RU

Dövləti yaşadan təkcə qanunlar deyil, həm də dövlətçiliyin ruhudur

Azərbaycan Respublikasının dövlət rəmzləri Azərbaycan  Respublikasının Dövlət Bayrağı, Azərbaycan Respublikasının Dövlət Gerbi və  Azərbaycan Respublikasının Dövlət Himnidir.

Azərbaycan Resipublikasının Konstitutsiyası, II fəsil, maddə 23

Hər bir xalqın tarixində elə müqəddəs günlər var ki, o günlər yalnız təqvimdə deyil, millətin ruhunda, yaddaşında yaşayır. Xalqımızın qan yaddaşına yazılan belə tarixi günlərdən biri də Konstitusiya Günüdür. Bu, dövlətçiliyimizin hüquqi dayağının təsdiq olunduğu, azadlıq və müstəqillik yolunun daha da möhkəmləndiyi tarixi bir gündür.

Azərbaycan dövlətçiliyinin möhkəm təməl sütunlarından biri olan Konstitusiyamızın qəbulu Ulu Öndər Heydər Əliyevin uzaqgörən rəhbərliyinin, milli iradəni dövlət idarəçiliyinə çevirmək bacarığının parlaq nəticəsidir. Ümummilli Lider çox gərgin və taleyüklü bir dövrdə xalqı ətrafında birləşdirərək müstəqilliyimizin hüquqi əsaslarını yaratdı, Azərbaycanın gələcəyinə yönəlik ən ali siyasi sənədi - Konstitusiyanı xalqımıza bəxş etdi. Bu gün qüdrətli dövlətimizin sabitliyini, inkişafını və hüquqi nizamını təmin edən Konstitusiyamız Heydər Əliyev ideyalarının canlı təcəssümü kimi yaşayır və xalqımızı daha böyük inamla güclü sabahlara aparır.

Bu bir həqiqətdir ki, dövləti yaşadan təkcə qanunlar deyil, həm də dövlətçiliyin ruhudur. Bu ruhu isə hər birimizin qəlbinə hopan üç müqəddəs rəmz - bayraq, gerb və himn daşıyır. Onlar yalnız dövlət rəmzi deyil, torpağın yaddaşı, xalqın mübarizə iradəsi, gələcəyə olan inamdır...

Konstitusiyamızın 23-cü maddəsində təsdiq olunduğu kimi, Azərbaycan Respublikasının Dövlət Bayrağı bərabər enli üç üfüqi zolaqdan ibarətdir. Yuxarı zolaq mavi, orta zolaq qırmızı, aşağı zolaq yaşıl rəngdədir və qırmızı zolağın ortasında bayrağın hər iki üzündə ağ rəngli aypara ilə səkkizguşəli ulduz təsvir edilmişdir. Bayrağın eninin uzunluğuna nisbəti 1:2-dir.

Azərbaycan bayrağı kimlərəsə üç rəngdən ibarət bir parça kimi görünə bilər. Lakin onun içində yüzilliklər boyu çəkilən əzab da, qələbənin sevinci də, milli kimliyin bütöv mənası da var.  Bayrağımız  - göyün, qanın və Günəşin ruhunu özündə birləşdirən böyük fəlsəfi fikir dünyasıdır. O, hər dalğalananda yalnız rüzgarın səsi yox, onun zirvələrə ucaltmaq üçün canını torpaq, vətən, müqəddəs amal uğrunda qurban verən şəhidlərimizin ruhu, xalqın nəfəsi eşidilir. Müstəqilliyimizin ən canlı şahidi Azərbaycan bayrağıdır. Onu zirvələrə daşıyan da milli ruhumuz, azadlıq sevgimiz, müstəqilliyimizə verdiyimiz dəyərdir. 

Şənini vəsf etməyə yetər, qüdrətim yetər,

Ulduzunu, ayını göydə mələklər öpər,

Hər rəngində "ya qazi, ya şəhid" bir mən bitər,

Sən ey İstiqlalımın əbədiyyət sancağı, -

Azərbaycan bayrağı!

Yağının min hiyləsi küydən, kələkdən keçər,

Sən sancılan ucalıq min-min ürəkdən keçər,

Dağlar yerindən oynar, daşlar ələkdən keçər,

Göylərin nur yağmuru, yerlərin göy qurşağı,-

Azərbaycan bayrağı!

Azərbaycan Respublikasının Dövlət Gerbi

Gerbimiz Azərbaycan dövlətinin müstəqillik rəmzidir. Dövlət gerbi palıd budaqlarından və sünbüllərdən ibarət qövsün üzərində yerləşən Şərq qalxanının təsvirindən ibarətdir. Qalxanın üstündə Azərbaycan Respublikasının Dövlət Bayrağının rəngləri fonunda səkkizguşəli ulduz, ulduzun mərkəzində alov təsviri var.

Azərbaycan Respublikası Dövlət gerbinin rəngli təsvirində ulduz ağ, alov qırmızı, palıd budaqları yaşıl, sünbüllər sarı rəngdədir. Qalxanın və ulduzun sağanaqları, habelə qalxanın düymələri və palıd qozaları qızılıdır.

Odlar diyarı olan Azərbaycanın dövlət gerbi tariximizin, mədəniyyətimizin, torpağımızın bütün simvollarını özündə cəmləyib. Alov - bu torpağın enerjisi, gücü və əbədiyyətidir. Səkkizguşəli ulduz - türklüyümüzün işığıdır.

Gerb yalnız divarlarda asılan bir nişan deyil. O, bu xalqın özünə inamı - ululuğun və qoruyucu iradənin nişanıdır.

Dövlət himnimiz xalqın dilə gələn qürurudur

Himn səslənəndə ayağa qalxan yalnız insanlar deyil - bütöv bir tarix ayağa qalxır. Hər misrasında doğma torpaq uğrunda can vermiş igidlərin niskili də var, azad yaşamaq iradəsi də...

Azərbaycan! Azərbaycan!

Ey qəhrəman övladın şanlı Vətəni!

Səndən ötrü can verməyə cümlə hazırız!

Səndən ötrü qan tökməyə cümlə qadiriz!

Üçrəngli bayrağınla məsud yaşa!

Minlərlə can qurban oldu!

Sinən hərbə meydan oldu!

Hüququndan keçən əsgər,

Hərə bir qəhrəman oldu!

Himnimiz birliyimizin səsidir, azadlığımızın ritmidir. Vətən sevgisinə münasibətin təzahürüdür...

Qorunan rəmz, qorunan Vətən

Konstitusiya yalnız qanunlar toplusu deyil, dövlət rəmzlərinin toxunulmazlığını təmin, xalqın iradəsini ifadə edən ən ali sənəddir. Rəmzlərimizi yaşatmaq isə təkcə dövlətin yox, hər bir vətəndaşın borcudur.

Bu gün biz yalnız Konstitusiyanı deyil, onun qoruduğu dəyərləri - azadlığımızı, suverenliyimizi, birliyimizi qeyd edirik. Dövlət rəmzləri bizim kimliyimizdir, biz isə bu kimliyin sahibləriyik.

Elşən QƏNİYEV,

"Azərbaycan"

Избранный
63
azerbaijan-news.az

1Источники