RU

Sahibə Qafarova COP30-da çıxış etdi - FOTOLAR

Milli Məclisin sədri Sahibə Qafarova Braziliyanın Belem şəhərində keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 30-cu sessiyasının (COP30) Liderlər Sammitində çıxış edib.

"Cebheinfo.az" xəbər verir ki, spiker çıxışında Azərbaycanın təşkilatçılığı ilə COP29-un əldə etdiyi mühüm nailiyyətlər barədə geniş məlumat verib.

Onun sözlərinə görə, böyük maneələrə, qeyri-müəyyənliklərə baxmayaraq, Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə ən uğurlu COP-lardan birinə ev sahibliyi edərək, bu prosesi qətiyyətlə həyata keçirdi. COP29-da Azərbaycan tərəflər arasında fikir ayrılıqlarını aradan qaldırmağı və əvvəlki danışıqlarda həll oluna bilməyən məsələlər üzrə tarixi konsensus əldə etməyi bacardı.

S.Qafarova xatırladıb ki, Azərbaycan COP29-da Bakı Maliyyə Hədəfinin qəbul olunmasına nail oldu ki, bu da 2025-ci ildən inkişaf etməkdə olan ölkələr üçün hər il 300 milyard ABŞ dollarının səfərbər edilməsini nəzərdə tutur. Sahibə Qafarovanın sözlərinə görə, bu, Birləşmiş Millətlər Təşkilatı tərəfindən bu günə qədər əldə edilmiş ən böyük maliyyə paketidir.

Azərbaycanın ən həssas qrupların dəstəklənməsinə böyük diqqət yetirdiyini söyləyən Milli Məclisin sədri vurğulayıb ki, ölkəmiz bu öhdəliyi özünün COP29 Sədrliyinin əsas elementinə çevirib. Bu məqsədlə Azərbaycan İnkişaf etməkdə olan Kiçik Ada Dövlətləri (SIDS) və Ən Az İnkişaf Etmiş Ölkələr (LDCS) nümayəndələrinin COP29-da iştirakı üçün maliyyə dəstəyi göstərib. Azərbaycan COP29-da Liderlər Zirvəsi zamanı SIDS üçün xüsusi konfrans təşkil edərək, onların xüsusi narahatlıqları və prioritetlərinin yüksək siyasi səviyyədə dinlənilməsi üçün platforma təmin etdi.

Milli Məclisin sədri daha sonra bildirib ki, Azərbaycan COP28 və COP30 Sədrlikləri ilə birlikdə iddialı Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələri (NDC) təşviq etmək üçün güclü öhdəlik nümayiş etdirdi. Azərbaycan eyni zamanda öz milli səviyyədə müəyyən edilmiş töhfələrini hazırlayarkən də eyni qətiyyəti göstərdi. Belə ki, 2050-ci il üçün müəyyən edilmiş hədəfin reallaşdırılmasını 15 il önə çəkərək, bu hədəflərin 2035-ci ildə növbəti milli səviyyədə müəyyən edilmiş töhfələr tsikli dövründə reallaşdırmağı hədəflədi.

Çıxışının sonunda Milli Məclisin sədri bir daha bəyan edib ki, COP29-da iqlim fəaliyyəti üzrə mümkün şərtlərin formalaşmasından sonra, COP30 iqlim planlarının daha da irəliyə aparılması üçün daha bir imkan təmin edir. Azərbaycan COP30 prezidentliyinin “İcra COP”u baxışının reallaşdırılmasında COP30 prezidentliyini tam dəstəkləməyə və töhfə verməyə hazırdır. Spiker Sahibə Qafarova, Braziliyanı bu mühüm prosesdə dəstəkləməyə, vacib qərarları qəbul etməyə, planetimiz və gələcəyimiz üçün olduqca həlledici olan fəaliyyətlərin həyata keçirilməsinə çağırıb.

"Cebheinfo.az" 

Избранный
2
26
cebheinfo.az

10Источники