ain.az, Azpolitika.az portalına istinadən məlumat yayır.
NATO ölkələri uzun fasilədən sonra ilk dəfə Rusiyanı sursat istehsal tempi baxımından geridə qoyub.
“AzPolitika” xəbər verir ki, bu barədə alyansın baş katibi Mark Rütte Buxarestdə keçirilən hərbi-sənaye forumunda çıxışı zamanı bildirib.
Rüttenin sözlərinə görə, bir müddət Rusiya NATO ölkələrinin ümumi istehsalını qabaqlayırdı, lakin artıq vəziyyət dəyişib. Alyans çərçivəsində onlarla yeni istehsal xətti açılıb, mövcud müəssisələr genişləndirilib.
“Son onilliklərdə bu qədər genişmiqyaslı istehsal görməmişik”, – deyə NATO rəhbəri vurğulayıb.
Baş katib istehsalın artırılmasını “real və uzunmüddətli təhlükələr”lə əlaqələndirərək əsas təhdid mənbəyi kimi Rusiyanı göstərib: “Moskvanın yaratdığı təhlükə Ukraynaya qarşı müharibənin bitməsi ilə aradan qalxmayacaq. Rusiya yaxın gələcəkdə də Avropa və dünya üçün destabilizasiya edən qüvvə olaraq qalacaq.”
Rütte həmçinin Rusiyanın Çin, Şimali Koreya və İranla hərbi-sənaye əməkdaşlığını “misilsiz səviyyəyə” qədər genişləndirdiyini və bu ölkələrin uzunmüddətli qarşıdurmaya hazırlaşdıqlarını qeyd edib.
O, NATO-nun müdafiə sektorunda innovasiyaları dəstəkləyəcəyini, sursat təchizatını artırmaq üçün satınalmaların sürətləndirilməsinə hazır olduqlarını da bildirib.
Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin oktyabrda keçirilən Valday forumunda Avropada “hərbiləşmənin sürətləndiyini” qeyd edərək, “əgər Avropadan real hərbi təhlükə yaranarsa, Moskvanın cavabı çox tez və inandırıcı olacaq” bəyanatını vermişdi.
“AzPolitika.info”
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.