RU

Zəfər Günü münasibətilə Tacikistanda rəsmi ziyafət təşkil edilib

Bakı, 7 noyabr, AZƏRTAC

Azərbaycanın Tacikistandakı səfirliyi tərəfindən 8 Noyabr - Zəfər Günü ilə bağlı rəsmi ziyafət təşkil olunub.

Səfirlikdən AZƏRTAC-a bildirilib ki, tədbirdə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, hər iki ölkənin Dövlət himnləri səsləndirildirilib.

Azərbaycanın Tacikistandakı səfiri Əlimirzamin Əskərov çıxışında beş il əvvəl Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 30 ilə yaxın işğal altında olan torpaqları 44 günlük hərbi əməliyyat nəticəsində azad etdiyini xatırladıb. O, bu Qələbənin Ulu Öndər Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi, diplomatik fəaliyyət və informasiya üstünlüyünün nəticəsi olduğunu vurğulayıb.

Səfir, həmçinin Azərbaycanın mina problemi, “Böyük Qayıdış” Proqramı çərçivəsində bərpa-quruculuq işləri və şəhərsalma sahəsindəki təcrübəsi barədə məlumat verib. 2026-cı ildə Ümumdünya Şəhərsalma Forumunun Bakıda keçiriləcəyini, bu tədbirin Azərbaycanın beynəlxalq urbanizasiya proseslərinə töhfəsini və etibarlı tərəfdaş kimi nüfuzunu göstərdiyini qeyd edib.

Vaşinqtonda keçirilən sammitdə əldə olunan nəticələrdən danışan Ə.Əskərov Zəngəzur dəhlizinin (TRIPP) regional əlaqələri gücləndirəcəyini, beynəlxalq yükdaşımaları, enerji və rəqəmsal kommunikasiya imkanlarını artıracağını bildirib. O, həmçinin Azərbaycanın Ermənistanla sülh dövründə tranzit məhdudiyyətlərini aradan qaldırdığını diqqətə çatdırıb.

Diplomat bildirib ki, Azərbaycanın və Ermənistanın müraciəti əsasında ATƏT-in Minsk prosesi və əlaqəli strukturlar dekabrın 1-dək ləğv ediləcək. Bu barədə qərar ATƏT Nazirlər Şurası tərəfindən sentyabrda qəbul olunub.

Çıxışdan sonra Zəfər Gününə həsr edilmiş və ölkəmizlə bağlı videoçarxlar nümayiş olunub.

Tədbir zamanı, həmçinin ölkəmizi təcəssüm etdirən fotoşəkillərdən ibarət guşə yaradılıb, səfirlik tərəfindən tərcümə olunmuş kitablar və Azərbaycan mədəniyyətini əks etdirən jurnallardan ibarət sərgi təşkil edilib. Eyni zamanda, qonaqlara Azərbaycanın milli mətbəx nümunələri təqdim edilib.

Избранный
32
1
azertag.az

2Источники