RU

Azərbaycan Universitetində yüksək bal toplayan tələbələrlə görüş olub

Azərbaycan Universitetinin rektoru, filologiya üzrə fəlsəfə doktoru Səadət Əliyeva 2025/2026-cı tədris ilində universitetə yüksək balla qəbul olan tələbələrlə görüşüb. 8 Noyabr – Zəfər Günü ərəfəsində təşkil olunan görüşdə universitetin “Ulduz Tələbə” layihəsi çərçivəsində payız semestri üzrə bu statusa layiq görülmüş tələbələr də iştirak ediblər.

Azərbaycan Universitetindən TƏHSİL.BİZ-ə bildirilib ki, səmimi söhbət şəraitində keçən görüşdə rektor tələbələri yüksək nəticələrinə görə təbrik edib, universitetdə onlar üçün yaradılan akademik və fərdi inkişaf imkanları haqqında məlumat verib. Bu istiqamətlərdə nəzərdə tutulan yenilikləri də diqqətə çatdıran Səadət Əliyeva tələbələri onlar üçün yaradılan imkanlardan səmərəli istifadə etməyə, proqram və layihələrdə fəal iştiraka səsləyib. Rektor qeyd edib ki, Azərbaycan Universiteti tələbələrin peşəkar mütəxəssis kimi formalaşmaları üçün doğru ünvandır. Onlar üçün yaradılan şərait, açıq ünsiyyət mühiti və dəstək mexanizmləri universiteti tələbə dostu ali təhsil müəssisəsi kimi fərqləndirir.

Rektor söhbət zamanı tələbələrə universitet həyatı və gələcəklə bağlı tövsiyələrini də verib. Qeyd edib ki, gənclərin yetişməsində peşəkar bilik və bacarıqlar qədər mənəvi dəyərlərə bağlılıq, əməksevərlik, mütaliə, nizam-intizam və sosial bacarıqlar da böyük rol oynayır. Bu keyfiyyətlərin hər biri gənclərin şəxsiyyət kimi inkişafına, cəmiyyətə faydalı və məsuliyyətli vətəndaş kimi yetişməsinə xidmət edir.

Rektor görüş zamanı tələbələrin gözləntilərini, ideya və təkliflərini də dinləyib. Onlarla universitet həyatına adaptasiya, tədris prosesi və gələcək planları barədə fikir mübadiləsi aparan Səadət Əliyeva, bu fikirlərin universitet həyatının daha da zənginləşməsinə töhfə verəcəyini qeyd edib.

Tələbələrə təhsil həyatında uğurlar arzulayan rektor bildirib ki, onlar Azərbaycanın ən uğurlu dövründə ali təhsil alırlar: “Siz xalqımızın Zəfər və Qələbə ruhu ilə yaşadığı dövrün tələbələrisiniz. Siz ölkəmizin gələcəyini formalaşdıracaq, sabahını quracaq gənclərsiniz. Ölkəmizin ən gözəl günlərində tələbə olmaq həm məsuliyyət, həm də böyük şərəfdir”.

Görüşdə iştirak edən tələbələr Könül Məhəmmədova, Hüseyn Həsənoğlu, Səbuhi Həsənov, Lamiyə Məmmədzadə, Aynur Quliyeva və Yunis Bədəlov üzərlərinə düşən məsuliyyəti dərk etdiklərini, bu çağırışa uyğun olaraq əzmlə çalışacaqlarını bildirib, səmimi görüş üçün rektora təşəkkür ediblər.

Избранный
6
6
tehsil.biz

7Источники