RU

10 manatlıq şəfa: xalq təbabəti, yoxsa fırıldaqçılıq? Bakının “Çöpçülər məhəlləsi”ndən REPORTAJ

ain.az, Kulis.az saytına istinadən bildirir.

Kulis.az Günel Novruzun “Çöpçülər məhəlləsi”ndən reportajını təqdim edir.

Günəş üfüqdən çıxar-çıxmaz gözümü açıb günə başlayan kimi sosial şəbəkədə qarşıma bir ananın paylaşdığı video çıxdı. Ana çəkdiyi videoda iddia edir ki, çöpçünün guya üfürüb uşağın boğazından çıxardığı qida qalıqlarını öz ağzından əlindəki ağ salfetə tüpürür. Valideyn ümidlə üz tutduğu çöpçünün fırıldaqçılıqla məşğul olduğundan dad edirdi. Çoxdandır fikrimdə vardı ki, çöpçülərlə bağlı bir reportaj hazırlayım, bu video da katalizator rolunu oynadı. Ərinmədim, durub yol aldım Bakıda pivə zavodunun adı ilə tanınan məşhur “NZS” qəsəbəsinə. Hava günəşlidir, amma payızın nəfəsi əməllicə hiss olunur, üşüyən əllərimi cibimdə gizlədirəm, fotoqrafla bərabər qəsəbə camaatının öz arasında “Çöpçülər məhəlləsi” adlandırdığı məşhur Mingəçevir küçəsində gəzib “səbəbkarlar”ı axtarırıq.

Bəzi qapıların üzərinə “Çöpçü” yazılan lövhə vurulub və altında telefon nömrələri yazılıb. Hərçənd ki, nömrələr açıqca nümayiş etdirilir, yenə də mətbuata çıxardığımıza görə üzərini blurlamaq niyyətilə fotoqraf fotoları çəkir. Qəsəbənin o başından bu başına qədər eyni mənzərə ilə qarşılaşırıq: uçuq-sökük evlər, köhnə darvazalar, hay-küylə ara məhəllələrdə qapıların ağzında oynayan uşaqlar... Yaxınlıqdakı magistraldan vıyıltı ilə keçən yük və minik avtomobillərinin siqnal səslərinə yolun kənarında kiçik küçə ticarəti ilə məşğul olanların qışqırıqları qarışıb: “Ədə, bala, ordan keçmə!”, “Ay Məmməd, bəridən gəl!”Bu hay-küyün içərisindən özümüzü sağdakı küçənin səssizliyinə “atırıq”. Burada sükut hökm sürür, yanımızdan ötən insanlar sanki “buranın adamı” olmadığımızı bilirlər, məni və əlində fotoaparatla gəzən həmkarımı şübhəli nəzərlərlə süzürlər. Özümüzü az qala ucqar dağ kəndində hiss edirik. Fotoqraf hətta asta səslə deyir ki, vallah, açığı, bir az da çəkinirəm axı, elə bil Meksikanın arxa küçələrində gəzirik, sanki bu dəqiqə qarşımızı kəsib sorğu-sual edəcəklər ki, əlinizdə fotoaparatla burada nə gəzirsiniz? Gülüb onu ürəkləndirirəm ki, biz jurnalistik, işimizi görürük, gəl görək, hansı çöpçünü müsahibəyə razı sala bilirik. Çünki bunacan dəfələrlə əldə etdiyim çöpçü nömrələrinə zənglərim etirazla qarşılanmışdı: müştəri hesab elədiyinə görə, zənglərimi “ay can, ürəyim buyur” deyərək açan çöpçü xanımlar - nə qədər şirin dil töksəm də, gizliliyi qoruyacağıma söz versəm də, jurnalist olduğumu bilən kimi telefonu söndürmüşdülər. Ona görə yeganə yolum qalmışdı, qapılarına qədər gedib suallarıma cavab ala bilmək. Oradakı insanların tövsiyəsi ilə qapısının üzərində “Çöpçü” yazılan və bu həndəvərin əsas “mütəxəssis”i sayılan bir çöpçünün evinə yaxınlaşırıq. Darvazanın ağzında - qucağında təxminən 2 yaşlı uşaqla gözləyən gənc bir xanımla qarşılaşırıq.

Atüstü xanımı sorğu-suala tuturam. Suallarıma cavab verir, amma nəsə şübhəli nəzərlə də məni süzür. Ürəyinə qorxu düşməsin deyə, peşəmi icra edə bilmək naminə “mənim də körpə övladım var, onu gətirəcəyəm çöpçü yanına, ona görə sizdən soruşub məlumat almaq istəyirəm” yalanını payızın sərin havasına atıram...

Övlad demişkən, uşaqlarım artıq böyüyüblər və Bakıda yaşadığım uzun illər boyunca nədənsə heç körpə vaxtlarında onların boğazında çöp qalmayıb, qızdırmaları olanda da onları ya evdə anamın “resepti” - zoğal mürəbbəli çay və turşulu əriştə ilə sağaltmışam, ağır hallarda isə həkimə aparmışam. Çöpçüyə aparmaq barəsində heç düşünməmişəm, kimsə məsləhət görəndə də gülüb keçmişəm, bu mənə xalq təbabətindən çox fırıldaqçılıq kimi görünüb.

Üzündə ümid və həyəcan olan gənc valideyn ürəklə sualımı cavablandırır:“Artıq üçüncü dəfədir çöpçüyə gətirirəm, uşaq yeriməyə başlayandan bəri harda nə tapırsa, udur. Əvvəllər qızdırması keçməyəndə həkimə aparmışam, sonra qonşum Samirə bu çöpçünün nömrəsini verdi və bura gətirəndə uşağın boğazına üfürən kimi keçdi, qızdırması düşdü, elə axşama sağaldı. Ondan sonra hər dəfə çöpü qalanda bura gətirirəm, düzəlir. Bacı, “kor kor, gör gör”, uşaq sapsağlam olur da”.

Qucağındakı körpəyə baxıram, yanaqları qıpqırmızıdır, görünür, hələ də temperaturu yüksəkdir. Qadın əlavə etdi:

“Bilmirəm bu dəfə nə udub, dünəndən ağzından üfunətli qoxu gəlir. Görək, nə çıxarır...”

Fotoqrafa bayırda qalmasını tapşırıb qadından xahiş edirəm ki, mən də onunla qohumu kimi çöpçünün yanına girim, prosesi öz gözümlə görüm ki, uşağımı ürəklə gətirə bilim. Beləcə, reportajın canlı alınması üçün növbəti yalanımı da qarıltıyla başımızın üstündən keçən qarğaya sarı “tolazlayıram”.Qadın razılaşır. İçəri daxil oluruq, 50-55 yaşlarında bir xanımdır, gözümə ilk sataşan “çöpçü”nün narıncı rəngə boyadığı uzun dırnaqları və sıx qoyma kirpikləri olur.

Çöpçü onu görəndə ağlamağa başlayan halsız uşağı dizinin üstünə oturtdu, bizə də “bir az aralıda durun” - əmrini verib, “əməliyyat”a başladı. Əlini uşağın gah ağzına, gah burnuna soxdu, sonra əlinə ağ salfet alıb ağlamaqdan bağrı yarılan uşağın ağzınamı, yoxsa burnunamı üfürdü, ardınca əlində tutduğu ağ salfetə nələrsə düşdü. Ana həyəcanla salfetin üstünə düşənlərə baxdı, elə mən də gördüm ki, salfetin üstündə bir “korolyok” çəyirdəyi və yanında da hansısa leqo oyuncağından çox kiçicik bir hissə var. Bir neçə saniyə səssizlik oldu. Qadın dayanan kimi uşaq da səsini kəsdi, hələ də təəccüb içində anlaya bilmədim ki, gözlə qaş arasında baş verənlər nə idi belə? Həqiqətən, şəfa prosesi idi, yoxsa çöpçünün konteyner kimi istifadə etdiyi ovurdundan düşən “dar günün saxlancı”?Amma uşağın gülümsəməsi, ananın da rahat nəfəs alması beynimdəki bu sualı açıq səsləndirməyimə mane oldu. Darvazadan çıxıb tozlu küçələrlə hərəmiz bir tərəfə istiqamət götürdük, mən isə fotoqrafla birgə yaxınlıqdakı - ətir satışı, gözəlləşdirmə xidmətləri təklif edən balaca “budka”lardan birinə daxil oldum. Uzun çək-çevirdən sonra orada oturub müştərilərini qəbul edən çöpçünü adını verməmək, fotosunu çəkməmək şərtilə suallarıma cavab verməyə razı sala bildim:

“Bu şəfalandırma üsulu mənə anamdan qalıb. Mən uşaq olanda qadınlar övladlarını anamın yanına gətirirdilər, elə ona baxa-baxa mən də bu sənəti öyrənmişəm. Bilirsən, nə gündə uşaqlar gəlirdi? Həkimlərin əllərini üzdüyü uşaqları anam sağaldıb dəfələrlə. O, vəfat edəndən sonra mən də çöpçülüklə məşğul olmağa başladım. Təkcə uşaqlar yox, böyüklər də gəlirlər. Bir də görürsən, yetkin insandır, boğazında balıq tıxı, yaxud da toyuq sümüyünün qırığı qalıb, üfürüb çıxarıram. And olsun Allaha, elə infeksionist həkimlər var ki, özləri hansısa sağalmayan uşağı üstümə göndərirlər. Üfürüb boğazındakını çıxarıram, sonra da uşaq 2-3 gün çobanyastığı çiçəklərindən dəmləmə içir, olur anadagəlmə. Bəziləri çöpçüləri “fırıldaqçı” adlandırır, amma “moşennik” elə hər sahədə var da. Yəqin ki, çöpçülərin də içində saxtakar, fırıldaqçı ola bilər. Amma təkrar edirəm, həkimlər özləri mənim yanıma dəfələrlə uşaqlar göndəriblər. Mən başqasının yerinə danışa bilmərəm, özüm də bilirəm ki, fırıldaqçılıq etmirəm, əlim də yüngüldür, şəfalıdır. Xalq təbabətinin elə sahələri var ki, istəsək də, istəməsək də onun şəfalandırma gücünü qəbul etməliyik. Çöpçülük qədim peşədir. Allaha and olsun, elə olub ki, günlərlə qızdırması düşməyən körpəni gətiriblər, üfürmüşəm, çöpü çıxıb, axşama uşaq yeriyib, gülüb. Mən heç kəsi aldatmıram. Allahın adı ilə, halal 10 manata işimi görürəm”.Çöpçü qadına son sualımı verirəm:

“Əgər bu iş doğrudan da şəfadırsa, niyə çöpçülər kameralardan, jurnalistlərdən gizlənirlər? Hətta müsahibəyə razılaşsanız da, adınızı, fotonuzun çəkilməsini istəmirsiniz. Yox, əgər çöpçülük fırıldaqçılıqdırsa, onda niyə bu işlə məşğul olursunuz, axı bir gün heç gözləmədiyiniz halda fəsadı ola bilər...”Çöpçü cavab verir:

“Mənim işim köməyə ehtiyacı olana kömək etməkdir, ay bala, kimə nə pislik edirəm ki? Elə də deyirsiz ki, elə bil basıb ölkənin milyonlarını yemişəm, sonra da azmış kimi utanmaz-utanmaz da dövlətə xəyanət eləmişəm. Kiminsə balasına əlimin sayasından şəfa verirəm, özü də qəpik-quruşa.”

Sağollaşırıq, gündəmə uyğun məntiqli cavab idi, amma yenə söhbət insan səhhətindən, xüsusilə də həssas sosial təbəqə sayılan gələcəyimiz olan uşaqların sağlamlığından gedir. Bu isə təbii ki, həyati dərəcədə əhəmiyyətlidir. Reportajdan işə qayıdanda tanış pediatra zəng edib məsələ ilə bağlı ondan da açıqlama aldım:

“Çöpçüyə getmək çox təhlükəlidir. Uşağın boğazında yad cisim varsa, onu üfürməklə çıxarmaq mümkün deyil. Əksinə, infeksiya, zədə və boğulma riski yarada bilər. Üstəlik, çöpçü özü hansısa xəstəliyin daşıyıcısı ola bilər, öz ağzındakı mikrobu uşağa keçirə bilər. Bəzən belə hallarda ağır infeksiyalar baş verir. İnsanlar çarəsiz olanda hər şeyə inanır. Amma bu inam bəzən həyat bahasına başa gəlir. İnsanlar özlərinin, xüsusilə də uşaqlarının səhhətinə başdansovdu yanaşmamalıdırlar, bütün hallarda ənənəvi tibbə üz tutmalıdırlar”.***

Qəsəbədən çıxanda günəş artıq başımızın üstünə qalxmışdı. Fırıldaqla inamın incə sərhədində yerləşən, hərdən də bütün elm və məntiqin fövqündə özünəməxsus həyatını yaşayan tozlu-torpaqlı “Çöpçülər məhəlləsi”ndən ayrılırıq. Məncə, bu məqamda məsələnin kökü əsasən, inamda və ümiddədir. Bəlkə də ümid ən yaxşı şəfalandıran və ən güclü plasebo effektidir. Bəs bu inamdan özünü “çöpçü” adlandıran bir qrup “ümid tacir”i sui-istifadə edirsə? Bəlkə də çöpçülük elə çöpçü qadının dediyi kimi nəsillərdən ötürülmüş həqiqi xalq təbabəti növüdür. Amma həm də eyni zamanda, aralarında saxtakar və fırıldaqçıların da yol tapa bildiyi və tibbin qeyri-ənənəvi sektorudur və burada insanlar özlərinin və övladlarının sağlamlıqları ilə hərdən beləcə “qumar oynayırlar”... Qumarda isə udan nadirən olur, böyük əksəriyyət uduzur...P.S. Neçə gündür boğazım ağrıyır, deyəsən, xroniki faringit və angina payızın soyuqları ilə yenidən “cana gəlib”. Fotoqrafa deyirəm ki, gərək vaxt edib həkimə gedib özümə dərman yazdırım, deyəsən, boğazımda infeksiya var. Fotoqraf gülüb deyir: “Bəlkə, gəlmişkən çöpçüyə göstərəsən, sonra da 3 gün çobanyastığı dəmləməsi içərsən, keçər...”

"Rus ədəbiyyatı olmasaydı, yazıçı olmazdım" - Bu ilin Nobel mükafatçısı ilə müsahibə

Əncir mürəbbəsi - Günel Mehrinin hekayəsi

"Bulağın başını Süleyman Rüstəm kəsib!" - Xəlil Rzanın tərcümələrinə niyə laqeyd yanaşırdılar?

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
53
kulis.az

1Источники