RU

8 saatlıq yuxu qaydası yalan imiş: Nə qədər yuxuya ehtiyacımız var?

Uzun illərdir “gündə 8 saat yatmaq” insan sağlamlığı üçün qızıl qayda sayılır, deyirlər. Lakin Harvard Universitetinin evolyusion biologiya üzrə professoru Daniel E. Liberman bu inancı “sənaye dövrünün uydurması” adlandırır. Alimə görə, əksər sağlam böyüklər üçün optimal yuxu müddəti 7 saata daha yaxındır.
 
“8 saatlıq yuxu” - sənaye dövrünün mirası
 
Libermanın fikrincə, insanın təbiətən 8 saat yatması barədə fikir elmi əsaslara malik deyil. O, elektrik enerjisindən istifadə etməyən icmalar üzərində aparılmış sahə tədqiqatlarını misal göstərərək bildirir ki, bu cəmiyyətlərdə orta yuxu müddəti 6–7 saat təşkil edir.
 
Bu fakt sənaye inqilabından sonra formalaşmış “8 saatlıq iş–8 saatlıq istirahət–8 saatlıq yuxu” modelinin bioloji yox, sosial və tarixi normaya çevrildiyini sübut edir.
 
Elm nə deyir: “U-şəkilli” risk əyrisi
 
Müasir epidemioloji araşdırmalar göstərir ki, xəstəlik və ölüm riski yuxu müddəti ilə “U-şəkilli” asılılıq göstərir. 7 saat yatanlarda risk minimaldır. 6 saatdan az və ya 9 saatdan çox yatanlarda isə bu risk artır.
 
Qısa yuxu ürək-damar xəstəlikləri və psixoloji pozğunluqlarla, çox yuxu isə bədən sistemlərinin ləngiməsi və gizli xroniki xəstəliklərlə əlaqələndirilir.
 
Biomarker tədqiqatları da təsdiqləyir ki, 7–8 saatlıq yuxudan kənara çıxmaq bioloji yaşlanma əlamətlərini gücləndirə bilər.
 
Mütəxəssislərin fikri: əsas — keyfiyyətli və sabit yuxudur
 
Yuxu üzrə ekspert Rebecca Robbins izah edir ki, “8 saatlıq yuxu” mifinin mənşəyi tarixi ənənə ilə bağlıdır və hər kəs üçün universal deyil. Onun fikrincə, əsas məqsəd yuxunun keyfiyyətinə və rejimin sabitliyinə fokuslanmaqdır.
 
Amerika Yuxu Tibb Akademiyası böyüklərə gündə 7 və ya daha çox saat yatmağı məsləhət görür, lakin bu “mütləq 8 saat” demək deyil.
 
Ən düzgün yuxu rejimi hansıdır?
 
7–9 saat — sağlam böyüklər üçün optimal aralıq.
 
7 saat — realist minimum, əgər səhər özünüzü enerjili hiss edirsinizsə.
 
8–9 saat — xəstəlik, hamiləlik və ya güclü fiziki-emosional yüklənmələr zamanı faydalıdır. Əgər daim 9 saatdan çox yuxuya ehtiyac duyursunuzsa, bu, gizli xəstəliklərin (depressiya, apnoe, xroniki yorğunluq) əlaməti ola bilər.
 
Əsas qaydalar - gecə və səhər saatlarını sabit saxlayın, axşam mavi işığı (telefon, televizor, planşet) məhdudlaşdırın,utağı sərin, qaranlıq və sakit saxlayın, kofein və alkoqoldan axşam saatlarında uzaq durun.
 
7 saat - yeni “qızıl orta”
 
Son araşdırmalar və Libermanın fikirləri göstərir ki, yuxunun keyfiyyəti onun uzunluğundan daha vacibdir. Daim eyni vaxtda yatıb oyanmaq, bədəni təbii ritmə uyğunlaşdırmaq və psixoloji rahatlıq təmin etmək sağlam yuxunun əsas şərtləridir. Yəni, əsas məsələ “8 saat yatmaq” deyil, bədəninizin özünü tam bərpa etdiyi yuxu rejimini tapmaqdır. /Lent.az/
Избранный
12
50
moderator.az

10Источники