RU

Prokuror sənədlərin və sübutların David Babayanla bağlı olan hissəsini elan edib - MƏHKƏMƏ

Noyabrın 7-də Bakı Hərbi Məhkəməsində Ermənistan Respublikası vətəndaşlarının ittiham olunduğu cinayət işi üzrə məhkəmə prosesi dövlət ittihamını müdafiə edən prokurorların ittiham çıxışı ilə davam etdirilir.

Trend xəbər verir ki, Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimli məhkəmə iclasında sənədlərin və sübutların təqsirləndirilən şəxs Babayan David Klimi ilə bağlı olan hissəsini diqqətə çatdırıb.

Bildirilib ki, David Babayan Ermənistan tərəfindən davam etdirilən təcavüzkar müharibə zamanı 1998-ci ildə qondarma qurumun fəaliyyətinə qoşulub, 2023-cü ilədək müxtəlif “vəzifələr”də işləyib. Bu, həm onun öz ifadəsi, həm də məhkəmə istintaqı zamanı tədqiq edilmiş ona aid sənədlər əsasında təsdiqlənib.

İttiham tərəfi 1998-2023-cü illər ərzində baş vermiş cinayət hadisələrini bütövlükdə D.Babayana ona görə aid edib ki, o, hərbi qulluqçu olmasa belə, sadə mülki vətəndaş olmayıb,

İşin faktiki halları, məhkəmə istintaqı zamanı tədqiq edilmiş çoxsaylı sübutlar, o cümlədən təqsirləndirilən şəxsə bilavasitə aid sənəd və materiallar, habelə təqsirləndirilən şəxslər tərəfindən verilmiş ifadələr onu göstərir ki, D.Babayan bilavasitə əlinə silah götürüb döyüş əməliyyatlarında iştirak etməsə də, cinayətkar birliyin ideologiyasının və qondarma qurumun siyasətinin formalaşdırılmasında və həyata keçirilməsində bilavasitə iştirak edib. O, cinayətkar birliyin məqsədləri üçün törədilən cinayətlər barədə agah olub, imkanları daxilində olsa da, bu cinayət hadisələrinin qarşısının alınması üçün hər hansı tədbir görməyib, nifrəti və düşmənçiliyi alovlandırmaqla yeni cinayətlərin törədilməsinə zəmin yaradıb. Bununla da o, dolayı qeyd edilən dövr ərzində baş vermiş cinayət hadisələrinin törədilməsində iştirak edib.

Vurğulanıb ki, D.Babayan müsahibə və sosial şəbəkə paylaşımlarında cinayətkar birliyin əməllərinə haqq qazandıran, işğalın davam etdirilməsi, hətta “Azərbaycan Respublikasının yeni ərazilərinin işğal edilməsinin zəruriliyini vurğulayan” fikirlər səsləndirib.

Vurğulanıb ki, D.Babayan müharibə planlarının siyasi əsaslandırıcısı və ideoloji təbliğatçısı qismində çıxış edib.

İttiham tərəfi bildirib ki, Beynəlxalq Hərbi Tribunalın Nürnberq presedentində təsbit edildiyi kimi, təcavüzkar müharibə yalnız silahı əlinə alanların deyil, onu planlaşdıran, legitimləşdirməyə çalışan və beynəlxalq aləmə çıxaranların da cinayət məsuliyyəti doğurur.

Beləliklə, D.Babayan təcavüzkar müharibənin hazırlanması, təşkili, aparılması və legitimləşdirilməsində qəsdən və bilavasitə iştirak etməklə müharibə və sülh və insanlıq əleyhinə olan cinayətlərin törədilməsində dolayı yolla iştirak edib.

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.

Избранный
10
34
qaziler.az

10Источники