RU

“Paşinyan II Qaregini istefaya məcbur edəcək” ŞƏRH

ain.az, Gununsesi portalına istinadən məlumatı açıqlayır.

“Nikol Paşinyan əslində kilsəyə qarşı deyil. Əgər o, doğrudan da kilsəyə qarşı olsaydı, son iki səfəri zamanı dini mərasimlərdə də dəfə iştirak etməzdi. Bununla Paşinyan əslində mesaj verir ki, o, bütövlükdə kilsəyə qarşı deyil, sadəcə, kilsə daxilindəki müəyyən ünsürləri təmizləmək niyyətindədir”.

Bu fikirləri Gununsesi.info-ya açıqlamasında siyasi ekspert Məhəmməd Əsədullazadə deyib:

“O, dəfələrlə bu ünsürlər haqqında sərt və tənqidi fikirlər səsləndirib. Paşinyan yaxşı bilir ki, kilsə indiyədək Ermənistanı “forpost” vəziyyətinə salıb. Məhz kilsə ermənilərin bu gün blokada şəraitində yaşamasına, həmçinin Türkiyə və Azərbaycanla münasibətlərin düşmənçilik səviyyəsində qalmasına səbəb olub. O, həmçinin anlayır ki,

II Qareginin rəhbərlik etdiyi kilsə və onun tərəfdarları 2018-ci ildə Paşinyanın hakimiyyətə gəlməsini qəbul etməyiblər və birbaşa Rusiya KQB-si ilə əlaqəli olublar.

Artıq IIQareginin qardaşı oğlu, daha sonra isə qardaşı həbs edilib və onlara qarşı cinayət işləri açılıb. Əslində, erməni Apostol kilsəsinin hazırkı rəhbəri II Qaregin 2009-cu ildə Robert Koçaryan və Serj Sarkisyanın dəstəyi ilə bu vəzifəyə gətirilib. Onun fəaliyyəti də əsasən Ermənistanı başqa dövlətlərə bağlamaq, ölkəni forpost vəziyyətində saxlamaq və həmin siyasətçilərin hakimiyyətini qorumağa xidmət edib.

Nikol Paşinyan isə indi kilsədə təmizlik işi aparır. Düşünürəm ki, o, II Qaregini istefaya məcbur edəcək. Ermənistan parlamentinin spikeri Alen Simonyan da bildirib ki, seçkilərə qədər II Qaregin istefaya getməlidir”.

O, qeyd edi ki, Paşinyanın hakimiyyət daxilində kifayət qədər tərəfdarları var və bu məsələni həyata keçirmək üçün ciddi siyasi dəstəyi mövcuddur:

“Hətta Paşinyanın yaxın çevrəsində olan yeni nəsil ruhani Aram Asatryan qeyd edib ki, birinci dövlətçilik, sonra kilsə prinsipi əsas olmalıdır. Əvvəllər isə bu prinsip əksinə idi – birinci kilsə, sonra dövlət. Bu da göstərir ki, Paşinyanın mövqeyini dəstəkləyənlərin sayı kifayət qədər çoxdur və onlar II Qaregini istefaya göndərə biləcəklər.

Kilsə bu kimi şəxslərdən təmizlənməsə, bu, Nikol Paşinyanın nüfuzuna ciddi zərbə vura bilər. O, artıq orduda islahatlar aparıb, Rusiyaya bağlı generalları və zabitləri vəzifələrdən uzaqlaşdırıb, hüquq-məhkəmə sistemində və təhlükəsizlik strukturlarında da ciddi dəyişikliklər həyata keçirib. İndi onun əsas hədəfi kilsədir.

Əgər Paşinyan kilsədə məğlub olarsa və seçkilərə qədər II Qaregini istefaya göndərə bilməzsə, bu, xalqın ona olan etimadını zəiflədə bilər və o, zəif lider kimi görünər. Amma əgər İkinci Qaregini istefaya göndərə bilsə, bu, seçkilər ərəfəsində onun mövqeyini gücləndirəcək və Paşinyan daha güclü lider kimi xalqın qarşısına çıxacaq.

Hazırda Ermənistan xalqı da artıq II Qareginə inanmır və onu qəbul etmir. Əks halda, onlar Paşinyana qarşı etirazlara qalxardılar. Müxalif düşərgə – Robert Koçaryan, Serj Sarkisyan və Samvel Karapetyan kimi şəxslərin tərəfdarları, həmçinin “Bizim Yol” hərəkatı bir neçə dəfə etiraz aksiyaları keçirsələr də, nəticə əldə edə bilməyiblər.

Artıq Paşinyan II Qareginin bir çox tərəfdarlarını həbs etdirib və onların əməllərində cinayət tərkibli faktlar sübut olunub. Çünki II Qareginin fəaliyyəti və həyata keçirdiyi siyasət, Paşinyanın fikrincə, birbaşa Rusiya KQB-si ilə əlaqəlidir. Buna görə də Nikol Paşinyan seçkilərə qədər Erməni Apostol Kilsəsini II Qaregin və onun tərəfdarlarından təmizləmək niyyətindədir”.

Şəbnəm

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
24
icma.az

1Источники