri qarşısına toplamağı bacardı.

Lakin Ramiz Mehdiyev, Əli Həsənov kimi dövlət məmurlarının bu sahəyə qeyri-professional şəkildə müdaxilə etməsi teleməkanın etika və estetika kimi dəyərlərdən uzaq düşməsi ilə nəticələndi.

Özünə hörmət edən əsl sənətkarlar, ictimai-siyasi və mədəni fikir sahibləri yavaş-yavaş efirlərdən uzaqlaşdılar, meydan bayağı aparıcılara və müğənnilərə buraxıldı.

Elə bu gün – radio və televiziya işçilərinin peşə bayramı günündə, efir arxasında aşıq Telli Borçalı ilə ARB TV-nin əməkdaşı arasında davanın yaşanması bu eybəcər durumun bariz nümunəsidir.

İndi radio və televiziya yaradıcılığından əsər-əlamət qalmayıb, teleməkan deyilən mühiti təşkil edən özəl kanallar isə “TİKTok”, “Instagram” kimi sosial şəbəkələrin “qəhrəmanları”nın arxasınca sürünməkdədir. Telekanallar eyiblərə güzgü tutmaq əvəzinə, eyib sahiblərini efirin yuxarı başına keçirirlər.

Əgər əvvəllər tamaşaçılar televiziya efirində maraqlı məlumatlar, milli-mənəvi dəyərlərlə dolu ibrətamiz nəsihətlər, elmi düşüncələr, korifeylərimizin əsərləri əsasında çəkilmiş teletamaşalar, mədəniyyət və incəsənətimizi əks etdirən müxtəlif proqramlar, konsertlər nümayiş etdirilirdisə, yeniyetmələr özlərini efirdə gördükləri aparıcılara, elm, ədəbiyyat, mədəniyyət və incəsənət xadimlərinə bənzətmək istəyirdilərsə, indi proseslər tamamilə əks istiqamətdə cərəyan edir.

Vaxtilə məşhur aktyor Çarli Çaplin Paris səhnəsində rəqqasə işləyən qızı Ceraldina Çaplinə yazdığı məktubda belə nəsihət vermişdi: “Sənət naminə səhnəyə çılpaq da çıxmaq olar, amma oradan nəinki geyinmiş vəziyyətdə, həm də daha təmiz qayıtmalısan. Mən qocayam, bəlkə də sözlərim gülməli səslənir. Amma, məncə, sənin çılpaq bədənin sənin çılpaq ruhunu sevəcək birinə aid olmalıdır”.

Çaplin hazırda bizim teleməkana çıxan bəzi müğənniciklərin geyimlərini görsəydi, matı quruyardı. Axı televiziya böyük səhnə deyil, bu qurğu çoxdan hər kəsin “ailə üzvü”nə çevrilib. Həmin qurğuya isə böyük də, kiçik də baxır. Kim öz evinə, mənzilinə ədəbsiz, abırsız, yumşaq desək, sözünü və yerini bilməyən şəxsin daxil olmasını istəyər ki?!

Bir neçə il əvvəl məlum olmuşdu ki, əməkdar artist Lalə Məmmədova TRT-də çıxış edərkən açıq paltar geyindiyinə görə ona nəzakətli şəkildə efirə buraxılmayacağı bildirilib.

“Çəkiliş günü studiyada hamı deyir paltar gözəldi, amma bu geyimdə efirə çıxmaq olmaz. Dedilər ki, get nəsə al. TRT Taksimə yaxın idi, qaçıb gedib bir top aldıq və Lalə xanım paltarın altından geyinib efirə çıxdı”, – stilist Elnur Həsənov danışırdı.

Bizdə isə müğənnini açıq-saçıq geyimdə görən Zaur Kamal “Sevinc, yaylamısan əməlli-başlı” şit atmacasını atır. Müğənni də “Nə edim, çox istidir də” bayağı cavabını verir.

Səidə Sultanlının “El canlı” verilişinə ultra qısa ətəkdə qatılması sosial şəbəkələrdə izləyiciləri qəzəbləndirir, telekanal rəhbərliyi onu həmin geyimdə efirə buraxmaqdan utanmır. Efir gözəllik və ədəb tələb edir. Məgər dəbə uyub, özünə yaraşmayan paltarı efirə geyinmək vacibdir?

Unutmaq olmaz ki, efirlərimizi yalnız biz deyil, həm də millətimizə mənəviyyat dərsini vermək hüququnu çoxdan itirmiş, əxlaqsızlıqları arxalarında şleyf kimi uzanan bədxah düşmənlərimiz də izləyir. Bizim müğənnilərimizin biabırçı görüntülərini onların mediasında görmək xüsusilə üzücüdür. Bunu əgər bayağı müğənni anlamırsa, özəl kanalların rəhbərləri düşünmək zorundadır.

Əvvəllər televiziyada canlı efirdə texniki səhvə yol veriləndə, buna görə cavabdeh şəxslər cəzalandırılardı, aparıcı isə mütləq tamaşaçıdan üzr istəyərdi. İndi isə efir belə texniki qüsurlarla doludur. Ən qəribəsi odur ki, indi bu duruma haqq qazandırılır. Muz TV-nin “Xeyirli axşamlar” verilişində olduğu kimi. Müğənni Əbdül Xaliq efirdə oxuduğu zaman fonoqramı kəsiləndə aparıcı Anar Vaqifoğlu ondan üzr istəməkdənsə, “Oxuduğun bura qədər imiş? Axıra kimi yazdırardın da mahnını…”, – deyə hörmətsiz şəkildə irad bildirir.

Bunu hörmətsizlik kimi qəbul edən müğənni əsəbi halda studiyanı tərk edəndə aparıcı inanılmaz danışıq tərzinə əl atır: “İndi bədən yığmısan gəl bizi döy… Hara gedirsən?”.

Bütün bu biabırçı hadisələr audiovizual media sahəsini tənzimləməli olan Audiovizual Şuranın (AŞ) gözləri qarşısında baş verir. Əlbəttə, söhbət heç də şuranın özəl kanalların müstəqil yaradıcı fəaliyyətinə müdaxilə etməsindən getmir. Amma AŞ özəl telekanalların efir estetikasına və etikasına əməl etməsinin yolunu tapmağa borcludur.

Uzun illər böyu Azərbaycan dilinin, xalqımızın milli-mənəvi dəyərlərinin keşiyində durmuş, milli azadlıq mücadiləsinin carçısı olmuş, Vətənimizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhidlər vermiş Azərbaycan teleradiosunun şanlı tarixinin ləkələnməsinə yol vermək olmaz.

Audiovizual Şuranın bu prosesə biganə münasibət, susqunluq nümayiş etdirməsi ilə qəbuledilməzdir. Artıq “SOS” çağırışını səsləndirməyin vaxtı gəlib çatıb.

Xatirə SADİQ

Избранный
42
nocomment.az

1Источники