RU

Arxeoloqlar: Ən qədim insanlar alət düzəltmə texnikasını minilliklərlə qoruyub

BAKI, 9 noyabr. TELEQRAF

2,5 milyon il əvvəl yaşamış ibtidai insanların əmək alətlərinin hazırlanması texnikasını uzun müddət nəsildən-nəslə ötürdüyü məlum olub.

Teleqraf xəbər verir ki, bu barədə "BBC"-nin məqaləsində bildirilib.

Arxeoloqlar Keniyanın Turkana gölü hövzəsindəki Namorotukunan adlı yeni qazıntı sahəsində 1300-ə yaxın daş alət tapıblar. Araşdırma göstərib ki, həmin alətlər təxminən 300 min il ərzində eyni üsulla hazırlanıb. Bu isə insan təkamülü ilə bağlı əvvəlki elmi təsəvvürləri dəyişir.

Tədqiqatın rəhbəri, ABŞ-li alim Devid Braunun sözlərinə görə, daha əvvəl elm alətlərdən istifadə etməyin təsadüfi və qısa müddətli olduğunu düşünürdü:

“Bu alətlər uzunmüddətli və sabit ənənənin olduğunu göstərir. Deməli, əmək alətlərinin tətbiqi düşündüyümüzdən daha əvvəl başlayıb və davamlı olub.”

Alətlər diqqətlə seçilmiş daşlardan hazırlanıb. Araşdırmada iştirak edən braziliyalı alim Dan Palçu Rolyera bildirib ki, ibtidai insanlar hansı daşın daha uyğun olduğunu yaxşı bilirmişlər.

Tapıntılar həmçinin göstərir ki, o dövrdə bölgədə iqlim qurusa da, insanlar məhz alətlər sayəsində ov edib, ət və bitkilərlə qidalanaraq dəyişikliklərə uyğunlaşa biliblər.

Elm adamları hesab edir ki, bu kəşf insanın təkamülündə əsas rolun yalnız beyin ölçüsünün deyil, texniki bacarıqların davamlılığının da olduğunu sübut edir.

Избранный
48
teleqraf.com

1Источники