RU

Azərbaycan sülh və ədalətin real nümunəsini dünyaya təqdim edib - Ayxan Hacızadə

Missiya.Az xəbər verir ki, Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə "Report"a müsahibəsində Azərbaycanın regionda və dünyada gedən siyasi proseslərdə artan rolu, Azərbaycan-Ermənistan münasibətlərinin hazırkı vəziyyəti, Avropa İttifaqının Ermənistandakı Missiyasının fəaliyyəti, Avropa Siyasi Birliyinin 2026-cı ildə Erməninstanda keçiriləcək sammitində iştirak, Fransa ilə münasibətlər, Azərbaycanın xarici ölkələrdə yeni açılacaq diplomatik missiyaları və digər məsələlər ətrafında sualları cavablandırıb.

- Prezident İlham Əliyevin Şarm əl-Şeyxdə baş tutan Yaxın Şərq Sülh Sammitinə ABŞ və Misir prezidentləri tərəfindən dəvəti geniş müzakirə olundu. Siyasi şərhçilər bunu Azərbaycanın təkcə regional deyil, dünyada gedən proseslərdə fəal rolu ilə əlaqələndirdilər. Azərbaycanın xarici siyasəti ilə məşğul olan strukturun nümayəndəsi kimi ölkə haqqında belə bir imicin formalaşmasını xarici tərəfdaşlarla təmaslarda hiss edirsinizmi?

- Cənab Prezident İlham Əliyevin ABŞ və Misir Prezidentləri tərəfindən Şarm əl-Şeyxdəki sammitə dəvət olunması Azərbaycanın qlobal səviyyədə fəal aktor kimi qəbul olunduğunun bariz nümunəsidir.

Həmçinin nəzərə almaq lazımdır ki, ölkəmizin 44 günlük Vətən Müharibəsi nəticəsində torpaqlarını işğaldan azad etməsi birmənalı olaraq ölkəmizə olan rəğbəti daha da artırıb. Bununla, Azərbaycan həmçinin sülh və ədalətin real nümunəsini dünyana təqdim edib.

Azərbaycanın balanslı, çoxşaxəli və sülhə yönəlmiş xarici siyasətinin nəticəsi kimi formalaşan mövqeyimiz, sammit çərçivəsində ölkə başçısının ABŞ və Misir liderləri ilə təmasları ölkəmizə olan yüksək etimadı nümayiş etdirib.

Məhz bu kontekstdə, ölkəmizin bu tədbirdə iştirakı həm qalib liderə və dövlətə hörmət, həm də Azərbaycanın sülh təcrübəsinə beynəlxalq etimadın göstəricisi kimi qiymətləndirilməlidir.

Azərbaycanın bu sammitdə iştirakı həm də onun balanslı və praqmatik xarici siyasətinin təntənəsidir. Azərbaycan həm İsrail, həm də Fələstinlə diplomatik münasibətlərə malikdir, hər iki tərəflə əməkdaşlıq edir və Yaxın Şərqdə sülh və humanitar sabitlik naminə real vasitəçi rolunu oynayır.

Ümumiyyətlə, müstəqil və suveren dövlətə, müstəqil xarici siyasətə sahib olmaq bir çox cəmiyyətlərin ümdə məqsədidir. Tarix boyu bu ideala sadiq qalmaqla yanaşı, buna nail olmuş ölkəmiz və xalqımız, ölkə rəhbərinin həyata keçirdiyi xarici siyasətimiz bu gün bir çox ölkələr üçün model rolunu oynamaqdadır. Bu bütün diplomatik təmaslarımızda açıq-aydın hiss olunur.

- Prezident İlham Əliyevin BMT Baş Assambleyasında çıxışına beynəlxalq reaksiya necə oldu? Sizin müşahidələriniz hansı nəticələri çıxarmağa əsas verir?

- Məlum olduğu kimi, Prezident İlham Əliyev BMT Baş Assambleyasının sessiyasında sonuncu dəfə 2017-ci ildə iştirak etmişdi. Bu il isə məhz qalib ölkənin prezidenti kimi tədbirdə iştirak və çıxış edib.

Prezident İlham Əliyev BMT Baş Assambleyasının 80-ci yubiley sessiyasında 25 sentyabr tarixli çıxışında Azərbaycanın uzun illər ərzində üzləşdiyi işğal və ədalətsizlik dövründən qələbə və sülh mərhələsinə təntənəli keçidini əhatəli şəkildə təqdim edib.

Azərbaycanın həm müharibədə, həm də sülhdə qələbə qazandığını, ədalətin bərpa olunduğunu və bu təcrübənin beynəlxalq hüququn üstünlüyünün sübutu kimi tarixdə qalacağı çıxış zamanı xüsusi vurğulanıb. Bununla yanaşı, ölkə Prezidenti dünya dövlətlərini ikili standartlardan imtina etməyə, qanunun aliliyinə və real sülhə əsaslanan ədalətli beynəlxalq düzənin qurulmasına çağırıb.

Bu çıxış həm milli qürurun, həm də qlobal arenadakı ədalətli, müdrik və prinsipial siyasətinin təntənəli bəyanatı kimi tarixi əhəmiyyət kəsb edir. Bununla yanaşı, son beş il ərzində görülən işlərin yalnız sözdə deyil, əməldə də nümayiş etdirildiyi açıq-aydın ifadə olunub.

Çıxış ölkəmizin hal-hazırda böyük dəyişikliklər yaşayan beynəlxalq münasibətlər sistemində qazandığı tarixi nailiyyətlərin dünyaya bəyanı kimi qiymətləndirilməlidir.

Bununla yanaşı, Prezident Trumpın rəsmi qəbulu zamanı ölkəmiz barədə səslənmiş müsbət fikirlər, sessiya çərçivəsində cənab Prezidentin bir sıra rəsmi şəxslərlə və qlobal korporasiyaların rəhbərləri ilə keçirdiyi görüşlər və iştirak etdiyi tədbirlər bir daha Azərbaycanın nüfuzunu və qlobal mövqeyini nümayiş etdirib.

- Azərbaycan və Ermənistan liderləri sülh sazişinin paraflanmasından sonra iki ay ərzində dörd dəfə fərqli formatda görüşüblər. Demək olarmı ki, iki ölkə arasında münasibətlərin normallaşması sürətlə gedir?

- Azərbaycan sülh prosesinin təşəbbüskarı kimi bölgədə davamlı sülh və sabitlikdə maraqlıdır. 8 avqust tarixində Vaşinqton sammiti zamanı əldə edilmiş tarixi razılıqlardan sonra keçirilmiş rəsmi görüşlər və qeyri-rəsmi təmaslar məhz sülh gündəliyimizin irəlilədilməsi, əldə olunmuş razılıqların icrasının sürətləndirilməsi məqsədi daşıyır.

Bununla yanaşı, məlumdur ki, bölgədə davamlı sülhün bərqərar olması istiqamətində müəyyən şərtlərin yerinə yetirilməsi əhəmiyyət kəsb edir. Sülh sazişinin imzalanması üçün Azərbaycan tərəfinin əsas şərti Ermənistan Konstitusiyasında dəyişiklik edilərək Azərbaycanın ərazi bütövlüyünə qarşı olan iddiaya son qoyulmasıdır. Bu, həmçinin Azərbaycan və Ermənistan liderləri tərəfindən, habelə şahid qismində ABŞ Prezidenti tərəfindən imzalanmış Birgə Bəyannamədə də dolayısı yolla təsbit edilib.

Избранный
47
missiya.az

1Источники