RU

“Eyni imzalar, eyni çevrələr!”  Uşaq ədəbiyyatı gizli monopoliyanın əlindədir

ain.az, Sherg.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Dərsliklər uşaqları ədəbiyyatdan soyudur. Uşaq oxuduğuna inanmırsa, ədəbiyyat mənasız söz yığınına çevrilir”

Son illər məktəb dərsliklərinin məzmunu cəmiyyətin ən çox müzakirə olunan mövzularından birinə çevrilib. Ən çox tənqid olunan sahələrdən biri isə uşaq ədəbiyyatına aid bölmələrdir. Dərslik uşaqların dünyagörüşü, zövqü və duyğularını formalaşdıran ən əsas vasitələrdən biridir. Lakin mütəxəssislər qeyd edir ki, indiki dərsliklərdəki şeir və hekayələr uşaq psixologiyasına uyğun deyil, bədii keyfiyyət baxımından da çox zəifdir. Belə mətnlər uşaqlarda ədəbiyyata maraq yaratmaq əvəzinə, onlardan uzaqlaşdırır.

Bu mövzu, əslində, düşündüyümüzdən daha həssasdır. Xüsusən də birinci sinifdə oxuyan uşağı olan valideynlər üçün tanış və bir az da yaralıdır. Hər gün övladımız məktəbdən yeni bir tapşırıqla gəlir: bu dəfə “A” hərfinə, sabah “B” , o biri gün də “Y” hərfinə aid bir şeir əzbərləməlidir. Bu, uşağın həm yaddaşını, həm də dil bacarığını inkişaf etdirməli, onda sözə, poeziyaya maraq oyatmalıdır. Amma reallıq tam fərqlidir.

Birinci sinif şeirləri – uşağın gülüşü, valideynin çaşqınlığı

Birinci sinifdə oxuyan oğluma da müəllimi yeni hərfə aid bir şeir əzbərləməyi tapşırır.

Axşamlar oturub birlikdə oxuyuruq. Amma hər dəfə eyni mənzərə yaranır: oğlum gülür və deyir:

- Ana, bu nə “saçma” şeirdir? ( Ş.B.“Saçma” sözünü Türkiyə cizgi filmlərindən öyrəniblər — çünki ana dilimizdə uşaqların zövqünü oxşayan cizgi filmi tapmaq özü bir “möcüzə”dir)

Belə də şeir olar? Cümlələr bir-birinə heç uyğun gəlmir! Öyrənməyəcəm!!!

Düzünü desəm, cavab verə bilmirəm. Çünki o, haqlıdır. Həmin şeirlərdə nə vəzn var, nə də məna ardıcıllığı. Bəndlər bir-birinə qarışıb, sanki sözlər sadəcə səhifəyə düzülüb. Uşaq ədəbiyyatı uşağın dünyasına uyğun, maraqlı və mənalı olmalıdır. Amma dərsliklərdəki bəzi şeirlər uşağı düşündürmək əvəzinə, gülməyə və ədəbiyyatdan soyumağa vadar edir.

Məsələn, bunun kimi:

Yaşıllığam, yaraşığam

Yer də məndə, Göy də məndə,

Yumurtalar da bəzənir,

Yurduma Novruz gələndə.

Mətnin nə ritmi var, nə də məna ardıcıllığı. Cümlələr bir-biri ilə bağlı deyil, fikirlər yarımçıq və məzmundan uzaqdır. Uşaqlar belə şeirləri oxuyanda ya gülür, ya da mənasız tapşırıq kimi qəbul edirlər. Ədəbiyyat mütəxəssisləri isə xəbərdarlıq edirlər: dərsliklərdə bu cür mətnlərin çoxalması gələcək nəsildə ədəbi zövqün formalaşmasına ciddi zərbə vurur.

Millət vəkili, ədəbiyyatşünas Elnarə Akimova Füyuzat Tv-nin efirində yayımlanan “Arxa plan” layihəsində haqlı olaraq məktəbliləri yanlış dərsliklərlə böyüyən yanlış nəsil adlandırıb. Deputat hesab edir ki, bu gün məktəblərimizdə istifadə olunan dərsliklər uşaqlara düzgün ədəbi və estetik zövq aşılamaq funksiyasını tam yerinə yetirmir: “Əsas problem ondan ibarətdir ki, dərslikləri hazırlayan müəlliflər müasir uşaq ədəbiyyatını, onun ruhunu və inkişaf tendensiyalarını dərindən bilmirlər. Şübhəsiz ki, uşaq ədəbiyyatının ən məhsuldar dövrü XX əsrin əvvəllərinə təsadüf edir. Görün, Abbas Səhhət nə gözəl yazıb:“Südüdür kim dolanıb canım olub, o mənim sevgili cananım olub”. Dili aydın, ideyası aydın, duyğusu saf və səmimi... Bu cür nümunələr uşaqlara həm ana dilinin gözəlliyini, həm də Vətənə sevginin dərin mənasını çatdırır.

Çox təəssüf ki, günümüzdə uşaq ədəbiyyatının meyarlarını özünə prioritet seçən, “uşaqlar nə istəyir, mən onlara nə verə bilərəm” prinsipinə cavab verən ədəbiyyatçılar çox azdır. Zahid Xəlil, Sevinc Nuruqızı, Mina Rəşid, Reyhan Yusifqızı, Solmaz Amanova, Rafiq Yusifoğlu və Qəşəm İsabəyli kimi müəlliflər uşaq ədəbiyyatında ixtisaslaşmış yazıçı və şairlərdir. Biz uşaqlar haqqında onların yaratdıqları mətnlərə istinad edə bilərik. Lakin hazırkı dərsliklərdə bu müəlliflərin əsərlərinə lazımi şəkildə yer verilmir”.

Elnarə xanım hesab edir ki, dərslik müəllifləri ədəbi mətbuatda və kitab nəşrlərində çap olunan dəyərli əsərləri diqqətlə seçməli, klassik irslə yanaşı müasir ədəbiyyatın peşəkar imzalarına da yer verməlidirlər. Təəssüf ki, hazırda bir çox dərsliklərdə mətnlər uşaq ədəbiyyatının əsas meyarlarına, yəni səlis dilə, mənəvi dərinliyə, məzmun mükəmməlliyinə və ideya aydınlığına cavab vermir: “Uşaq ədəbiyyatı manipulyasiya vasitəsinə çevrilməməlidir. Biz uşaqlara nə ötürdüyümüzü yüz ölçüb bir biçməliyik. Onların beyni ağ kağızdır. Professor Xudu Məmmədov deyirdi: Uşaqlara Vətəndən danışma, onun gözəlliklərini tanıt. Bu, çox dərin və ibrətamiz fikirdir. Uşaqlara vətənpərvərliyi sözlə yox, hisslə, gözəlliklə, nümunə ilə aşılamaq lazımdır. Dərsliklərdəki mətnlər təkcə məlumat xarakteri daşımamalı, həm də uşaqların psixoloji aləminə nüfuz etməli, onları düşündürməli, dünyanı dərk etməyə sövq etməlidir. “Dərin həyatilik və qüvvətli realizm” prinsipi uşaq ədəbiyyatının əsas dayağı olmalıdır. Dərsliklərdə tanınmayan müəlliflərin imzası ilə təqdim olunan şeirlərdə vəzn, bölgü və qafiyə prinsipləri pozulur, proqram tapşırıqlarına uyğun gəlməyən mətnlər yer alır. Halbuki hər bir nümunə yüzlərlə mətn arasından seçilməli, həm bədii, həm də məzmun baxımından uşaqların zövqünü formalaşdırmalıdır”.

Elnurə Akimova qeyd edib ki, uşaq ədəbiyyatında və dərslik siyasətində monopoliyadan əl çəkmək, peşəkar ədəbiyyatçıların səsinə qulaq asmaq lazımdır. Onun sözlərinə görə, düzgün dərslik – sağlam düşüncəli, estetik zövqü formalaşmış və milli dəyərlərə bağlı nəsil deməkdir: “Bilirsiniz, orta məktəb yalnız bilik vermir. O, zövq aşılayır, dünyagörüşü formalaşdırır. Bizim dərsliklərdə çox zaman şeirlər bu kriteriya ilə seçilmir. Elə hansısa əlamətdar günlə bağlı şeir olsun, versinlər. Belə deyil. O mövzuda yüz şeirin içərisindən iki elə şeiri seçib dərsliyə salmaq lazımdır ki, şagird o şeirdə həm dilin, poetik nəfəsin, həm də düşüncənin harmoniyasını görsün. Yadda qalsın, təəssürat itməsin. Dərsliklərimizdə təəssüf ki, bayağı, dərin məzmun ifadə etməyən şeirlər yer alır. Müstəqillik dövrünün dərsliyi Qarabağ yaddaşının qorunması üçün ordu qədər xidmət göstərdi. O oğulları qəhrəman edən oxuduqları, öyrəndikləri oldu həm də. Biz sovet dövründə zədələnmiş zehniyyəti xalqı, milləti sevən, onun nicatını uca tutan bir təfəkkürün gücü ilə bərpa etdik”. 

Təhsil eksperti Kamran Əsədov hesab edir ki, dərsliklərin hazırlanması prosesi yalnız elmi bilik deyil, həm də pedaqoji təcrübə tələb edir: "Dərsliklərin hazırlanması prosesi təhsilin keyfiyyətinə birbaşa təsir edən ən həssas mərhələlərdən biridir. Dərslik sadəcə tədris vasitəsi deyil o, ideoloji, pedaqoji və elmi baxımdan ölkənin gələcək nəsillərinin düşüncə tərzini formalaşdıran strateji sənəddir. Son zamanlarda sosial mediada “Dərsliklərin yazılma prosesində mütləq orta məktəb müəllimləri yaxından iştirak etməlidirlər” kimi çağırışların artması təhsildə cəmiyyətin aktivləşməsinin və real tədris problemlərinin gündəmə gəlməsinin göstəricisidir. Bu yanaşma bir tərəfdən çox əsaslı və lazımlıdır, lakin digər tərəfdən peşəkar yanaşma və akademik məsuliyyət balansı qorunmadıqda, keyfiyyətin zəifləməsi riski də yarana bilər.

Təhlil göstərir ki, son illərdə dərsliklərin məzmununda bir sıra müsbət dəyişikliklər baş verib.

Məsələn, 2018-2024-cü illər arasında 70-dən çox dərslik yenilənib, fənlər üzrə yeni formatda tapşırıqlar, differensial qiymətləndirmə və kompetensiya əsaslı məzmun tətbiq edilib. Lakin müəllimlərin iştirakı hələ də formal səviyyədədir, yəni onlar dərsliklərin rəy mərhələsində fikir bildirirlər, amma məzmunun ilkin formalaşdırılmasında birbaşa iştirak etmirlər. Halbuki dərsliyin praktik istifadəsini, tətbiqdə qarşılaşan çətinlikləri və uşaqların anlayış səviyyəsini ən yaxşı tanıyan şəxs məhz sinifdə dərs deyən müəllimdir. Bu baxımdan, müəllimlərin prosesinə cəlb edilməsi çox vacib və faydalıdır. Müəllimlərin iştirakı dərslikləri daha real, öyrədici və şagirdin psixoloji səviyyəsinə uyğun hala gətirər. Amma burada bir incə məqam da var: dərslik yazmaq sadəcə pedaqoji deyil, həm də akademik məsuliyyət tələb edən çətin prosesdir. Hər müəllim yaxşı pedaqoq ola bilər, amma hər pedaqoq dərslik müəllifi ola bilməz. Dərsliyin məzmunu təkcə fənn bilikləri deyil, həm də metodika, psixologiya, dil mədəniyyəti, terminoloji dəqiqlik və illərlə təcrübədən keçmiş akademik yazı bacarığı tələb edir. Buna görə də bu prosesdə müəllimlərin rolu genişləndirilməlidir, amma bu, sistemli və mərhələli şəkildə həyata keçirilməlidir. Təcrübə ilə elmin sintezi varsa, o dərslik həm öyrədir, həm düşündürür”.

Mövzu ilə bağlı narahatlığını Sherg.az-a bölüşən yazıçı Sevinc Elsevər deyib ki, Elnarə Akimova uşaq ədəbiyyatını dərindən bilən, izləyən, təəssübünü çəkən adamlardan ən birincisidir. Akademiyada uşaq ədəbiyyatı şöbəsinin müdiridir, uşaq ədəbiyyatı mövzusunda çoxlu sayda yazıları, dəyərli fikirləri var. Onun sözlərinə görə, bu mövzu tək bu günün mövzusu da deyil. Elnarə xanım hələ bu fikirləri neçə il bundan qabaq da mətbuatda yazıb, efirlərdə səsləndirib. Nümunələr gətirməklə, ciddi tənqidi yazılar yazıb. Bu sahədə monopoliyanın olduğunu da dilə gətirib:

“Eyni zamanda, AYB-nin uşaq ədəbiyyatı şöbəsinin müdiri Qəşəm Nəcəfzadə də zaman-zaman bu mövzuda danışıb. Və çoxlu haqlı məqamlara toxunub. Tanış, dost çevrəsini, eyni adamı ayrı-ayrı imzalarla eyni dərslikdə dəfələrlə çap eləmək adətləri var. Mən özüm də dərsliklərlə maraqlananda bu hallara şahid olmuşam. Uşaqların zövqünü korlayan mətnlər də çox olub. Elə bu səbəbdəndir ki, uşaqlar mütaliədən qaçırlar. Oxumaq istəmirlər. Uşaq yazıçılarının, uşaq ədəbiyyatı sahəsində fəaliyyət göstərən elm adamlarının dərsliklərin hazırlanmasına cəlb olunması yaxşı olardı. Uşaqlara dilin qrammatik normalarını, qaydaları öyrətmək daha çox önə çıxır. Mən razıyam, uşaqlara dilimizi mükəmməl şəkildə öyrətmək lazımdır. Amma onların bədii zövqünü də korlamamaq şərti ilə. Ədəbi zövqün formalaşmağı elə uşağın əsl insan kimi formalaşmağına bərabərdir. Çünki uşaq oxuduğuna inansa, oxuduğu mətn qəlbinə toxunsa, yaxşı adam olmaq istəyəcək. Mən Kozettanı sevirdim deyə ondakı yaxşı xüsusiyyətləri də təkrarlamağa çalışırdım, məsələn. Cəlil Məmmədquluzadənin "Buz" hekayəsi mənə təsir etmişdi, oradakı uşağın peşmançılığını unutmadım deyə, başqalarına qarşı məsuliyyətli olmağı öyrəndim və s. Əgər uşaqlıqda oxuduğum o mətnlər məndə dərin iz buraxmasaydı, başqa cür adam olardım, bugünkü mən olmazdım. Uşaq oxuduğu mətndən təsirlənməsə, söz yığınından başqa şey deyil. Heyif itirdiyi zamana! Hətta gülüb ələ salacaq. Ədəbiyyat ona maraqsız, axmaq şey kimi görünəcək. Və təbii ki, oxuduğunun onun insan kimi yetişməyində də heç bir rolu olmayacaq. Bu mənada dərsliklərdəki ədəbi nümunələrdən zövq, səviyyə tələb edənlər yerdən göyə kimi haqlıdırlar. Uşaqların ruhuna və düşüncəsinə də təsir etmək lazımdır. Məsələ təkcə qrammatik normaları əzbərlətməkdən ibarət olmamalıdır”.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
42
sherg.az

1Источники