RU

Bu stadion Qurban Qurbanovun adını daşıyacaq?

“Qarabağ”ın baş məşqçisinə heykəl qoyulması da təklif edilir - tanınmışlardan çağırış

“Çelsi” ilə oyundan sonra “Qarabağ”ın prezidenti Tahir Gözələ sual ünvanlanıb ki, “Azərsun Arena”ya Qurban Qurbanovun adı verilə bilərmi? Klub rəhbəri də deyib ki, belə bir təşəbbüs olarsa, bunu dəstəkləyərəm". 

Bu barədə Teleqraf.az yazıb. 

Sayt ardınca sual edib: “Maraqlıdır, klub öz büdcəsinə sıfırdan tikdiyi stadion üçün kimdən təşəbbüs gözləməlidir? Bunu Tahir Gözəl etməyəcəksə, sinəsini önə verməyəcəksə, kim etməlidir? Əmin olun ki, Qurban Qurbanova eyni sual ünvanlansa, o, təvazökarlıqdan bu sualdan qaçmağa çalışacaq. Amma ömrünün 17 ilini bir kluba həsr edən, möcüzəvi nəticələrə imza atan bir adama bu dəyər vaxtında verilməlidir. Bu, Qurbanov üçün həm ağır məsuliyyət, həm də gözəl motivasiya olar... Azərbaycan futbolu üçün bu qədər ciddi işlər görən, bir çox uşaqların futbola yönəlməsinə səbəb olan, bu gün hər kəsin üzündə təbəssüm yaradan Qurban Qurbanov daha nə etməlidir? Çempionlar Liqasını qazanmasını gözləyirik?”

Qeyd edək ki, bu xüsusda İstanbulda (Başakşəhər) stadionunun Türkiyəyə Avropa üçüncülüyü və UEFA kubokunu gətirən tanınmış baş məşqçi Fatih Terimin adına olması xatırladılır.   

Stadiona Qurban Qurbanovun adına verilə bilərmi?

Məlumat üçün bildirək ki, indiyə qədər bu məsələ bir neçə dəfə gündəmə gəlib. Xüsusilə, baş məqçiyə heykəl qoyulmasının vacibliyini tez-tez dilə gətirən şəxslərdən biri deputat Fazil Mustafadır. O, yenə də eyni fikirdədir. 

Dini

Fazil Mustafa

Xüsusilə, “Çelsi” üzərində komandasına oynatdığı oyuna və qazandığı nəticəyə görə bunu Q.Qurbanovun bundan sonra hansı nəticə əldə etməsindən asılı olmayaraq, haqq etdiyini düşünür. 

Deputat “Yeni Müsavat”a dedi ki, hətta Ağdamdakı stadionun Qurban Qurbanovun adına verilməsini təklif edib: “Çünki Azərbaycan futbolunu bu mərtəbəyə qaldıran bu məşqçidir. Türkiyədə də bu ənənə var. Niyə bu arena verilsin ki?! Hazır Ağdam stadionu onun adını daşısın. Orada böyük bir stadion salınırsa, elə Qurban Qurbanovun adına verilsin. Yaxud əksinə Bakıda arena stadionundan söhbət gedirsə, ”Azərsun Arena" onun adını daşıya bilər. Məncə, bu da çox ədalətli bir qərar olardı. Çünki bu adam haqq edib. Ölkə futbolunu bu səviyyəyə qaldıran birinə Azərbaycan da öz dəyərini verməlidir".

Hava

Aqil Aqil Abbas

Milli Məclisin daha bir təmsilçisi Aqil Abbas da bir müddət öncə Qurban Qurbanova heykəl qoyulsun çağırışları səslənən zaman bunları Yenisabah.az-a demişdi: “Ağdam camaatının əksəriyyəti yeni tikiləcək stadiona Allahverdi Bağırovun adının verilməsini istəyir:

“Keçmiş ”İmarət" stadionu bərpa oldunduqdan sonra konsert və şənliklər üçün istifadə olunacaq və öz adını qoruyacaq. Bu planda da var. İşğaldan öncə futbol stadionu kimi fəaliyyət göstərsə də, artıq kütləvi tədbirlər üçün nəzərdə tutulub. Ağdamda 15 minlik yeni stadion və futbol akademiyası tikiləcək. Amma məsələ burasındadır ki, Ağdam camaatı yeni tikiləcək stadiona Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovun adının verilməsini istəyir. Çünki o, “Qarabağ” klubunu yaradanlardan biridir. Komandaya kapitanlıq və baş məşqçilik edən məhz Allahverdi Bağırov olub".

Deputat Ağdamda Qurban Qurbanova heykəl qoyacaqlarını da diqqətə çatdırıb: “Mənim Qurban Qurbanova böyük hörmətim var. Bir müddət öncə mətbuatda yazmışdım ki, Qurban Qurbanovun sağlığında Ağdamda onun heykəlini qoyacağıq. Allah qoysa, stadion tikilsin, ondan sonra daha konkret danışarıq”.

Tanınmış idman yazarı Natiq Muxtarlı hesab edir ki, “Qarabağ” rəhbərliyi bu istiqamətdə heç kimi gözləmədən özü hərəkət etməlidir: “Heç şübhəsiz ki, Qurban Qurbanov nəinki ”Qarabağ"ın, bütün Azərbaycan futbolunun adına böyük iş görüb. Güman etmirəm ki, yaxın gələcəkdə onun nəticələrini başqa kimsə təkrarlaya bilsin. 

Azərbaycan futbolunun, xüsusən də milinin acınacaqlı durumu fonunda “Qarabağ” xalq üçün milli qürura çevrilib. Bu gün azarkeşlər “Qarabağ”a həm də milli komanda kimi baxırlar. Bu baxımdan Qurbanovun haqqı, dəyəri verilməlidir. Hansısa stadionu onun şərəfinə də adlandırmaq olar və buna heç kim etiraz etməz. Hətta Ağdamda tikilən “İmarət” stadionun tribunalarından birinə də Qurbanovun adını vermək olar. 

Stadionun qarşısında “Qarabağ”ın əfsanələrinin, məsələn Allahverdi Bağırovun büstünü ucaltmaq olar. Bəs onun yanında Qurban Qurbanovun büstü niyə olmasın? Bağırov “Qarabağ”ın yaradıcılarındadır, Qurbanov da onu bütün dünyada məşhur edən məşqçidir. 

Dəyərlərə sayğı mütləqdir. Qurban Qurbanov da “Qarabağ”ın, ümumilikdə Azərbaycan futbolunun dəyərlərindədir. Bəlkə də indi yox, gələcəkdə, Qurban Qurbanov “Qarabağ”dan ayrılanda klub rəsmiləri onun adının tarixdə qalması üçün kompleks qərarlar verəcəklər. Verməlidirlər də. Amma bunu bu gün də etsələr, kimsə etiraz etməz. İnsanlara gördüyü işə, yaşatdıqları qürura görə vaxtında qiymət verilməsi gözəl ənənədir. Əksər Avropa ölkələrində bu tendensiyadan istifadə olunur. 

Hesab edirəm ki, nə qədər acınacaqlı durumda olsa belə, Azərbaycan futbolunun Şərəf Zalı yaradılmalıdır. O zalda yer ala biləcək xeyli dəyərlər var - Anatoli Banişevski, Ələkbər Məmmədov, Sergey Kramarenko, İqr Ponomaryov, Nazim Süleymanov, Vəli Qasımov, Qurban Qurbanov və başaqları. 

“Qarabağ” rəhbərliyi heç kimdən təşəbbüs gözləməməli, özləri qərar verməlidir. Qurban Qurbanovun mövqeyini soruşmağa lüzum yoxdur. Onsuz da “yox” deyəcək".

Cavanşir ABBASLI, 
“Yeni Müsavat”

 

Избранный
39
musavat.com

1Источники